"O, əvvəlcədən Azərbaycana qayıtmaqdan imtina etmişdi..." - Azərbaycanlı girov haqqında

05/02/2019 - 19:56 1 612 0   0  

2017-ci il fevralın 1-də Ermənistan hərbçiləri tərəfindən işğal edilmiş Dağlıq Qarabağ ərazisində saxlanılmış və separatçı rejimin qeyri-qanuni məhkəməsi tərəfindən “azadlıqdan məhrum edilmiş” Azərbaycan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü Hüseynzadə Elnur Elman oğlu saxlanıldığı Şuşa şəhərindən fevralın 2-də Ermənistan Respublikasına aparılıb.

Bu barədə jurnalistlərə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.

Məlumatda bu barədə aidiyyəti beynəlxalq təşkilatlardan məlumat daxil olduğu vurğulanıb.

Saxlanıldığı vaxtdan etibarən E.Hüseynzadənin azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılıb və hazırda bu istiqamətdə zəruri işlər aparılır.

Ermənistan KİV-lərinin xəbərinə görə, Elnur Hüseynzadə iki il həbsdə olduqdan sonra azadlığa çıxıb.

Qarabağ separatçılarının nümayəndəsi David Babayanın sözlərinə görə, Hüseynzadə Azərbaycana qayıtmaq istəməyib.

“O, əvvəlcədən Azərbaycana qayıtmaqdan imtina etmişdi. Belə hallarda beynəlxalq təcrübədə qəbul olunduğu kimi, o, üçüncü ölkəyə yollanacaq”, - Babayan erməni jurnalistlərə deyib.