Moskva “kartları” açır: Paşinyana qəzəbin əsas səbəbi - Qarabağ və...

18/01/2019 - 09:22 8 143 0   0  

İrəvana qarşı yeni şok ittihamlar və xəbərdarlıqlar gəldi; erməni baş nazir Rusiyanın planını pozub? Kremlin ideoloqundan açıq təhdidlər: “Putinlə belə oyunlar keçməz”, “Ermənistanın yeni rəhbərliyinin bu siyasəti fəlakətlə nəticələnəcək...”

Rusiya forpost hesab olunan Ermənistana təbii qazın satış qiymətində güzəşt etmədi. İl başlanan kimi “Qazprom” qiyməti 15 dollar artıraraq, min kub metr üçün 165 dollara çatdırdı. Bu, əslində Moskvanın İrəvana yumşaq  qaz şantajı və xəbərdarlığı idi.

Eyni zamanda ona işarə idi ki, bundan sonrakı qiymətlər baş nazir Nikol Paşinyanın Rusiyaya münasibətdə atacağı addımlardan asılı olacaq - hərgah ilk baxışda o, Moskvaya qarşı hansısa kəskin hərəkətlər etməyə hazırlaşırmış kimi görünmür. Rusiyanın sadiq adamı, eks-prezident Robert Köçəryanı hələ də həbsdə saxlamasına rəğmən, Nikol işğalçı ölkənin Putinin projeləri olan Avrasiya Birliyi və “Rus NATO-su”ndan (KTMT) çıxmasına həvəsli görünmür. Bunu onun və tərəfdaşlarının son bəyanatları da təsdiq edir.

*****

Məsələn, “Yeni Müsavat”ın məlumatına görə, Paşinyanın yaxın silahdaşlarından biri, “Mənim addımım” blokunun deputatı Ruben Rubinyan parlamentin ilk iclasında deyib ki, Ermənistanın həmin qurumlardan çıxmasından söhbət belə gedə bilməz. “Bizim siyasi komandamız istər inqilab dömənində olsun, istərsə də ondan sonra, dəqiq şəkildə bəyan edib ki, Ermənistanın xarici siyasət kursunda kəskin dəyişiklik olmayacaq və biz həm Avrasiya İqtisadi Birliyində, həm də KTMT-də qalmaqda davam edəcəyik”, - deyə o əlavə edib.

Lakin Rusiyanın rəsmi və ekspert çevrələrində belə bəyanatlar hələ də şübhə ilə qarşılanmaqdadır. Qazın qaldırılan qiyməti bunun təsdiqidir.

“Qazın qiymətləri üzrə yeni razılaşma Rusiya ilə onun ənənəvi tərəfdaşı Ermənistan arasında münasibətlərin çətin vaxtlardan keçdiyinin siqnalıdır”. “Yeni Müsavat” AzərTAc-a istinadən xəbər verir ki, bunu “Moskva-Bakı” portalına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlin danışmanı və ideoloqlarından sayılan Aleksandr Duqin söyləyib.

O qeyd edib ki, Rusiya üçün neft və qaz təkcə iqtisadi deyil, həm də geosiyasi amildir. “Əgər Rusiya qazı öz tərəfdaşlarına daha ucuz qiymətə satırsa, bu dolayısı yolla həmin dost ölkələrin dəstəklənməsi anlamına gəlir. Bu dostluq müəyyən öhdəliklər sistemini nəzərdə tutur”, - deyə o qeyd edib.

*****

Aydın məsələdir ki, neft-qaz məsələsi həm də siyasi faktordur və Moskva bundan Avropaya, Qərbə qarşı da istifadə edir. Çünki enerji təhlükəsizliyi milli və hətta qida təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Eyni zamanda zəruri ərzaq məhsullarının, elektrik enerjisinin qiymətinə birbaşa təsir edən amildir. Qaz-neft asılılığı enində-sonunda siyasi asılılıq da yarada bilər.

Aleksandr Duqin ile ilgili görsel sonucu

Bu xüsusda Ermənistanın yeni rəhbərliyini Moskvanın qazla şantaj eləməsi məntiqli və anlaşılandır. O da yəqindir ki, Rusiya öz qazını yalnız özünə yaxın və ya forpost bildiyi bir ölkəyə ucuz verə bilər. Ermənistandakı 8 may “məxməri inqilab”dan sonra isə Kreml hələ də Paşinyan və komandasına soyuq nəzərlərlə baxır, Putinin gözü Nikoldan “su içmir”.

Haqqı var əslində. Ona görə ki, Paşinyan öz komandasını bütünlüklə qərbpərəst uşaqlardan təşkil edib, Rusiyaya sadiq simaları və hərbçiləri isə iqtidara gələn kimi təqib eləməyə başlayıb, bəzilərini (eks-prezident Robert Köçəryan və başqaları) həbsə atıb. Odur ki, Duqinə bəraət qazandırmamaq çətindir. Hər halda, hər bir dövlət kimi Rusiya üçün də birinci onun öz mənafeyidir.

*****    

Duqinin müsahibəsində isə Paşnyana qarşı başqa irad və ittihamlar da yer alır. O cümlədən Qarabağ məsələsində. Sitat: “Paşinyanın davranışı qeyri-sabitliyi ilə seçilir. O, Dağlıq Qarabağ probleminin nizama salınması üzrə Ermənistanın keçmiş rəhbərliyinin işğal olunmuş beş rayonun Azərbaycana qaytarılması haqqında vasitəçilərlə, o cümlədən Rusiya ilə birlikdə əldə olunmuş çox ciddi razılaşmalardan imtina etdi. Onları sıfırlayan Paşinyan öz etibarsızlığını nümayiş etdirdi. Ermənistan baş nazirinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə münasibətlərdə göstərdiyi bu cür etibarsızlıq halları çoxdur. Paşinyan Ermənistanın tərəfdaşları ilə müxtəlif qarşılıqlı fəaliyyət istiqamətləri üzrə qüvvədə olan razılaşmaların dəyişdirilməsini tələb edib. Ümumilikdə, o, hələ özünü düşmən kimi aparmasa da, artıq dost kimi də davranmır”.

Ä°lgili resim

Politoloqun sözlərinə görə, hazırda Paşinyanın Rusiya ilə nəyin mümkün, nəyin qeyri-mümkün olacağı ilə bağlı anlaşılmazlığı son həddə çatıb. “Prezident Putin şantaja dözmür. Rusiya prezidenti tərəfdaşlarına öz öhdəliklərinə əməl etdiyi, onların sözü ilə əməlinin uyğun gəldiyi və etibarlı olduğu təqdirdə sakit davranır. Belə olan halda Putin əsl dost ola və böyük güzəştlərə gedə bilər. Lakin tərəfdaşın sözü ilə əməli uyğun gəlmirsə və yaxud ümumiyyətlə, heç bir sözü yoxsa, Putin bir neçə dəfə xəbərdarlıq edə bilər, lakin sonradan sərt tədbirlər görür. Ermənistanın yeni rəhbərliyi özünün bu cür siyasətini davam etdirsə, bu, sadəcə, fəlakətlə nəticələnəcək. Putinlə belə oyunlar keçməz. Hələlik isə biz əsl həqiqətdə Ermənistanla münasibətlərin pisləşdiyini görürük. Bu, xüsusən Azərbaycanla münasibətlərin yaxşılaşması fonunda baş verir... Azərbaycanla münasibətlərin inkişafı fonunda Paşinyanın Ermənistanın Qərbin himayəsinə keçəcəyi ilə bağlı Putini şantaj etməsi mümkün olan strategiyaların ən yanlışıdır”, - deyə o, sərt formada xəbərdarlıq edib.

kreml ile ilgili görsel sonucu

Duqin hesab edir ki, bu gün Ermənistan xoş niyyət nümayiş etdirməli, Qarabağ probleminin həllinə səy göstərməli və Rusiya, Türkiyə, Azərbaycan və İranın, bəlkə də tədricən Gürcüstanın da timsalında formalaşan Avrasiya balansına qoşulmalıdır: "Putinin təklifi məhz bundan ibarətdir və bu, prezidentlər Vladimir Putin, İlham Əliyev və Serj Sarkisyanın Qarabağ nizamlanması üzrə bundan əvvəlki mərhələdə əldə etdikləri razılaşmanın mahiyyətdir. Hesab edirəm ki, bu məsələdə başlıca məqam konfliktin sülh yolu ilə həlidir. Moskva bu məsələdə təkidlidir və iki qədim gözəl xalqın münasibətlərinə dair tarixi məntiqdən çıxış edir. Nizamlanma prosesi davam etməlidir və hamı onun nəticələrini görməlidir".

A.Duqin ardınca bildirib: “Münaqişənin sülh yolu ilə nizamlanmasına başlamaq üçün Ermənistan 5 rayonu qaytarmalıdır. Sonra daha 2 rayon qaytarılır. Bunu Ermənistanın güzəşti adlandırmaq olmaz. Çünki Ermənistan dünyaya açılacaq, beynəlxalq iqtisadi layihələrdə iştirak imkanı əldə edəcək, iqtisadiyyatını dirçəltməyə başlayacaq. Azərbaycan isə Rusiya, İran, Türkiyə və digər regional güclərin nəzarəti altında blokadanı götürür, azərbaycanlıların və ermənilərin qarşılıqlı fəaliyyəti, onların dinc yanaşı yaşaması istiqamətində proseslər başlayır. Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə buna səy göstərməlidirlər. Əsas hədəf - sülhdür. Əgər 2019-cu ildə nizamlanma prosesində hərəkətlənmə olsa, bu, böyük qələbə olacaq. Bunun üçün beynəlxalq şərait də mövcuddur. Rusiya və Azərbaycan buna hazırdır. Söz İNDİ İrəvanındır”.

*****

Duqinin Qarabağla bağlı fikirləri müəyyən mənada yeni olmasa da, rəsmi Moskvanın İrəvana qarşı hələ də kin və qəzəb saxlamasıma dair dəlillər kifayət qədər təzədir. Əlbəttə ki, Azərbaycan öz ərazilərinin ən əvvəl dinc yolla işğaldan azad edilməsinə çalışır. Qoy ilk mərhələdə Duqinin dediyi kimi, 5 rayon boşaldılsın. Çox yaxşı. Ancaq bunu hamı bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bu zaman siyasi alver predmeti edilməməli, şübhə altına alınmamalıdır - o cümlədən də Rusiya tərəfdən. Moskva buna hazırdımı?