“Nədən camaat sizin informasiya siyasətinizə deyil, sosial şəbəkələrə inanır?” – NATİQ CƏFƏRLİ

23/06/2020 - 10:54 4 746 0   0  

“Hansı saytı, TV-nı, radionu açırsan virusun yayılmasında məmurlar israrla vətəndaşı, milləti günahkar çıxarırlar, “camaat virusa inanmır, sosial məsafə gözləmir, maska taxmır”, deyirlər. Biçarələr elə bilirlər ki, bu ritorika ilə hökumətə kömək olurlar, əslində isə xalqın hökumətə, rəsmi məlumatlara, atılan addımlara inanmadığını etiraf edirlər”. Bunu REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli deyib.

“Yaxşı, bəs bu səhvə görə kim üzr istədi, kim istefa verdi?!”

“Hələ düşünmədən deyirlər ki, sosial şəbəkələr insanların virusa inanmamağında vacib rol oynayırlar. A balam, 15 TV-niz, 20 radionuz, 150 saytınız var. Eyni zamanda pulunuz, polisiniz, dəyənəyiniz var. Bəs nədən (əgər siz deyən kimidirsə) camaat sizin informasiya siyasətinizə deyil də, sosial şəbəkələrə inanırlar?! Bu, sizə heç nə demirmi?! Camaat necə sizə inansın ki, virusla bağlı məlumatı cəmiyyətə 15 ildi “Almaniya dağılır” deyimi ilə yadda qalan bir şəxs verir?! Necə güvənsin ki, bu ayın əvvəlində şənbə-bazar, bazar-birinci gün analoqu olmayan sərt karantin rejimi qəbul edəndə dediniz ki, yoluxma azalacaq, amma indi məlum olur ki, yoluxma tam əksinə 400-ün üzərinə dırmandı?! Yaxşı, bəs bu səhvə görə kim üzr istədi, kim istefa verdi?!”,-deyə Cəfərli sual edir.

N.Cəfərli vurğulayıb ki, ictimayətlə işləyə bilmirsiz: “Ona görə də camaat TƏBİB-ə deyil də, HƏBİB-ə, Müntezir Hebib ə inanır..”

Cəfərli sonda müraciət edib: “Millət, hökuməti boş verin, lütfən, özünüzü və yaxınlarınızı qoruyun, qapalı məkanlarda mütləq maska taxın, fiziki məsafəni gözləyin, əl ilə görüşməyin, görüşəndə öpüşməyin, əllərinizi tez-tez yuyun, dezinfeksiya edin! Lütfən!”