Norveç səfirliyi niyə bağlandı? - Sahib Məmmədov detalları açıqladı

13/11/2018 - 22:52 1 966 0   0  

Bir ölkənin digər ölkədə səfirliyinin bağlanmasının səbəbləri çoxdur. Onların içərisində ən sərti diplomatik əlaqələrin kəsilməsidir. Səfirliyin bağlanması isə əsasən maliyyə səbəbləri ilə bağlı olur və ya ölkənin iqtisadi və siyasi əməkdaşlığı o qədər də əhəmiyyət kəsb edici olmur. Norveçin ölkəmizdəki səfirliyini bağlaması ilə bağlı xəbəri keçmiş səfirin bu barədə yazısından bir dəqiqə sonra ilk yayan mən oldum. Sonra məlumat başqa mənbələrdən də yayılmağa başladı və hər bir cür münasibət bildirdi. Əksəriyyət isə yumşaq desək diplomatik əlaqələrin tənzimlənməsi ilə bağlı norma və ənənələrdən o qədər də məlumatlı deyil.

Teleqraf.com xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, diplomatik əlaqələrin kəsilməsi, adətən, müharibə şəraitində və ya ona yaxın halda baş verir. Sahib Məmmədov qeyd edib ki, bir ölkənin digər ölkədə səfirlik açması həm də həmin ölkəni de-fakto tanıması deməkdir: “Ölkələr var ki, bir-birini de-yure tanıyır, amma diplomatik nümayəndəlik açmır. Və ya bir dövlət səfirlik açır, amma o biri dövlət yox. Məsələn, bizim Norveçdə heç vaxt səfirliyimiz olmayıb, amma Norveçin Azərbaycanda səfirliyi bu ilin sonuna qədər olacaq. İsraildə səfirliyimiz yoxdur, amma İsrailin Bakıda səfirliyi var. Əslində bəzən səfirlik olmadan da dövlətlər arasında yaxşı əlaqələr olur. Bizim ölkənin Avropa

İttifaqı üzvü olmayan Norveçə marağı o qədər də olmayıb. Amma onların bizə marağı vardı. Norveçin dövlət neft şirkəti Əsrin müqaviləsində iştirak edirdi. Ona görə onlar üçün Bakıda səfirliyi olması vacib idi. Bizim üçün isə Osloda səfirliyin olması əhəmiyyətli deyildi”.

Hüquq müdafiəçisi onu da vurğulayıb ki, Azərbaycanın İsveç Krallığındakı səfirliyi həm də Norveçdə və Finlandiyada akkreditasiya olunmuşdu: “Azərbaycanda olan Norveç səfirliyi isə həm də Gürcüstanda akkreditasiya olunmuşdu. Halbuki, Gürcüstanın Osloda səfirliyi var idi. Beləliklə, Norveç Azərbaycanla diplomatik əlaqələrini əvvəlki kimi saxlamaqla səfirliyini Gürcüstana köçürür. Ola bilsin gələcəkdə Gürcüstandakı səfirlik Ermənistanda da akkreditasiyadan keçsin. Bakıda olanda bu mümkün deyildi. Odur ki, Yerevanla əlaqə Moskvadakı səfirlikdən həyata keçirilirdi. Bundan sonra Türkiyədəki Norveç səfirliyi Azərbaycanda akkreditasiya olunacaq. Diplomatik əlaqələr davam edir”.

Dünən Azərbaycanın İsveç Krallığında, eyni zamanda Norveç Krallığında və Finlandiyadakı səfirinin geri çağırılmasına gəlincə, Sahib Məmmədov hesab edir ki, səfirin geri çağırılması səfirliyin bağlanması anlamını vermir: “Məsələn, ABŞ bütün ölkələrdəki səfirlərini 3 ildən sonra geri çağırır və yenisini təyin edir. Bizdə konkret müddət olmasa da səfirlər vaxtaşırı geri çağırılır. Səfirliyin yerləşdiyi bina hansı ölkədirsə o ölkə qəbul edən ölkədir. Əgər bir səfirlik digər ölkələri də əhatə edirsə onda həmin ölkələrdə akkreditasiyadan keçir.

Səfir təyinatından əvvəl səfiri təyin edən ölkə əvvəlcə səfirliyin olduğu və akkreditasiyadan keçdiyi ölkələrə aqreman göndərir.

Səfir həmin ölkəyə getdikdən sonra isə etimadnamə təqdim edir. Çox həyəcanlanmağa ehtiyac yoxdur. Sadəcə Norveçə gedəndə Şengen vizası üçün olsa belə Türkiyəyə getmək lazım gələcək. Amma bəlkə də olmadı. Çünki Norveç indiyədək həm də Danimarka üçün viza verirdi. Ola bilsin Aİ üzvü olan ölkələrdən birinə bu hüquq verildi. Norveç isə Bakıda fəxri konsulluq açmaq niyyətindədir”.