Narkoloji Mərkəzdəki yanğınla bağlı Səhiyyə Nazirliyinə sorğu göndəriləcək

11/01/2019 - 18:42 2 146 0   0  

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Ceyhun Orucov ifadə verib.

Hadisədən əvvəl Mərkəzdə narkotikdən müalicə aldığını deyən zərərçəkmiş bildirib ki, 15-ci palatada yatıb: “Həkimim Fuad Dadaşov idi. Təqsirləndirilən şəxslərdən Məmmədi və Afət xanımı tanıyıram. Hadisə günü səhər saat 6-yə işləmiş yuxudan oyanıb tualetə getdim. Qayıdanda çöldən yanğın səsi eşitdim. Çöldə mühafizəçi ilə tanımadığım bir xəstə var idi. Butulkadakı su ilə yanğını söndürməyə getdim, lakin çox tüstü var idi. Tez mənimlə eyni palatada yatan Fəridi oyatdım, sonra 18-ci otaqda olan bir xəstəni nə qədər elədimsə, qalxmadı. Digər xəstələrə də yardım etmək mümkün olmadı”.

C.Orucov qeyd edib ki, hadisədən sonra yanğının qısaqapanmadan baş verdiyini eşidib.

Hakim zərərçəkmişin ifadələri arasında ziddiyyətlər olduğunu bildirib.

Məhkəmədə C.Orucovun ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Deyib ki, yanğının 14-cü palatada başladığını görüb, hər yer tüstü olub və otaq yoldaşı Fərid adlı şəxsi yuxudan oyadıb: “Sonra öyrəndim ki, Məhəmməd Məmmədov Mərkəzə qanunsuz daxil edilib, eşitdiyimə görə, Afət xanım da onun qohumlarından qanunsuz olaraq pul alıb”.

Zərərçəkmiş belə bir ifadə vermədiyini söyləyib.

Daha sonra təqsirləndirilən M.Abdullayevin vəkili Elnur Salmanov vəsatət qaldırıb. O, Mərkəzdə işlərin gedişinə, təhlükəsizlik qaydasına və həmin Mərkəzin xidmətə yararlığına Səhiyyə Nazirliyində nəzarət edən vəzifəli şəxsin dindirilməsinin zəruri olduğunu deyib: “Bu səbəbdən həmin şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinə sorğu göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm”.

Vəsatət təmin edilib.

Məhkəmənin növbəti iclası yanvarın 15-nə təyin olunub.

Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.