Mərkəzin Bankın 500 dollar qərarı kimləri hədəf alıb? – Pul “qara bazar”dan “yastıq altına” gedəcək

22/06/2020 - 17:50 6 012 0   0  

Mərkəzi Bank kommersiya banklarına 500 dollardan çox xarici valyuta alan şəxslərin xüsusi blankı dolduraraq vəsaitin mənbəyi, alınma məqsədləri barədə məlumatlar, eləcə də özünə aid şəxsi məlumatları təqdim etməsinə dair təqdimat göndərib.

Bundan əlavə, 20 min manat ekvivalentindən yüksək məbləğdə xarici valyuta alan şəxslər Maliyyə Monitorinq Xidmətinin nəzarəti altına düşəcək.

Maraqlıdır, Mərkəzi Bankın bu təlimatı nəyi hədəfləyir?

Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib ki, hökumətin hədəfi dəyişilən valyutanın yenidən “yastıq altına” qaytarılması yox, əmanət şəklində banklarda saxlanılsıdır:

“Mərkəzi Bankın bu qərarı sərhədlərin açılacağına görə ola bilməz. Çünki ən azından avqustun birinədək sərhədlər bağlı olacaq. Bütün ölkələrdəki kimi, bizdə də karantinin qaldırılmasında sərhədlərin açılması ən son addım olacaq. Ola bilər ki, avqust ayından sonra da karantin müddəti uzadılsın və beləcə sərhədlərin açıqlması geciksin. Bəs burada hökumətin məqsədi nədir? Bilirsiniz ki, manatın məzənnəsi inzibati yollarla tənzimlənir. Yəni manat “üzən məzənnə”də deyil. Bir vaxtlar “üzən məzənnə”yə keçidin olduğu deyilirdi. Lakin “üzən məzənnə”yə keçid mümkün deyil. Bunun üçün xüsusi proqramlar hazırlanmalı və iqtisadi tədbirlər həyata keçirilməlidir. Müəyyən problemlər var ki, onlar həll olarsa, manatın “üzən məzənnə”yə keçidi mümkün olar. Lakin bunu inzibati yollarla etmək mümkün deyil. Hazırda manat Mərkəzi Bankın rəhbərliyi altında inzibati qaydada tənzimlənir. Çox güman ki, manatın bu tənzimlənməsinə vəsait daha çox sərf olunur. Ona görə də hökumət bu addımı atır. Yəni hökumət valyuta alışını məhdudlaşdırmaq istəyir. Manatın dollara çevrilməsinin qarşısını almaq məqsədi ilə bu tədbirlər görülür. Azərbaycan idxaldan asılı ölkədir. Sərhədlər bağlı olsa da, həmin mallar sahibkarlar tərəfindən ölkəyə gətirilir. Həmin sahibkar da aldığı malları dollarla alıb daxili bazarda manatla satır. Satdıqdan sonra manatla yığılan valyuta dollara çevrilməlidir ki, sahibkar yenidən mal gətirə bilsin. Buna görə də valyuta bazarında dollara tələbat artır. Hökumət düşünür ki, kommersiya məqsədi ilə alınan valyutanı yox, əhalinin öz ehtiyatlarını dollara çevirməsinin qarşısını alsın. Yəni xaricdən mal gətirən sahibkarlar monopolist şirkətlərdir və onlar müxtəlif yollarla bu valyutanı əldə edirlər. 500 dollar və daha çox xarici valyuta əldə etmə qaydaları onlara aid deyil. Lakin əhalinin müəyyən qismi var ki, devalivasiya olacağından qorxur. Qorxur ki, manat yenidən ucuzlaşar, əlindəki vəsait dəyərdən düşər. Ona görə də onu xarici valyutaya çevirməyə ehtiyac duyur. Hökumətin məqsədi həmin qrup insanların yastığının altında olan manatın dollara çevirməsinin qarşısını almaq və onları daha çox əmanətlərə stimullaşdırmaqdır. Məsələn, əgər bu gün mənim 17 min manatım varsa, onu aparıb istənilən bankda 10 min dollar şəklində əmanətə qoya bilərəm. Lakin onu çevirib yenidən “yastığımın altına” qaytara bilmərəm. Düşünürəm ki, hökumət də 500 dollar məsələsi ilə bunu hədəfləyir. Yəni dəyişilən valyuta yenidən “yastıq altı”na yox, əmanət şəklində banklarda saxlanılsın”.

Ekspert hesab edir ki, bu variant “qara bazar”ın dirçəlməsinə şərait yaradır və insanları başqa variantlara əl atmağa məcbur edir:

“Bu, yaxşı hədəfdir. Amma təəssüf olsun ki, bu qadağalarla “qara bazar”ın genişlənməsinə şərait yaradır. İnsanları başqa variantlara əl atmağa məcbur edir. İnanmıram ki, vətəndaşlar manatı dollara çevirməkdə çətinlik çəkəndə onu aparıb banklara qoyacaqlar. Qoymayacaqlar, əksinə “qara bazar”dan istifadə edib əldəki manatı dəyişəcəklər. Çünki banklara etibar çox azdır. Banklara ümid 2015-ci ildə qırıldı. Ondan sonra da bu etibarı bərpa edən hər hansı səmərəli tədbir görülmədi. Yəni addımlar atılsa da, səmərəsi olmadı. Hesab edirəm ki, hökumətin bu cür iqtisadi məhdudlaşdırmaya getməsi səmərə verməyəcək”.

Akif Nəsirli atılan addımların nəticə verməməsinin səbəblərində də danışıb:

“Atılan addımlar ona görə nəticə vermədi ki, köklü dəyişikliklərə gedilmədi. 2015-ci ildən atılan addımları təhlil etsək görərik ki, köklü problemlər həll olunmayıb. Köklü problem dedikdə ölkədə monopoliya və korrupsiyanın olması, müstəqil məhkəmələrin olmaması, əmlaka etibarlı zəmanətin verilməməsi, maliyyə amnistiyasının olmaması nəzərdə tutulur. Əgər bunlar həll olarsa, manatın da “üzən məzənnə”yə keçməsi üçün proqram lazım olmayacaq və xaricdən asılılığımız azalacaq. Əgər xaricdən asılılıq minimuma endirilsə, əhali heç xarici valyuta ilə maraqlanmaz”.