"Nizamlanma prosesi irəliyə doğru gedə bilər" - Moqerini Qarabağdan danışdı

04/04/2019 - 16:22 3 607 0   0  

Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı Vyana görüşünün nəticələri Dağlıq Qarabağ münaqişəsinin niznamlanması istiqamətində irəliləyişin əldə olunmasına ümid verir.
Azvision.az “TASS”a istinadən xəbər verir ki, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Brüsseldə baş tutan Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasının yekunlarına dair Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında bu cür bəyanatla çıxış edib. 
“Ermənistan və Azərbaycan liderlərinin Vyanadakı son görüşü pozitiv olub. Yanvarda əldə olunan Paris razılaşması və atəşkəsin pozulma hallarının əhəmiyyətli dərəcədə azalması ilə yanaşı, yüksək səviyyədə keçirilən bu görüş bizə ümid verir ki, nizamlanma prosesi irəliyə doğru gedə bilər və hər iki tərəf öhdəliklərə sadiq qalaraq danışıqları ilkin şərtsiz davam etdirəcəklər” – Moqerini vurğulayıb. 
Onu da əlavə edib ki, Qarabağ münaqişəsində əldə olunacaq davamlı sülhdən təkcə Azərbaycan və Ermənistan vətəndaşları deyil, həm də onların hüdudlarından kənarda yaşayan hər kəs faydalanacaq: “Davamlı sülh bütün regionun öz potensialını realizə etməsinə şərait yaradacaq”.