“Moskva Ermənistanın ABŞ-ın təzyiqlərinə sinə gərəcəyinə ümid edir” – XİN

19/12/2018 - 13:51 8 047 0   0  

“Rəsmi Moskva Ermənistanın yeni hökumətinin ABŞ tərəfindən təzyiq və hədə-qorxulara sinə gərməyə cəsarət taparaq müstəqil qərarlar verəcəyinə ümid edir”.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

O deyib ki, bu il ölkədəki köklü dəyişikliklərin fonunda rəsmi Vaşinqtonun onun daxili və xarici siyasət işlərinə qarışması getdikcə daha ədəbsiz olur: “Oktyabr ayında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton Yerevana gələrək Ermənistana ABŞ silahlarını almaq və ən qısa vaxt ərzində İrana qarşı sanksiyalara qoşulmaq göstərişi vermişdi. ABŞ-Ermənistan münasibətlərinin hələ üzdə olan tərəfi budursa, onda pərdəarxası necə “qolburma” etdiklərini təsəvvür etmək olar”.

“Ermənistandakı parlament seçkilərində lazımi etimad qazanan indiki hökumətin açıq-aşkar təzyiq və hədə-qorxulara sinə gərmək üçün cəsarət taparaq milli mənafeyinə uyğun müstəqil qərarlar verəcəyinə və suveren hüquqlarını müdafiə edəcəyinə ümid edirik”, – rusiyalı diplomat vurğulayıb.

Xatırladaq ki, Ermənistanda bu il dekabrin 9-da keçirilən növbədənkənar parlament seçkilərində baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku səslərin 70,45 faizini toplayıb. Əvvəlki iqtidar olan Respublikaçılar Partiyası isə parlamentə keçə bilməyib.