“NİKOL PAŞİNYAN SATQINDIR…” – “Liftdə əldə olunan razılaşmalar ondan xəbər verir ki…”

18/12/2018 - 18:40 2 134 0   0  

Ermənistanın hazırkı rəhbərliyinə müxalif mövqe tutan, adı bir qədər qəribə görünsə də, kifayət qədər ciddi siyasi yükə malik olan “Ərik ölkəsi” Partiyasının lideri Zarui Postancyan Nikol Paşinyanın ünvanına ağır ittihamlar səsləndirib.

“AzPolitika” xəbər verir ki, xanım siyasətçi Ermənistanın yeni baş nazirini Qarabağ danışıqlarında xəyanətkar mövqe tutmaqda ittham edərək, “Nikol Paşinyan satqındır” deyib.

Maraqlıdır ki, Z.Postancyan Paşinyanı bir müddət əvvəl inqilabla hakimiyyətdən devirdiyi Serj Sarkisyanın xəyanət planının davamçısı adlandırıb. O bildirib ki, N.Paşinyan vaxtilə S.Sarkisyanı satqın adlandırsa da, hazırda özü gizli şəkildə Qarabağ məsələsində xəyanətə əsaslanan siyasi mövqe nümayiş etdirir: “İnqilabi hərəkat adlandırılan hadisələr Qarabağ məsələsənin torpaqların təhvil verilməsi yolu ilə həlli və 7 milyardlıq xarici borcun mövcud olduğu ağır iqtisadi şərait fonunda baş verdi. Bu, xəyanət xəttinin davamını təmin etmək məqsədilə hakimiyyət dəyişikliyi zərurəti yaratdı…”

Göründüyü kimi, həm S.Sarkisyan, həm də N.Paşinyan hakimiyyətlərinə müxalif mövqedə duran partiya sədri Ermənistanın hazırkı rəhbərliyini Qarabağ danışıqlarında xəyanət xətti tutmaqda günahlandıran ilk şəxslərdəndir. Belə ki, Paşinyan indiyə qədər, əksinə, Qarabağ münaqişəsinin həllində olduqca sərt mövqeyilə seçilirdi. Hətta ilk vaxtlarda S.Sarkisyan hökumətini xəyanətdə günahlandıran erməni inqilabının lideri qondarma Dağlıq Qarabağ rejiminin danışıqlarda tərəf kimi iştirakının zəruriliyindən danışırdı. Görünür, tez-tez Azərbaycanın ünvanına hədələr səsləndirən və bəzən hətta sərsəm bəyanatlar verməkdən də çəkinməyən N.Paşinyanın getdikcə yumşaq mövqe göstərməyə başlaması erməni siyasətçilərin nəzərindən qaçmayıb.

pashinyan

Xatırladaq ki, ilk olaraq, Qarabağ münaqişəsinin həlli məsələsində olduqca aqressiv mövqe sərgiləyən Paşinyan seçkilərin nəticələri elan olunandan və baş nazirliyinə heç bir maneə qalmadıqdan sonra paylaşdığı tvitlərin birində xeyli mülayim mövqedən çıxış edərək, belə deyirdi: “Biz regionda sülhün və təhlükəsizliyin təminatı naminə sülh prosesini davam etdirəcəyik. Problemin həlli bütün tərəflərin səy göstərməsini tələb edir”.

Bu günlərdə Belarus prezidenti Aleksandr Lukaşenkonun Paşinyanın Vladimir Putindən necə çəkindiyinə və Azərbaycana silah satışı məsələsində Rusiyaya irad bildirməyə cəsarət etmədiyinə dair fikirlərinin də erməni cəmiyyətinin yeni baş nazirə münasibətinə xeyli təsir etdiyi göz önündədir. Görünür, elə Z.Postancyanın son açıqlamaları da ermənilərin Paşinyanla bağlı gözləntilərinin özünü doğrultmamasının göstəricisidir.

Bu arada erməni mətbuatında V.Putinin Paşinyana münasibətini əks etdirən daha bir məsələ geniş şəkildə müzakirə olunmağa başlayıb. Söhbət Rusiya prezidentinin Paşinyanı seçkidəki qələbəsi münasibətilə təbrik etməməsindən gedir. Ermənilərin böyük qismi bunu yeni baş nazirin zəifliyi və siyasi avtoritet kimi formalaşmaması ilə əlaqələndirirlər.
Müxalif siyasi partiya liderinin açıqlamalarındakı daha bir maraqlı məqam isə sentyabrın sonunda MDB ölkələri başçılarının Düşənbədə keçirilən iclasında Azərbaycan prezidenti İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutan görüşlə bağlıdır. Xatırladaq ki, həmin iclasa aid videogörüntülərdə İ.Əliyevlə N.Paşinyanın liftdən bir yerdə düşdüklərinə dair kadrlar yer almışdı. O vaxt sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olan bu kadrlarla bağlı artıq Ermənistanda ciddi şübhələr formalaşıb. Belə ki, Z.Postancyan bu görüşə eyham vuraraq, Paşinyanın Azərbaycan prezidentinə müəyyən vədlər verdiyini iddia edib: “Bugün Paşinyan deyir ki, Qarabağın adından danışıqlar aparmayacaq. Ancaq Düşənbədə liftdə əldə olunan müəyyən razılaşmalar ondan xəbər verir ki, artıq belə danışıqlar aparılır…”

pasinyan eliyev

Çıxışının sonunda isə müxalif siyasətçi N.Paşinyanı Azərbaycan ordusunun canlı qüvvəsinin və hərbi texnikasının Tavuş bölgəsində toplaşmasına və ordumuzun Naxçıvan istiqamətindəki hərəkətliliyinə ya ümumiyyətlə reaksiya verməməkdə, ya da qeyri-adekvat reaksiya göstərməkdə günahlandırıb.

İstənilən halda, Azərbaycana güzəştə getməkdən başqa çıxış yolu olmadığını anlayan erməni siyasətçilərin Qarabağ münaqişəsini ölkədaxili siyasi mübarizədə alət kimi istifadə etmələri ilk hal deyil. Bildiyimiz kimi, münaqişənin dalğası üzərində Ermənistanda bir neçə dəfə hakimiyyət dəyişikliyi baş verib. Ancaq görünür, Paşinyanın daha çox “xalqın adamı” kimi siyasi meydana çıxması və hələ ki, yüksək reytinqə malik olması Ermənistandakı ənənəvi siyasi qüvvələri daha çox qıcıqlandırır. Bunun nəticəsidir ki, təkcə özünün yox, həm də ümumilikdə Paşinyanın hakimiyyətə gəlişindən narazı qalan bütün siyasi qüvvələrin sözünü deyən Z.Postancyan yeni hökumətin də Qarabağ danışıqlarında güzəştə getməkdən başqa yolunun olmadığına eyham vurub.