Mühacir İrəvan Dövləti yarandı

10/05/2020 - 18:14 370 1   0  

 

Dünən BAO-nın  (Bütöv Azərbaycan Ocaqları) təşkilatçılığı ilə keçirilən videokonfransda “Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan)” hökümətinin yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb.

Suveren.az bu barədə BAO təşkilatına istinadla bildirir.

Məlumata görə, Konfransda BAO-nın sədri Zahir Əlisoy, İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev, ziyalılar Qafar Çaxmaqlı, Cəmşid Dərələyəzli, Muxtar Oxçuoğlu, tarixçi araşdırmaçı Şahlar Haciyev və daha bir neçə nəfər iştirak etmişdir. Konfrans iştirakçıları qərara alıblar ki, ilk öncə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti  MİLLİ ŞURASI yaradılsın, sonrakı mərhələdə isə respublikanın Milli Məclisi seçilsin və höküməti formalaşdırılsın.

Konfransın sonunda 14 bənddən ibarət bəyannamə qəbul edilmişdir:

Ədalətə söykənən demokratik bir sistem qurmağa sadiq bir xalq olaraq biz Qərbi Azərbaycan kökənli insanların bir dövlətə sahib olmaq haqqı vardır.

 Bu dövlət  Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövləti  adlanacaqdır.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin paytaxtı İrəvan şəhəri olacaqdır.

Bu dövlətin Məclisi, Höküməti və digər orqanları seçilənədək idarəedici orqan Qərbi Azərbaycan (İrəvan) Milli Şurasıdır. Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) dövləti  adına danışmaq hüququ  Milli Şuranın müstəsna hüququdur. Milli Şura bütün vətəndaşların azadlığına və onlar arasındakı bərabərliyə zəmanət verir.

Mühacirətdə  Qərbi   Azərbaycan (İrəvan) dövlətinin  bayrağı, gerbi və dövlət himni olacaqdır.

Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) dövlətinin  Konstitusiyası olacaqdır.

Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) dövlətinin  qarantı onun xalqıdır: bu gün sürgündə vətən həsrəti yaşayan  dünyanın müxtəlif yerlərində mühacirətdə olan Qərbi Azərbaycan kökənli türklər, kürdlər,  ruslar, molakanlar, qreklər, aysorular və b.

Beynəlxalq hüquq prinsiplərinə görə, Mühacirətdə Qərbi   Azərbaycan (İrəvan) dövləti müstəqil xarici siyasət yürüdür. Digər dövlətlərlə birbaşa əlaqələr qurur, beynəlxalq təşkilatların fəaliyyətində iştirak edir.

Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin   milli sərvəti -  onun xalqı, torpaqları, yeraltı  və yerüstü sərvətləri, iqtisadi, intellektual və mədəni potensialı - millətin özünə məxsusdur. Onların istifadəsi və mülkiyyəti Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) dövlətinin  qanunları ilə tənzimlənəcəkdir.

Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) dövlətinin  lazım gələrsə, öz valyutasını, milli bankını, öz idxal-ixrac sistemini, müxtəlif mülkiyyət növlərinə əsaslanan vergi və digər xidmətlərini yarada bilər.

Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) dövlətinin  Milli Şurası, qanunverici, icra və məhkəmə orqanlarının fəaliyyətinə geniş meydan açır,  söz, mətbuat və vicdan azadlığına zəmanət verir.

Milli Şura, Azərbaycan dilinin  həyatın bütün sahələrində dövlət dili kimi istifadəsinə zəmanət verir. Milli Şura öz təhsil sistemini və elmi və mədəni inkişafının əsaslarını yaradacaqdır.

Mühacirətdə Qərbi  Azərbaycan (İrəvan) dövləti ölkənin sərhədləri içində ayrı-ayrı illərdə xalqımıza qarşı edilən söyqırımı siyasətinə siyasi və hüquqi qiymət verəcək, günahkarların mühakimə edilməsinə çalışacaqdır

Bu bəyannamə Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) dövlətinin  Konstitusiyasının yaradılması üçün əsasdır". 

Videokonfransı bu linkdən izləyə bilərsiniz.