Müşfiqin bəxtsiz bəxti, büstü, qalıqları... - DNT analizinin cavabı niyə ortaya çıxarılmır?

04/10/2019 - 12:05 9 515 0   0  

Ötən gün sosial şəbəkələrdə böyük Azərbaycan şairi Mikayıl Müşfiqin Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən büstünün ekskavatorla dağıdılması ilə bağlı video görüntülər yayılmışdı. Həmin görüntülər anındaca sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb oldu, bir neçə tanınmış ictimaiyyət nümayəndələri də məsələyə öz etirazlarını bildirdilər.

Müzakirələrin daha da genişləndiyi ərəfədə Qaradağ Rayon İcra Hakimiyyətindən məsələyə münasibət bildirildi. Rerpot.az saytına verilən açıqlamaya görə Mikayıl Müşfiqin abidəsi yenisi ilə əvəzlənib:

“Yararsız abidə hörmətli şairimizin adına layiq deyildi. Ona görə də həmin abidə götürülüb, mərmərdən abidə qoyulub, ətrafı da abadlaşdırılıb”.

Qurumdan abidənin ekskavatorla aşırdılmasına da münasibət bildirib:

“Abidənin içi boş olduğundan başqa cür götürmək mümkün deyildi, dağılacaqdı. Həmin abidəni başqa yerə aparmaq da mümkün deyildi”.

Xatırladaq ki, iki il öncə də şairin büstünün yerindən götürülməsi ilə bağlı ciddi rezonans doğuracaq qalmaqal baş vermişdi. Məsələyə ölkə rəhbərliyi tərəfindən reaksiya verilmişdi Belə ki, prezident İlham Əliyev məsələnin hərtərəfli araşdırılması və günahkarların cəzalandırılması ilə bağlı aidiyyəti orqanlara tapşırıq vermişdi. Nəticədə bir nəfər işdən çıxarılmış, 2 nəfər isə cəzalandırılmışdı.

Hər iki olay daha bir məsələni, Azərbaycan sovet romantik poeziyasının əsasını qoyanlardan biri olan şair Mikayıl Müşfiqin qalıqlarının tapılması məsələsini yenidən gündəmə gətirmiş oldu.

Qeyd edək ki, bir il bundan əvvəl, yəni ötən ilin oktyabrında şairin qalıqlarının Qaradağ rayonunun Puta qəsəbəsində aşkar olunması ilə bağlı məlumat yayılmışdı. Belə ki, Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarının axtarışını apararkən nakam şair Mikayıl Müşfiqin, Azərbaycanın rəhbəri olmuş MircəfərBağırovun gizli dəfn olunduğu məzarların yerini də öyrənib.

Onun bu haqda açıqlaması mətbuatda ildırım sürəti ilə yayıldı. Bu xəbərlərdən sonra ölkə rəhbərliyi məsələyə reaksiya verdi. Mikayıl Müşfiqin qalıqlarının aşkar olunması ilə bağlı məsələnin araşdırılması Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verildi. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNT ekspertizasından keçirilməli, əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görülməli idi.

müşfiqin yeni büstü ile ilgili görsel sonucu

Fərhad Əhmədovun məlum bəyanatından sonra belə aydın oldu ki, 2017-ci ildə ona valideyni ilə bağlı axtarış işlərinin aparılmasına icazə verilib. “NKVD” və Bayıl türməsinin keçmiş “ölüm korpusu”nun tibbi xidmətinin əməkdaşları bu işdə ona kömək ediblər. Və axtarışlar zamanı hüquq-mühafizə orqanlarının məhkəmə hökmlərini və edam cəzalarını icra etmiş keçmiş əməkdaşları Fərhad Əhmədova Azərbaycanın rəhbəri olmuş və 26 may 1956-cı il güllələnmiş MircəfərBağırovun, eləcə də 1937-ci ildə cəzalandırılmış şair Mikayıl Muşfiqinbasdırıldıqları yerləri də göstəriblər. Sonralar Fərhad Əhmədov MircəfərBağırovunqohumlarından biri - sabiq ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovla görüşmüş və ona Azərbaycanın keçmiş rəhbərinin gizli basdırıldığı yer haqda məlumat vermişdi. MircəfərBağırovla bağlı 2017-ci ildə Londonda genetik ekspertiza - DNK analizi həyata keçirilib. Nəticədə “NKVD”nin sabiq əməkdaşlarının informasiyası təsdiqini tapıb Tapılmış qalıqlarınM.Bağırova məxsusluğu rəsmən isbatlanıb. Və Azərbaycanın keçmiş rəhbərinin qohumları həmin qalıqları köhnə Yasamal qəbiristanlığında dəfn ediblər.

Mikayıl Müşfiqlə bağlı məsələyə gəldikdə isə, bir il bundan əvvəl Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məsələ ilə bağlı açıqlamasında mərhum şair Mikayıl Müşfiqə aid olduğu iddia edilən sümük qalıqları ətrafında müayinələrin davam etdirildiyini vurğulamışdı:

“Aparılacaq müayinələrin və müayinə olunacaq obyektlərin miqyası genişlənib. Şairin ata nəslindən olan kişi cinsli yaxın qohumlarından da nümunələrin götürülməsi davam etdirilir. Artıq istintaq orqanları tərəfindən həmin şəxslər müəyyənləşdirilib və onlar müayinələrin götürülməsi üçün bizə təqdim edilib”.

Görkəmli şair Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə Qaradağ rayonunun Puta qəsəbəsində tapılan və şairə aid olduğu güman edilən qalıqlarla bağlı araşdırma çərçivəsində DNT analizi verib.

Lakin bu günə qədər hələ də DNT analizlərinin nəticəsi barədə heç bir rəsmi məlumat yoxdur.

Məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşı kimi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, rəhbərlik idarədə olmadığı üçün suala cavab vermək iqtidarında deyillər.

Səhiyyə Nazirliyindən isə əməkdaşımıza bildirildi ki, məsələniMəhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ilə araşdırdıqdan sonra bu barədə açıqlama veriləcək.

Xatırladaq ki, Mikayıl Müşfiq 1937-ci ildə, pantürkizm və millətçilik ittihamı ilə həbs olunub və "xalq düşməni" elan olunaraq 12 mart 1938-ci ildə 29 yaşında güllələnib./“Yeni Müsavat”/