Ən çox maaş almış adam – Buş, ən az alan – “Apple”nin sahibi - Henri Fordun hiyləgər addımı

26/01/2019 - 13:54 3 103 0   0  

Maaş işləyən insanın əməyinə verilən pul vəsaitidir. Bir az da dəqiq desək, insanın halal zəhmətinin haqqıdır. Bütün dövrlərdə hər bir işləyən kəs maaşının qalxmasını, daha yüksək olmasını arzulayıb. Bununla bağlı zaman-zaman ayrı-ayrı ölkələrdə fərqli tədbirlər həyata keçirilib, etiraz mitinqlərindən tutmuş, qarşılıqlı anlaşma sövdələşmələrinə qədər...

İnsan əməyi mövcud olan gündən onun əməyinə verilən haqqla, maaşla bağlı kifayət qədər maraqlı faktlar var...

Dünyada dövlət başçıları arasında ən yüksək maaşı Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti Corc Buş alıb. Onun aylıq maaşı 33 min dollar olub.

Image result for corc Buş

Dünyada ən az maaşı Birləşmiş Millətlər Təşkilatının xoşməramlı səfirləri alır. Onların illik maaşı cəmisi 1 dollardır.
Ayrı-ayrı ölkələrdə işçilərin maaşlarının artırılması ilə bağlı tələbləri fərqli qarşılanır. Amerikalı məşhur ixtiraçı və sahibkar Tomas Edison isə öz işçilərinin belə tələbinə tamam fərqli yanaşıb. Belə ki, sahibkarın tabeliyində olan işçilər maaşlarının artırılması üçün təkidli müraciətlər edəndə Tomas Edison elə bir ixtiraya imza atıb ki, həmin işçilərin əməyinə ehtiyac qalmayıb.

Image result for suvorov

Generalissimus Suvorov, adətən, öz maaşını gümüş sikkələrlə dəyişib. Sərkərdə döyüşdən sonra həmin sikkələri fərqlənən döyüşçülərə hədiyyə edib.

“Apple” kimi nəhəng bir şirkətin sahibi ildə cəmisi vur-tut 1 dollar maaş alır. Onun təvazökarlığını və maaşının bu qədər az olmasını nəzərə alan şirkətin direktorlar şurası şirkətin sahibinə hər il 70 milyon dollar mükafat yazır.

Image result for honkonq avtobus

Maaşların qaldırılması ilə bağlı qeyri-adi hadisələrdən biri Honkonqda baş verib. Avtobus sürücüləri maaşlarının qaldırılması ilə bağlı tələb irəli sürüblər. Tələblərinin yerinə yetirilmədiyi halda onlar bəyan ediblər ki, avtobusu sürərkən bütün yol hərəkəti qaydalarına riayət edəcəklər. Yerli hakimiyyət orqanları sürücülərin tələbini dərhal yerinə yetiriblər. Nəzərə alınıb ki, avtobus sürücüləri yol hərəkəti qaydalarına riayət etsələr, sürət həddini aşmasalar, küçələrdə dəhşətli tıxaclar yaranacaq.

İtalyanlar öz maaşları ilə bağlı problemin həllinə daha asan nail olublar. Ayaqqabı fabrikinin işçiləri nə nümayişə çıxıblar, nə də tətil etmək qərarına gəliblər. Hətta onlar ayaqqabıları əvvəlkindən də keyfiyyətli tikiblər. Ancaq ayaqqabıların yalnız bir tayını. Çıxış yolu tapmayan rəhbərlik işçilərin maaşını qaldırıb.

Almanlar isə maaşlarının azlığından şikayətlənmirlər. Bu ölkədə 1 kiloqram çörək almaq üçün 10 dəqiqə, 1 litr benzin almaq üçün 3 dəqiqə, soyuducu əldə etmək üçün 30 saat, televizora sahib olmaq üçün 83 saat işləmək yetərlidir.

Image result for henri ford

Məşhur sahibkar Henri Fordun maaşların artırılması ilə bağlı atdığı addım uzun illər işçilərinin yaddaşında qalıb. “Ford” avtomobil zavodunun sahibi Henri Ford fəaliyyətlərinin 11-ci ilində gözlənilmədən bütün işçilərin maaşını ikiqat artırıb. Daha çox vəsait əldə edən işçilər isə öz pulları ilə özlərinə “Ford” avtomobili alıblar. Düşünülmüş və hiyləgər addımdır.

Amerikalılar öz maaşları haqqında kiməsə məlumat verməyi xoşlamırlar. Onlar hər şey haqqında, hətta öz şəxsi intim həyatları haqqında belə danışa bilərlər. Ancaq nə qədər maaş aldıqlarını sirr kimi saxlayırlar.

Bir çox Avropa ölkələrində tanınmış şirkətlərin ofislərində üzərində aşağıdakı sözlər yazılmış plakatlar vurulur: “Unutmayın ki, sizin maaşınızı sizin müştərilər verir!”. Yəni maaşın yüksək olması üçün gördüyün iş keyfiyyətli, göstərdiyin xidmət yüksək olmalıdır...

Musavat.com