“Nərimanovun abidəsi yerində qalacaq” - Gürcüstanlı deputat

05/02/2019 - 16:41 703 0   0  

Bir neçə gün öncə Gürcüstanın Marneuli rayonunda Azərbaycanın görkəmli dövlət xadimi və ədibi Nəriman Nərimanovun adının yaşadılması tələbi ilə aksiya keçirilib

Marneuli Mədəniyyət evinin qarşısındakı tədbirdə fəal gənclər, ziyalılar və ictimaiyyət nümayəndələri Nərimanovun büstünün olduğu parka Merab Kostavanın adının verilməsinə etiraz ediblər.
Hətta növbəti aksiyanın keçiriləcəyi anonsu verilib. Amma hələ ki keçirilməyib.
Son günlər Gürcüstanda Azərbaycanla bağlı nələr baş verir?
Gürcü xalqı bu məsələlərə necə reaksiya verir?
Hakim “Gürcü arzusu” partiyasında təmsil olunan azərbaycanlı deputat Ruslan Hacıyev Modern.az-a açıqlamasında məsələyə belə aydınlıq gətirib.
“Nərimanovun abidəsi yerində qalır, var və olacaq. O mövzuda Gürcüstan parlamentində heç bir müzakirə aparılmayıb. Gürcü və Azərbaycan xalqı hər zaman dost, qardaş olublar və bu, gələcəkdə də belə olacaq. Hər hansı bir provokasiya, yaxud da fitnə-fəsad yönümlü mövzular təsdiqini tapmır və tapmayacaq. Bunu tam əminliklə söyləyirəm.
İki xalq arasında düşmənçilik edənlər hər zaman olub. Bizə isə bu münasibətləri qoruyub saxlamaq qalır”.
Deputat ikinci aksiyanın keçirilməməsinə də toxunub:
“Aksiyalarla bağlı onu deyə bilərəm ki, təşkilatçılar tərəfindən verilən açıqlamada göstərilir ki, meriyadan icazə alınmayıb. Məhz buna görə də aksiyanın keçirilməsi təxirə salınıb. Əlbəttə, yaxşı olardı ki, aksiyanın keçirilməsini elan etməzdən öncə rəsmi qurumlardan razılıq alınsın və sonra elan edilsin. Düşünürəm ki, məsələyə bir az da məsuliyyətli yanaşmaq lazımdır”.