Nazir və icra başçısı Lahıc üçün “tükünü tərpətmir” - Detallar/Video

29/11/2018 - 20:58 2 443 0   0  

İsmayıllının icra başçısı Mirdaməd Sadıqov əslən lahıclıdır.

Amma nədənsə İH başçısı doğma kəndinin müasir avadanlıqlarla təchiz olunan xəstəxanasına görə hərəkətlənmir.

Xəstəxananın cəmi bir həkimi var - Sədrəddin İsgəndərov. O da 81 yaşındadır. O, həm mama-ginekoloqdur, həm travmotoloq, həm mədə-bağırsaq həkimi, həm pediatr...

Səhiyyə Nazirliyinin mətbuat xidməti belə izah edir ki, gənc həkimlər gedib işləmək istəmirlər. Amma nazirlik etiraf etmir ki, səbəbi maaş azlığıdır. Normal məvacib təklif olunsa, həkimlər işləməyə gedərlər.

İsmayıllıdan olan gənc kadrlar indi özəl klinikalarda, xəstəxanalarda daha yaxşı məvacibə işləyirlər. Ona görə Lahıcdakı xəstəxana 81 yaşlı həkimin ümidinə qalıb.

Xəstəxana binası müasir formada təmir edilib, zəruri avadanlıqlarla təchiz olunub.Tibb ocağının təcili tibbi yardım maşını belə var. Lakin bu şəraiti olan xəstəxanada cəmi bir həkim işləyir.

1968-ci ildən bəri Lahıc qəsəbəsi ilə yanaşı 15-dən çox kəndin sakinləri bu xəstəxanaya müraciət edir. Amma nazir Oqtay Şirəliyev və İH başçısı Mirdaməd Sadıqov Lahıcı Allahın ümidinə buraxıb, heç maraqlanmırlar.

Ən azından İH nazirliklə birgə təşəbbüs qaldıra, addımlar ata bilərdi, gənclərin xəstəxanaya cəlb olunması istiqamətində təkliflər irəli sürərdi, onları razı salmağa çalışardılar. Çünki 81 yaşlı həkim olmayandan sonra Lahıc camaatına kim tibb xidməti göstərəcək?

Prezident şərait yaradıb, müasir xəstəxana təhvil verilib. Lakin ona məlumat verilməyib ki, burada işçi yoxdur. Nazirlik də, İH də ölkə rəhbərliyindən məsələni gizlədir.

Əksinə, M.Sadıqov məsələ qaldıra bilərdi, İsmayıllının deputatları parlamentdə problemi qabarda bilərdi, nazirlik vakansiya elan edərdi, ola bilməz ki, 5 həkim işləmək istəməsin.

Necə ki, ucqar kəndlərdə işləməyə gedən müəllimə verilən əmək haqqı şəhərdən daha çox olur, eləcə də Lahıcda işləməli olan həkimə yaxşı maaş təklif olunmalıdır.

Amma həmin video süjet “Xəzər” telekanalında yayımlansa da, İsmayıllı İH-dən səs çıxmadı, nazirlik isə günahı həkimlərdə görüb, məsuliyyəti üzərindən atdı.

Ümumiyyətlə, İsmayıllı səhiyyəsinin günü reanimasiya şöbəsinə oxşayır. Rayon xəstəxanası rüşvət yuvasıdır.

Bir müddət əvvəl mətbuat yazırdı ki, dövlət tərəfindən ayrılmış dərman və sair preparatlar birbaşa apteklərə yönləndirilir.

Dövlət xəstəxanası olsa da, burda açıqca alver gedir, müəssisə bir qrup müftəxor tərəfindən bazar qaydaları ilə idarə olunur. İsmayıllı xəstəxanasına dövlət tərəfindən ayrılmış dərmanlar mənimsənilir, çox hissəsi gəlib rayona çatmır.

Rayona gələn dərmanlar apteklərdə satdırılır. Şəkərli diabet xəstələri üçün ayrılmış dərmanlar tam şəkildə sahiblərinə çatdırılmayaraq apteklərə verilir.

Onkoloji xəstələr burada çox incidilir. Xəstəxananın ərzağı evlərə daşınır. Bütün baş verənlər haqqında dəfələrlə dövrü mətbuatda yazılar dərc edilib.

Kimi burada pulsuz əməliyyat edirlər? Doğum şöbəsində baş verən özbaşınalıqlar haqqında nə əcəb xəstəxana rəhbərliyi məlumatlı deyil?

Bütün baş verənləri yaxşı bilirlər. Hər gün şöbə müdirləri rəhbərliyə haqq verirlər. Hər bir doğuma görə, hər bir cərrahi əməliyyata görə baş həkim və sairlərinin haqqı var. Tərəflərin mövqeyini dərc edə bilərik.  //cahan.info