Mənsum İbrahimov: “Bu nə dondurulmuş müharibədir, nə də... “ - Fotolar

22/12/2018 - 11:34 2 506 0   0  

“Yeni Müsavat”ın bu dəfəki qonağı Azərbaycanın xalq artisti, məşhur xanəndə Mənsum İbrahimov oldu. Xanəndə ilə professoru olduğu Azərbaycan Milli Konservatoriyada görüşüb, söhbətləşdik:

 - Artıq başa vurduğumuz 2018-ci il sizin üçün necə yadda qaldı?

 - 2018-ci il mənim yaradıcılığımda çox gözəl xatirələr qoydu. Belə ki, bölgələrdə və xaricdə böyük konsertlərim oldu. İlk olaraq Gəncə Dövlət Filarmoniyanın açılışında tələbəmlə birgə “Leyli Məcnun”u ifa etdik. Daha sonra böyük ustadımız Arif Babayevə yubiley konserti təşkil etdik. Qurban bayramında Qəbələdə Konqres Mərkəzində, həmçinin Sumqayıtda möhtəşəm solo konsertim oldu. Ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın İtaliyaya uğurlu səfərinin ardınca oradakı prezident sarayında “Qarabağ” muğam üçülüyü adı ilə gözəl solo konsert keçirtdik. Həmçinin, İtaliyanın “Ray” radiosunda 57 dəqiqəlik çıxışımız oldu. Çıxışımız zamanı radionun rəhbəri tamaşaçılara müraciətində bildirdi ki, qrupumuz Azərbaycanın Qarabağ bölgəsinin adını daşıyır, hansı ki, hazırda işğal olunub, Şuşa da Qarabağın mərkəzidir. İtaliyanın prezident sarayında bu sözləri eşitmək mənim üçün çox böyük qürurverici idi. Əlbəttə ki, bu həm də ölkəmizin nüfuzundan xəbər verirdi.

Daha sonra isə Ankarada çıxışlarımız oldu. Əsasən bu tədbirlərimiz Azərbaycan muğamlarının “UNESCO”-ya daxil olmasının 10 illiyi ilə bağlı idi.

Onu da əlavə edim ki, 2018-ci il hələ mənim üçün bitməyib. Belə ki, dekabrın 25-29-da Təbrizdə ustad dərslər verəcəm.

- Beləliklə deyə bilərik ki, 2018-ci il sizin üçün çox uğurlu olub...

- Bəli, yaradıcılıq baxımından çox uğurlu olub. Həm xarici səfərlərim, həm ölkədə keçirdiyim konsertlərim bunu deməyə əsas verir. Ümumiyyətlə insanların arasında olmağı çox sevirəm. Müşahidə etdim ki, daha çox bölgələrdə konsert keçirməyə ehtiyac var. Məhz bu səbəbdən artıq bölgələrdə konsertlər keçirməyə başlamışam. Məsələn ilk konserti Gəncədən, Qəbələdən başladıq, hazırda düşünürük ki, Ağdamda yeni açılan Muğam Mərkəzində möhtəşəm konsert verək. Ağdam hər zaman musiqinin mərkəzi rolunu oynayıb. Zamanında bütün festivallar orada keçirilib. Doğrudur, hazırda sitiuasiya fərqlidir, Ağdam torpağının böyük bir hissəsi düşmən tapdağı altındadır. Lakin buna baxmayaraq biz o torpaqlara gedirik, çünki biz o torpaqlarda doğulub, böyümüşük, səsimizi o torpaqdan almışıq. Hətta 2016-cı ilin aprel döyüşlərinin səhəri günü xalq artisti Arif Babayevlə birgə Ağdama getmişdik. Həmin zaman bir neçə kəndə baş çəkdik, ordakı insanlarla görüşdük. Biz insanlarda böyük ruh yüksəkliyi gördük. Evlər dağıla, viran da qala bilər, lakin bu həll olunan məsələdir, dövlətimizi həmin evləri yenidən bərpa edəcək, əsas odur ki, torpaqlarımız yenidən bizə qaytarılsın. Bir daha qeyd edirəm, həmin zaman insanlarımızın gözlərində cəsarəti, qorxmazlığı gördük, bu çox mühümdür və gözəl hissdir. Prezidentlə görüşümüzdə də bildirmişdim ki, Ağdamın kiçik hissəsində böyük Muğam Mərkəzinin açılması sıradan bir iş deyil, düşmənlə üz-üzə yaşayan insanlarımıza bu bina bir stimul, ürək-dirək, ruh yüksəkliyi verir. Ağdamda həmçinin digər quruculuq işləri görüldü, Xalça Fabriki açıldı, yol çəkildi və sairə. Bu o deməkdir ki, dövlət bütün gücünü ora qoyur. Cənab prezident qeyd etdi ki, “inşallah tezliklə bu cür musiqi mərkəzi böyük Ağdamda açacağıq”. Bu çox böyük bir mesajdır. Hamı istəyir ki, Qarabağ geri qayıtsın, lakin mən daha çox istəyirəm, çünki o torpaqda doğulmuşam. Mənim bütün nəslim məcburi köçkündür, çoxlu sayda şəhidlərimiz var, 4 qardaşım müharibə veteranıdır. Yəni qeyd etmək istəyirəm ki, həmin ağrı-acını çəkmişik və bu gün çəkirik... 55 illik yubileyimi də Ağdamda, məcburi köçkünlərlə birgə keçirmişəm...

Yeri gəlmişkən bildirim ki, dekabrın 22-də Ağdam Muğam Mərkəzində ilk konsertimiz keçiriləcək. Bu, həm Həmrəylik Günü həm də Yeni İl münasibəti ilə Ağdam camaatına hədiyyəmiz olacaq.

- Bu il həm də çox tanınmış bir brend markanın siması seçildiz. Sizin üçün ilk dəfə idi?

- Həqiqətən bu mənim üçün çox gözlənilməz oldu. Qəfildən mənə zəng gəldi və bildirdilər ki, sizi VMF Şirkətlər Qrupuna dəvət edirik. Vaxt təyin etdilər, görüşdük. Bildirildi ki, artıq milli brend olan saatlar satışa çıxacaq və mənim brendin siması seçmək istəyirlər. Təbii ki, mənim üçün ani olaraq yaranan ilk sual bu oldu ki, niyə mən? Mənə bildirdilər ki, altı ay araşdırma apararaq sonda yekdilliklə mənim üzərimdə dayanıblar. Əlbəttə, bu mənim üçün çox xoş oldu və məmnuniyyətlə razılaşdım. Təbii ki, 36 adda ilk milli istehsalımız olan brend saatlarımızın satışa çıxması çox sevindirici haldır. Brend markanın möhtəşəm təqdimat mərasiminin sonunda canlı olaraq “Şuşanın dağları”nı ifa etdim. Bildiyiniz kimi mən “Qarabağ” üçlüyünün adını daşıyıram. Bu ad əslində dünya üçündür. Necə ki, bu gün “Qarabağ” futbol klubumuz bu adı təbliğ edir, eləcə biz də. Ümumiyyətlə istəyirəm ki, dünyadakı insanlar Qarabağ adını daha çox eşitsinlər. Bu səbəbdən bütün konsertlərimin sonunda “Qarabağ şikəstəsi” oxuyuram. Bu da bir siyasətdir. Xarici ölkələrdə bizi təqdim edərkən bildirilir ki, Qarabağ Azərbaycanın torpağıdır, hazırda işğal olunub, hətta viran qalmış evlərin şəkilləri göstərilir və sairə. Əslində hər kəs öz işi ilə bunu etməlidir. Kimin qanında, canında vətən istəyi var, bunu edəcək. Bəzən eşidirik ki, kimlərsə ölkədən küsüb gedir. Bunu qəbul edə bilmirəm ki, bir insan öz vətənindən necə küsüb gedə bilər? Biz vətən üçün nəsə etməliyik, ondan nəsə gözləməməliyik. Bu gün biz daha çox həmrəy olmalıyıq, çünki torpaqlarımız hələ işğaldan azad olunmayıb.

IMG_20181221_163356.jpg (908 KB)

- Bu məsələdən söz düşmüşkən, yəqin ki, məlumatınız var, bu günlərdə Milli Qəhrəmanımız Mübariz İbrahimovun qəhrəmanlığına dil uzatmaq istəyənlər oldu. Necə düşünürsüz, zaman-zaman içimizdə bu cür düşüncəyə malik insanların peyda olmasının səbəbi nədir?

- Elə milli dəyərlər var ki, ölkə, millət ona görə yaşayır. Mübarizlər, babəklər, koroğlular, mehdilər olmasa biz dövlət kimi məhv olardıq. Millətimiz bu qəhrəmanlarımıza baxıb fəxr edir. Biz gənc nəsil, əsgər yetişdiririk. Tez-tez insanlardan eşidirik ki, “lazım gələndə canımı vətənə qurban verərəm”. Lakin zamanı gələndə bunu hər kəs edirmi? Əlbəttə ki, yox, can şirin şeydir. Lakin elə insanlar var ki, əzizini, valideynini düşünmədən öz canını vətən üçün sipər edir, onlardan biri də Mübariz İbrahimovdur. Mübariz başqasının torpağına soxulmayıb ki. O, öz vətənini, torpağını düşməndən təmizləmək istəmişdi, Xocalı faciəsinin qisasını almışdı. Zaman-zaman düşüncəsiz, cahil insanlarla rastlaşırıq, hansı ki, onları heç insan da adlandırmazdım. Belələrində əqidə, vətən sevgisi olmur. Bunun üçün də düşünürəm ki, həmin insanlar haqqında danışmaq, müzakirə etmək onları məşhurlaşdırmaq deməkdir. Mübarizin şəxsiyyətinə bu gün heç kəs kölgə sala bilməz. Çünki Mübariz bizim milli kimliyimizdir. Türkiyənin ən məşhur televiziya kanallarında, seriallarda Mübarizin qəhrəmanlığından söz açılır, örnək göstərilir. Putin kimi insan ondan bəhs etmişdi. Onun şücaəti adi deyil, təkbaşına düşmənin içərisinə girərək, ilk həmlədəcə çoxlu sayda düşmən məhv edib.

- 30-40 il bundan əvvəl keçirilən Yeni İl bayramları ilə indikinin fərqi nədədir?

 - Mən Qarabağda böyüyüb-başa çatmışam. Zamanında biz daha çox Novruz bayramını qeyd edirdik. Hətta Novruza bir ay qalmış bölgələrdə artıq bayram hazırlıqlarına başlayırdılar, baxmayaraq bu bayram dövlət səviyyəsində qeyd olunmurdu. Təbii ki, Yeni İli də qeyd edirdik. Lakin bu gün vəziyyət tamamilə başqadır. Məsələn, Avropaya gedəndə şahidi oluruq ki, Yeni İlə 1-2 ay qalmış artıq meydanlarda, böyük küçələrdə insanlar bayram hazırlıqlarına başlayıb. Təbii ki, bu daha çox xristianların bayramıdır, lakin bayramın heç bir ziyanı yoxdur. Əgər insanlar bu bayramı keçirəndə sevinirsə, əhval-ruhiyyəsi dəyişirsə, niyə də olmasın.

- Bəs Yeni İl bayramı ilə bağlı inanclara münasibətiniz necədir? Məsələn, inanırsızmı ki, bayramı evində keçirməyəndə yeddi il kənarda qeyd etməli olursan?

 - Bu bir inancdır, bəlkə çalışırlar ki, hər kəs öz evində, ailəsində qeyd etsin. Mən də çalışıram ki, bayram axşamlarında öz evimdə, ailəmlə birgə olum. Ümumiyyətlə bildirim ki, ən çox hüzr tapdığım, dicəldiyim yer ailəmdir. Gün ərzində nə qədər artıq vaxtım olsa, onu evdə keçirirəm.

- Astroloji proqnozlara inanırsız?

 - Astroloji proqnozlar bir elmdir. Lakin bu cür proqnozları izləyən, ona bağlı olan insan deyiləm. Düşünürəm ki, astroloji proqnozlara bağlı olmaq, ona uyğun olaraq həyatını, sabahını planlamaq insana təsir edir. Mən yalnız Allaha inanıram. Doğrudur, mövhumatçı deyiləm, lakin bütün istəklərim Allahdandır.

 - Yeni İldən gözləntiləriniz nədir?

- Əlbəttə ki, yaradıcı insan kimi hər zaman planlarım, layihələrim, arzularım var. Lakin səmiyyətlə deyirəm ki, mən ən çox eşitmək istədiyim Qarabağla bağlıdır. Mən hazırda həyatımdan razıyam, lakin içimdə hər zaman bir arzu nisgil var – mən o torpağa getmək istəyirəm. İstəyirəm ki, keçirdiyimiz böyük festivallar, konsertlər yenidən o torpaqda olsun və inanıram, əminəm ki, bu baş verəcək. Düşünürəm ki, artıq dünya da başa düşür ki, bu məsələ belə davam edə bilməz. Bu nə dondurulmuş müharibədir, nə də atəşkəsdir, çünki yenidən itkilərimiz, şəhidlərimiz olur. Beləliklə haqq öz yerini tapmalıdır...