Məşhur jurnalist fırıldaqçı olduğu üçün işdən qovuldu

20/12/2018 - 22:33 2 032 0   0  

Almaniyanın “Der Spiegel” jurnalı dünən – dekabrın 19-da bildirib ki, mükafat almış əməkdaşı Klaas Relotius işdən çıxarılıb. Səbəb onun son illər bir çox əhvalatları özündən uydurmasıdır. “Onun mətnlərində həqiqət yalana qarışıb”, – “Der Spiegel”in saytında bildirilir.

Bəyanatda deyilir ki, 2011-ci ildən yazılan təxminən 60 əhvalatın bəziləri doğru olub, amma digərləri “ya tamamilə uydurulub, ya da manipulyasiya edilmiş sitatlarla, fantaziyayla şişirdilib”.

Məsələn, saxta əhvalatlardan bəziləri səhvən saxlanmış Quantanamo məhbusu, “İslam Dövləti” qruplaşmasının oğurladığı uşaqlar, Birləşmiş Ştatlarda ölüm cəzasının icrasını şahid kimi izləyən qadın barədədir.

Spiegel jurnalistlə əmək kontraktını dərhal kəsdiyini bildirir.

“Daha çox uğur qazandıqca...”

33 yaşlı Relotius 2011-ci ildən “Der Spiegel” üçün işləməyə başlayıb. Ondan açıqlama almaq mümkün olmayıb.

“Der Spiegel” bildirir ki, jurnalistin həmkarı şübhələrini səsləndirəndən sonra Relotiusun redaktorları ondan izahat istəyiblər. Relotius bundan sonra bir sıra məqalələrini uydurduğunu boynuna alıb.

Jurnal bu insidenti “70 illik tarixində qara nöqtə” adlandıraraq jurnalistin hərəkətlərinə görə üzr istəyib.

Bəyanatda Relotiusa istinadən qeyd olunur ki, dərgi üçün yazdığı məqalələrin azı 14-ü jurnalist standartlarına cavab verməyib. Bu məqalələrdən bəziləri mükafat da alıb.

Jurnalistin “məqsədli şəkildə, metodiki olaraq, yüksək səviyyəli kriminal enerjiylə” heç vaxt rastlaşmadığı və danışmadığı adamlar barədə yazdığı, onlardan sitat gətirdiyi qeyd olunur.

Relotius redaktorlarına deyib ki, məqsədi heç də “növbəti böyük əhvalatı yaratmaq olmayıb. Uğursuzluqdan qorxub. Daha çox uğur qazandıqca, uğursuzluğa düçar olmamaq təzyiqi də artırdı”, – o deyib.

Relotius dekabrın əvvəlində müharibə gedən Suriyada bir uşaq barədə əhvalata görə mükafat alıb. Həmin mükafatı vermiş Almaniya reportyorlar assosiasiyası bu xəbərdən “sarsıldığını və qəzəbləndiyini” bildirib. (“Azadlıq” radiosu)