“MƏXMƏRİ İNQİLAB QARABAĞDA QƏLƏBƏDƏN MÜHÜMDÜR…” – Paşinyanın adamı

27/11/2018 - 16:23 682 0   0  

Ermənistanda “Yelk” fraksiyasından deputat, dekabrın 9-na təyin edilmiş növbədənkənar seçkilərdə Nikol Paşinyanın “Mənim addımım” blokunun proporsional siyahısında yer alan Sasun Mikaelyanın bəyanatı Yerevanda və Qarabağda əsl siyasi fırtına yaradıb.
Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Sasun Mikaelyan Talin şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı bu ilin yazında Ermənistanda Paşinyanın hakimiyyətə gəlişi ilə nəticələnən məxməri inqilabı Qarabağ müharibəsindəki “qələbə” ilə müqayisə edib. Bildirib ki, məxməri inqilab Qarabağ müharibəsindəki qələbədən daha mühüm hadisədir.
Dərhal sosial şəbəkələrdə və ekspert çevrələrində, habelə Paşinyana müxalif qüvvələrin sıralarında Sasun Mikaelyanın bu bəyanatına qarşı şiddətli hücumlar başlayıb. O cümlədən Dağlıq Qarabağdakı qondarma rejimin nümayəndələri və keçmiş səhra komandirləri Mikaelyanı şiddətli tənqidə məruz qoyublar. Bu tənqidlər Paşinyandan da yan keçməyib. Çünki Mikaelyan həmin bəyanatı onun da iştirak etdiyi mitinqdə verib. Sasun Mikaelyan özü də Qarabağ müharibəsinin iştirakçısıdır və keçmiş səhra komandiridir.
Qarabağın işğalında rolu olanlardan biri, general Vitali Balasanyan deyib ki, Ermənistanda baş vermiş məxməri inqilab “arxax milli azadlıq hərəkatı” ilə müqayisə oluna bilməz. Onun sözlərinə görə, bu cür müqayisə aparanların dövlət quruculuğu prosesində iştirakı mümkün deyil. “Kədərlidir ki, belə bəyanatı ali baş komandanın hüzurunda verirlər. Özünüzə gəlin, uşaqlar”- Balasanyan bildirib.
Qondarma “dqr müdafiə nazirliyi” də Mikaelyanın bəyanatına hiddətlə qarşı çıxıb. Digər qarabağlı general, qondarma rejimin rəhbərinin səlahiyyətli nümayəndəsi Arşavir Qaramyan Sasun Mikaelyanın adını və familiyasını kiçik hərflərlə yazaraq bildirib ki, o erməni xalqının Qarabağ uğrunda tökülən qanlarına hörmətsizlik edib. “Bütün silah yoldaşlarıma müraciət edirəm-sasun mikaelyanı öz şüurunuzda silib zibilliyə atın”-o bildirib.
Tənqidlərə və hücumlara cavab olaraq Paşinyan Mikaelyanı müdafiə edib. “Mən Sasun Mikaelyanın bəyanatı ilə bağlı bəzilərinin bu qədər həyəcanlanmasının səbəbini başa düşmürəm” – Paşinyan deyib.
Baş nazir qeyd edib ki, Mikaelyan həmin bəyanatının o qədər də korrekt olmadığını başa düşüb və daha sonra düzəliş edib, bildirib ki, aprel inqilabı məhz Qarabağ hərəkatı kontekstində çox mühüm hadisədir.
“Mən bir neçə müşavirələri yada salıram. Hansı ki, orada əsgərlərin paltarları və yeməyi hesabına heç kimin varlanmasına imkan verməyəcəyimi demişəm. Mən illər boyu ordunun talan edilməsində iştirak edən və ya bunu kənardan izləyib susan bəzi adamların bəyanatlarından çox təəcüblənirəm. Bu gün onlar yanlış qurulmuş cümlənin hesabına siyasi xal qazanmaq istəyirlər. Mən buna imkan verməyəcəyəm” - Paşinyan bildirib. Əlavə edib ki, son 20 ildə ordunun talanmasında iştirak edənlərin hamısı məsuliyyətə cəlb ediləcəklər.