“Müharibə və antiterror əməliyyatlarını yeganə yol hesab edirəm” – QAFAR ÇAXMAQLI

21/07/2020 - 12:20 5 503 2   0  

“Paşinyanın bu günlərdə Ermənistan Təhlükəsiz Şurasında bizim Qərbi Azərbaycan İrəvan Respublikası ilə bağlı söylədiyi fikir və narahatçılıq ifadə etməsi göstərir ki, biz yolumuzu düzgün seçmişik”

“Azərbaycan qərarlı addımlar atmalıdır, savaş başlayıbsa, onu Qarabağa çəkmək lazımdır. Qarabağda – öz ərazisində antiterror əməliyyatı keçirilib, bütün qanunsuz birləşmələri öz ərazisindən çıxarmalıdır”

“Paşinyan Moskvanın Ermənistandakı canişinidir, hansı mərhələyə qədər oynayacaq, onu həyat göstərəcək”

Ötən həftə baş verən Tovuz hadisələri hələ də ölkə mətbuatının gündəm mövzusudur. İndi nisbi sakitlik olsa da, hər an yenidən aktivləşmə ola bilər. Məlum olduğu kimi, Liviyada açıqca üz-üzə gələn əsas qüvvələr Türkiyə, Rusiya və Fransadır. Tovuz hadisələri Fransa və Rusiyanın birgə planı ola bilərmi? Ümumiyyətlə, bölgənin alovlanmasında hansı xarici qüvvələr katalizator rolunu oynayır? Çünki Fransa prezidenti Makronun Türkiyədən NATO-ya şikayət etdiyini, sonra Rusiyaya yaxınlaşdığını gördük. Yəni Türkiyənin diqqətini Liviyadan yayındırmaq, Tovuza cəlb etmək üçün bu hadisə planlana bilərmi?

Bu və digər suallara Qərbi Azərbaycan İrəvan Respublikasının rəhbəri Qafar Çaxmaqlı ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq:

– Ermənistanın Tovuz tərəfdən, oradakı yüksəkliklərdən Ağdam, Əlibəyli və başqa kəndlərə hücumu Azərbaycan torpaqlarını zəbt eləmək və burada bir koridoru ələ keçirmək istəməsi mənə elə gəlir ki, sadəcə Ermənistanın özünün deyil, onun arxasındakı güclərin planıdır. Biz Tovuz hadisələrinə qiymət verərkən mütləq Dağlıq Qarabağla bağlı Ermənistanla Azərbaycan arasında olan münaqişənin tarixinə də bir nəzər salmalıyıq. Bu münaqişə, bilirsiniz ki, otuz ilə yaxındır davam edir. ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə danışıqlar aparılır. Amma çox təəssüf ki, danışıqlarn əticəsizdir. Onun nə zaman nəticə verəcəyini də biz görmürük və artıq mən belə hesab edirəm ki, Azərbaycan bu danışıqlardan birtərəfli qaydada çıxmalıdır. Çünki Minsk qrupunun üzvü olan Rusiya, Fransa və ABŞ-ın təmsilçiləri – həmsədrlər istəyirlər ki, artıq Dağlıq Qarabağı -Azərbaycanın tərkibində olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini hansı şəkildə olsa da Ermənistana birləşdirsinlər. Və yaxud burada bir “müstəqil dövlət”in elan olunmasına çalışırlar. Ən son bizə təqdim olunan yenilənmiş Madrid prinsiplərində  nəzərdə tutulur ki, Dağlıq Qarabağın statusunu müəyyən etmək üçün referendum keçirilsin. Bu referendumun da nəticələri əvvəlcədən bəllidir. Bu o deməkdir ki, əgər orada son nəticədə referendum keçirilərsə, artıq Dağlıq Qarabağ de-yure də Ermənistanın tərkibində olacaq. De-fakto ermənilərin nəzarəti altındadır. Biz torpaqların sülh yolu ilə azad edilməsinə ümid edirik, amma bu ümidlərimiz boşa çıxıb. Ermənistan da son zamanlar bu qənaətə gəlib ki, Azərbaycan sülh danışıqları ilə buna nail olmasa, öz torpaqlarını azad etmək üçün, şübhəsiz ki, hərbi gücə əl atacaq. Bu hərbi güc də, mənim nəzərimdə, antiterror əməliyyatıdır. Azərbaycan antiterror əməliyyatlarını keçirib, öz torpaqlarını azad edəcək. Ona görə Tovuzda, sabah başqa bir yerdə Ermənistanın belə bir təxribat hərəkətlərinə yol verəcəyi istisna deyil. Mən hesab edirəm ki, Tovuzda bu müharibənin çıxması hardasa Dağlıq Qarabağdan diqqəti yayındırmaq cəhdidir və Ermənistanın bunu başqalarının, arxasında duran qüvvələrin əli ilə elədiyinə mənim heç bir şübhəm yoxdur.

– Sizcə, hazırda Ermənistanın arxasında Rusiyadan başqa hansısa qüvvələr də durur?   

– Tovuzda törədilən bu müharibə göstərdi ki, Ermənistanın hərəkətlərini arxasında müxtəlif ökələr dura bilər. İndiyə qədər Ermənistanı dəstəkləyən hansı ölkələr var idisə, onlar da Ermənistanın arxasında dura bilər. Ermənistan da onlara güvənərək bu addımı atmışdır. Hələ mən onu istisna eləmirəm ki, ola bilsin, bu hadisədə, bu çatışma gedən bölgədə başqa ölkənin əsgərləri də iştirak edirlər və bizim generalımızın, polkovnikimizin öldürülməsi də hələ araşdırılmayıb. Araşdırılma gedəndən sonra biz görəcəyik ki, onlar Ermənistanın deyil, başqa ölkələrin xidmətinin nəticəsində öldürülüb. Ola bilsin ki, bunlar ortaya çıxsın və onda məsələ bir az da dərinləşsin. Onda biz bundan bəhs edə bilərik ki, bu hadisələrin arxasında kimlər dayanmışdı. İndi ehtimallar irəli sürə bilərik. Bu ehtimallardan biri, əlbəttə ki, Rusiyadır. Çünki hadisələrin gedişi onu göstərir. Rusiya uzun müddət Azərbaycanın və Orta Asiya neftinin-qazının bu koridorla – Tovuzdan keçən boru xəttləriylə Türkiyədən Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Ərzurum qaz kəməri vasitəsiylə Avropaya çatdırılmasını, digər kommuniksiya vastələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmiryolunun bu bölgədən keçməsini həzm edə bilmir. Gələcəkdə TANAP layihəsinin də buradan keçməsi nəzərdə tutulur. Başqa ölkələrlə müqavilə də imzalanıb. Rusiya bunları həzm eləmir, ona görə də Rusiya bunu Azərbaycana qarşı bir akt kimi ortaya ata bilər. Çox ehtimal ki, bu işin arxasında Rusiya var. Amma bunlar hələ dəqiq deyil, ehtimallardır.

Siz dediyiniz rus  politoloqlar da bu ehtimalı irəli sürüb, Ermənistanın bu işlərdə maşa rolunu oynadığını, vasitə olduğunu göstərirlər. Mən o insanları haqlı hesab edirəm ki, Ermənistanın əldə oyuncaq olduğunu bildirirlər. Azərbaycana qarşı elədiyi bu hərəkət dünyanın müxtəlif ölkələrində birmənalı qarşılanmır. Bunlar Ermənistanın özünə qarşı çevriləcək və yaxında müəyyən siyasi addımlar atıla bilər. Bu addımlardan birini İngiltərə atdı, bu məsələnin dayandırılmasını tələb elədi və Ermənistanı bir neçə dəfə uyardı. Türkiyənin bu məsələdə mövqeyi də bizim əlimizi gücləndirmişdi. Türkiyə də bu məsələnin ciddiliyini anlayaraq dərhal dövlət başçısı, XİN və genel kurmay başkanı və digər siyasi təşkilatlar səviyyəsində bu məsələyə mübasibət bildirdi. Bunun sadə məsələ olmadığı ortaya çıxmış oldu. Bu da o deməkdir ki, Azərbaycan bu məsələdə daha qətiyyətli addımlar atıb, Ermənistanın üzərinə getmək üçün siyasətində müəyyən dizaynlar etməlidir.

-Bildiyimiz kimi, Putin zaman-zaman SSRİ-nin bərpası haqqında danışır. Ola bilərmi ki, hadisələri Azərbaycan üçün həyati əhəmiyyətə malik Tovuz bölgəsində törətməklə, rəsmi Bakını şantaj edərək, Türkiyə və Qərbdən uzaqlaşdırıb, öz orbitinə salmaq məqsədi güdülsün?

-Bəli, Rusiya başında kimin dayanmağından asılı olmayaraq imperiyadır. Bu imperiya öz maraqlarını həyata keçirmək üçün addımlar atır və bunu gizlətmirlər. Putinin özü deməsə də, onun sözçüləri tərəfindən dəfələrlə deyilib ki, onlar keçmiş SSRİ-nin, hətta Rusiyanın keçmiş ərazilərini bərpa etmək üçün siyasət aparacaqlar və onun apardığı fəaliyyət, siyasi xətt bunu göstərir.

-Deyilir ki, Paşinyan Qərbin köməyi ilə hakimiyyətə gəlib və Ermənistan Rusiyanın forpostu olsa da çalışır ki, Ermənistanı Rusiyanın təsirindən çıxarsın. Ermənistanda 102-ci bazanın qalmasına qarşı da ermənilərin mitinq keçirdiklərini görmüşük. Ola bilərmi, Paşinyan bu hücumu törətməklə KTMT-nin köməyə gəlmədiyini göstərib, tamamən Qərbə yönəlmək üçün xalqın içində əsas hazırlasın?

-Mən o fikirdə deyiləm ki, Paşinyan Qərbin köməyilə hakimiyyətə gəlib. Paşinyan küçə adamıdır, bir jurnalisti qəhramana çevirdilər. O, bir o qədər də məşhur olmayan qəzetin redaktoru idi. 2008-ci ildə onu həbs elədilər. O, elə bir ciddi qabiliyyəti olan adam deyil. Paşinyan Qərbin adamı deyil. Amma ermənilər öz maraqlarına görə Qərbə də, Şərqə də, Rusiyaya da meyllənirlər. Paşinyan ciddi fiqur deyil. Nə Rusiya, nə digərləri tərəfindən ciddi qəbul edilmir. Amma indiki halda  Rusiyaya Paşinyan kimi adam sərf edir. İstədiyi vaxt ona istədiyi diktəni edir, istədiyi məsələni qəbul elətdirir. Bəzi halda da  Paşinyanın əliylə xalqı o səmtə də yönəltməyə çalışır ki, guya erməni xalqı Qərbə meyllənir. Sonra bəzi adamlar bunları ortaya çıxarandan sonra onları cəzalandırırlar. Paşinyan Moskvanın Ermənistandakı canişinidir, hansı mərhələyə qədər oynayacaq, onu həyat göstərəcək. Amma mən belə hesab etmirəm ki, Paşinyanın əliylə Ermənistan cəmiyyəti Avropaya inteqrasiya məsələsini ortaya qoyacaq, Rusiyanı qorxudacaq.  Qətiyyən belə deyil. Ermənistan Rusiyanın forpostudur, bu ölkədə onun bazası var, Ermənistandan Rusiya heç vaxt vaz keçməyəcək, buradan da əsgəri olaraq çıxmayacaq. Rusiya Ermənistanı özünə bir dayaq nöqtəsi hesab edir, buradan da Yaxın Şərq siyasətini yönləndirir. Rusiyanın Ermənistan siyasətinə belə baxmaq lazımdır. Belə manevrlər ola bilər. Putinin də manevrləri ola bilər, amma mən belə hesab edirəm ki, Paşinyan Rusiyanın bir nömrəli adamıdır.

-Ümumiyyətlə, hesab etmirsiniz ki, Ermənistan Rusiyadan qopmaq məqsədi güdür?

-Ermənistan heç vaxt Rusiyadan qopmaq siyasəti apara bilməz. Buna nail olmaq üçün Ermənistan gərək güclü dövlət olsun, arxasında Qərbin institutları işləsin. Onu buna məcbur edən bir şey olmasın, ermənilər Rusiyasız yaşaya bilməz və onlar Rusiyanın əlaltısı olaraq həmişə qalacaqlar. Belə də olub tarixən. Amma Avropa da qarmaq atır, şübhəsiz erməniləri öz tərəfində çəkmək üçün müəyyən fəaliyyətlər  göstərir. Ermənilər də özlərini elə göstərirlər ki, buna meyllidirlər. Amma bilirlər ki, Rusiyasız Ermənistan məhv ola bilər. Cöğrafi olaraq Ermənistan müsəlman dövlətlərinin əhatəsindədir, türk dünyasının içərisində xırda bir nöqtədir və Rusiya buradan gedərsə, Ermənistan Qərbə inteqrasiya yolu seçərsə Türkiyə ilə əlaqələr saxlamalıdır, Azərbaycanla, Gürcüstanla əlaqələr saxlamalıdır. Bunların da təsiri Ermənistanın sonunu gətirə bilər. Ermənistanın özü perspektivsiz ölkədir.

İkinci tərəfdən də onu deyim ki, Rusiyasız Ermənistan ona görə yaşaya bilməz ki, onların iqtisadiyyatının yetmiş beş faizi Rusiyanın əmlakıdır. Ermənistan dəmir yolları, Ermənistan elektrik şəbəkəsi və digər qurumları hamısı Rusiyanın mülkiyyətidir. Vaxtında Ermənistan Rusiyadan borc alıb,  kreditləri qaytarmayıb, indi onun əsirinə çerilib. Yəni Rusiya istədiyi vaxt bu borcları tələb edib onu çökdürə bilər. Ona görə Ermənistanın başqa yolu yoxdur, o Rusiyasız yaşaya bilməz.

-Bəzi rus politoliqları və tarixçiləri, Oleq Kuznetsov, Dövlət Dumasının ermənipərəst deputatı Zatulin, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bu hadisələri “ hər şeydə İrəvan günahkardır” deyə şərh etdilər. O cümlədən, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov ”Ermənilər deyir gərginliyi Bakı yaradıb, amma bütün izlər İrəvana aparır”, Rusiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti Aleksey Fenenko “Azərbaycan-Ermənistan sərhədində eskalasiya İrəvanın Rusiyanı qıcıqlandırmaq üçün addığı atdımdır”, deyə şərh verdilər. Bu barədə siz nə düşünürsüz?

– Bilirsiniz, rus politoloqlarının nə deməsindən asılı olmayaraq, onlar da publikaya oynayırlar, öz ölkələrinin, xalqının iradəsinə uyğun bəyanatlar verirlər. Bəzən Azərbaycanyönlü fikirlər, bəyanatlar səsləndirirlər. Bunların hamısı siyasətdir, müəyyən mənada bir ölkəni özünə tabe etmək üçün manevrdir. Bu manevrləri ruslar yaxşı bacarırlar. Bəzi hallarda Ermənistanı yerində oturtmaq, özlərinə tabe etmək üçün belə şeylər ortaya atırlar ki, Ermənistan xəyanət edir, Rusiyanın mövqeyindən kənara çıxır, Qərbə meyllənir və s. Bəzi rus siyasətçiləri də var ki, Azərbaycanı müdafiə edirlər. Belə deyənlər də var ki, bəli, Qarabağ Azərbaycan torpaqlarıdır və Ermənistan Qarabağdan çıxmalıdır.  Bunları da qəsdən edirlər və Ermənistanı qorxudurlar ki, onlar Rusiyanın nəzarətindən çıxmağa cəhd etməsin.

-Azərbaycan qadın təşkilatları Ermənistanın ölkəmizə təcavüzü ilə bağlı BMT, ATƏT, Minsk qrupu kimi təşkilatlara müraciət ünvanlayıb. Ancaq biz bu təşkilatların Qarabağ münaqişəsinin tənzimlənməsi, haqq-ədalətin öz yerini tapması ilə bağlı ortaya bir nəticə qoyduğunu görə bilmədik. Necə düşünürsünüz, Rusiyada yaşayan türkdilli xalqlara, rus xalqına müraciət effektiv ola bilərmi?

-Ermənistanın təcavüzkarlığına, onun bizə elədiklərinə qarşı nəinki qadın təşkilatları, bütün təşkilatlarımız ayaqda olmalıdır. Beynəlxalq təşkilatlara həmişə müraciətlər edilməlidir, erməniləri ifşa etmək üçün cəbhə açmalıyıq, hər sahədə bir cəbhə açmalıyıq. Bizim Qərbi Azərbaycan İrəvan Respublikası da qarşısına bu məqsədləri qoyub ki, bu təcavüzkar ölkəni ifşa eləsin, onun işğalçılıq niyyətlərindən əl çəkməsi üçün müəyyən tədbirlər görsün. Biz bu tədbirlərə artıq başlamışıq. Təbii ki, Ermənistanda bizim bu hərəkətlərimizdən də narahat olurlar. Paşinyanın bu günlərdə Ermənistan Təhlükəsiz Şurasında bizim Qərbi Azərbaycan İrəvan Respublikası ilə bağlı söylədiyi fikir və narahatçılıq ifadə etməsi göstərir ki, biz yolumuzu düzgün seçmişik və mən Azərbaycandakı bütün təşkilatları, ictimai birlikləri, o cümlədən qadın təşkilatlarını, gənclər təşkilatlarını erməni təcavüzkarlığına qarşı birləşməyə və ona qarşı vahid bir cəbhədə mübarizə aparmağa səsləyirəm. Bu, indi dünyanın müxtəlif yerlərində gedir, bizim Məşvərət Məclisinin xaricdəki nümayəndələri Avropada çox güclü aksiyalar keçirirlər və bizim Azərbaycanda olan və olmayan digər təşkilatlar da buna qoşulmalıdırlar. Biz özümüz də buna nə lazımdırsa, yardım etməyə hazırıq.

-Putin keçirdiyi referendumdan diqqəti digər ölkələrə aqressiya nümayiş etdirməklə yayındırmağa çalışır, o cümlədən bizə qarşı da aqressiv hərəkətlər edir. Necə düşünürsüz, Tovuz hadisələrinin arxasında da Rusiya durursa, bu aqressiya davam edəcəkmi?

-Mən Tovuz hadisələrinin Putinin diqqəti öz iç problemlərindən yayındırmaq üçün istifadə etməsi fikrindən uzağam. Amma hər şey ola bilər. Gündəmi dəyişdirmək üçün ölkələr, hakimiyyətlər müxtəlif üsullara əl atırlar. Müəyyən mənada xalqın etirazlarını yatırmaq üçün də belə üsullardan istifadə edirlər. Hesab etmirəm ki, bu hadisələr Rusiyanın iç siyasətini dəyişdirmək üçün edilmiş addım olsun. Amma Putin keçmiş kəşfiyyatçıdır, KQB-nin başında olan adamlardan biridir, belə şeylərin ustasıdır, bəzi hallarda şübhələnmək olar ki, Tovuz hadisələri də, başqa ökələrdə olan hadisələr də Rusiyanın istəyindən, arzusundan ortaya çıxa bilər.

-Roma Papası Fransisk bildirdi ki, Baki ilə İrəvan arasında danışıqlar davam etdirilməli, münaqişə sülh yolu ilə həll olunmalıdır. Paşinyan da Ermənistanın Müdafiə Nazirliyində görüş keçirib bildirdi ki, Minsk qrupu çərçivəsində danışıqlar davam etdirilməlidir və Azərbaycan konstruktiv mövqe nümayiş etdirməlidir. Onsuz da, əvvəldən danışıqlar torpaqları ermənilərə vaxtı uzadaraq verməyin bir yolu idi. Bəzi dövlətlər isə bildirdilər ki, Ermənistan işğalçıdır və Azərbaycan öz torpaqlarını azad etməkdə haqlıdır. Daha nə baş verməlidir ki, Bakı öz torpaqlarını azad etmək üçün hərəkat başlatsın?

-Roma Papası Fransiskin də, bu tipli insanların hamısının məqsədi ondan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağda olan haqqlarının bir çoxlarından erməni xalqının rifahı üçün imtina etsin. Erməni xalqının burada rahat yaşamasını təmin eləsin. Amma Azərbaycan da hər zaman dəfələrlə bildirib ki, biz burada olan erməni əhalinin təhlükəsizliyinə qarant veririk, bir şərtlə ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olmasına razı olsunlar. Məsələ də elə bunun üzərindədir. Ermənilər məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yanaşmırlar. Paşinyan da, digər erməni rəhbərləri də həmişə o fikirdə olublar ki, Dağlıq Qarabağı artıq alıblar, ətraf rayonları da ona görə işğal ediblər ki, ordakı əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycanın qarşısını alırlar ki, gəlib onları öldürməsinlər. Uzun müddət Ermənistan bu fikri təlqin edib dünyada, müxtəlif təşkilatlarda. O cümlədən Roma Papası Fransiskə. Amma mən belə düşünürəm ki, onlar məsələnin mahiyyətini, nə yerdə olduğunu çox yaxşı bilirlər. İndi Azərbaycan və onun arxasında qardaş Türkiyə bu məsələyə ciddi münasibət bəsləyəndən sonra yenə barışdan, sülh danışıqlarından, konstruktiv mövqedən danışmağa başlayırlar. Amma mən bu fikirdəyəm ki, Azərbaycan qərarlı addımlar atmalıdır, savaş başlayıbsa, onu Qarabağa çəkmək lazımdır. Qarabağda – öz ərazisində antiterror əməliyyatı keçirilib, bütün qanunsuz birləşmələri öz ərazisindən çıxarmalıdır. Əgər Azərbaycan bunu bacarmayacaqsa, onda biz başqa metodları işə salmalıyıq. Mən müharibə və antiterror əməliyyatlarını yeganə yol hesab edirəm ki, bu məsələdə olacaq. Bu metodları da Türkiyə, Azərbaycan və onun arxasında olan ölkələr oturub fikirləşməlidirlər ki, hansı yolu seçsinlər ki, Dağlıq Qarabağdakı bu separatçılığı ləğv eləsinlər.

-Siz müharibə və antiterror əməliyyatlarını yeganə yol hesab edirsiniz. Bəs, bundan sonra Azərbaycan hakimiyyəti, Sizcə, hansı qərarı qəbul edəcək. Çünki xalq öz sözünü meydanlarda dedi. Həm də Bakının bu qərarına Rusiya istisna olmaqla, bir çox ölkələr loyal yanaşdılar. 

-Bilirsiniz, torpaqları azad etmək üçün müəyyən qüvvələri zərərsizləşdirmək lazımdır, bəzi ölkələrlə müəyyən danışıqlar aparmaq lazımdır, siyasi-diplomatik iş görülməlidir. Bu asan məsələ deyil. Sabah Azərbaycan öz ordularını götürüb Qarabağa müdaxilə etsə, görürsünüz Papa bu tərəfdən çıxır, o biri tərəfdən başqaları çıxır. Bunları zərərsizləşdirib münasib bir ortam yatarmaq lazımdır ki, sonra bunları edə biləsən. Mən bu fikirdəyəm ki, biz ilk növbədə ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina etməliyik, çünki bu Azərbaycana heç nə vermədi. Bu illər ərzində həmin ölkələrdən olan həmsədrlər turist səfərləri elədilər, gəldilər buralarda yedilər, içdilər, özləri üçün maaş aldılar, yaşadılar, başqa heç bir şey eləmədilər. Biz bundan imtina edib, bundan sonra da Ermənistana ultimatum verməliyik ki, torpaqlardan çıxsın. Bunun başqa yolu yoxdur. Bəli, Azərbaycan xalqı bu Tovuz hadisələri ilə bağlı öz sözünü dedi, meydanlara çıxdı və Qarabağı unutmadığını, ondan vaz keçməyəcəyini bir daha ifadə etdi. Bu çox yaxşı haldır. Bəziləri elə hesab edirdilər ki, artıq etinasızlıq var Qarabağla bağlı. Mən də hər zaman söyləyirdim ki, belə bir etinasızlıq heç vaxt olmayıb.

Azərbaycan xalqı sonuncu nəfərinə qədər Qarabağdan vaz keçməyəcək. Qarabağ heç vaxt Ermənistanın ola bilməz. Bu Azərbaycan xalqının həm də bir şərəf məsələsidir, biz o torpaqları savaşla vermişik, savaşla da almalıyıq. Başqa yolu yoxdur. Bizim Qərbi Azərbaycan İrəvan Respublikası olaraq da mövqeyimiz budur ki, Qarabağ Azərbaycan torpaqlarıdır və Azərbaycan torpaqlarının bütövləşməsi və bizim qarşımıza qoyduğumuz indiki Ermənistan ərazisindəki torpaqlarımızın geri qaytarılması Azərbaycanın bütövləşməsi, gələcəkdə vahid bir Azərbaycan yaradılmasına xidmət eləməlidir və buna hər kəs, hər bir azərbaycanlı yardım etməlidir.          

Ülviyyə ŞÜKÜROVA, Hurriyyet.org