Novruz Məmmədovun sədrliyi ilə iclas keçirildi

19/12/2018 - 16:18 7 015 0   1  

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Baş nazir, ARDNF-nin Müşahidə Şurasının Sədri Novruz Məmmədovun sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub.
Müşahidə Şurası tərəfindən Azərbaycan Respublikası Hesablama Palatasının rəyi nəzərə alınmaqla ARDNF-nin 2019-cu il üçün büdcə layihəsinə, o cümlədən ARDNF-nin idarə edilməsi ilə bağlı xərclərə dair ARDNF-nin İcraçı direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, ARDNF-nin 2019-cu il büdcəsinin gəlirlərinin 15 450,1 mln manat, xərclərinin 11 595,2 mln manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 mln manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.
Müvafiq olaraq ARDNF-nin büdcə layihəsi, o cümlədən fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib. ARDNF-nin 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.
İclasda eyni zamanda "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar" ında təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsinin gəlirləri 11 559 956,2 min manat, xərcləri isə 9 730 221,8 min manat olub.