Məmurlarının öz sərvətlərini xaricə daşımalarının sirri - İLGİNC

29/12/2018 - 10:10 4 240 1   0  

Azərbaycanda əksər məmurların qısa zamanda böyük var-dövlət topladığı heç kimə sirr deyil. Vəzifəyə təyin olunan məmurların az sonra varlanacağı o qədər gözləniləndir ki, yalnız kiminsə daha az toplaması cəmiyyəti təəccübləndirə bilir. Bir çox hallarda isə zahirən daha az korrupsiyalaşmış, necə deyərlər, “azyeyən” təsiri bağışlayan məmurların belə sonradan böyük həcmdə var-dövlət topladığı ortaya çıxır.

Maraqlıdır ki, burada, özü də korrupsiya və qanunsuz yollarla toplanan vəsaitlərin böyük hissəsi xarici ölkələrə yatırılır: ya gizli hesablara, ya da müxtəlif ofşor ərazilərdə şirkətlərə, biznes fəaliyyətlərinə. Və Azərbaycandakı əmlaklarını kasıb-kusubun adına rəsmiləşdirən məmurlarımız xaricdəki bizneslərini daha çox öz ailə üzvlərinə etibar edirlər. Araşdırıldıqda əksər məmurların oğul-uşaqlarının adına açılan yüzlərlə şirkət üzə çıxır. Azərbaycan məmurları burada topladıqları var-dövləti niyə xarici ölkələrə çıxarırlar? Niyə çox az sayda məmur Azərbaycanda biznesə yatırım edir?
Sualları cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, məmurlar tərəfindən xaricə aparılan pullar halal yolla qazanılan gəlirlər hesabına formalaşmır: “Söhbət halal qazancdan gedirsə, 1000-1500 manat olan məmur maaşıyla bu qədər var-dövlət əldə etmək mümkün deyil. Buna qazanc demək də doğru olmazdı, çünki korrupsiya, dövlət malının talanması yolu ilə əldə olunan vəsaitləri halal qazancla qarışdırmaq olmaz. Bu vəsaitlərin qarantı vəzifədir. Məmur nə qədər ki, vəzifədədir, fəaliyyəti, əldə etdikləri qarant altındadır. Amma vəzifə də əbədi deyil və bir gün vəzifədən çıxarıla bilirsən. Yeri gəlmişkən, qeyd edim ki, son 4-5 ildə Azərbaycanda vəzifədən çıxarılan yüksək vəzifəli məmurların sayında böyük artım var. Müstəqillik dövründə indiyədək bu qədər məmur vəzifədən çıxarılmayıb. Çıxarılan məmurların üzərindən zəmanət hissi dərhal götürülür, araşdırmalar aparılır, onlarla bağlı müəyyən faktlar üzə çıxır. Məmurlar da anlayırlar ki, onların əldə etdiklərinin qeyri-qanuni fəaliyyətlərin nəticəsi olduğu heç kimdə şübhə doğurmur, məhkəmələr vasitəsilə bunu sübut etmək çətin deyil. Amma xaricdə bunu isbatlamaq çətindir, orada məhkəmə prosesləri də tamam fərqli aparılır, ora çıxarılan vəsait ən azından zəmanət altında olur ki, onun ailələrinə, yaxınlarına qismət olacaq. Azərbaycanda belə zəmanət olmadığı üçün hamısı əldə etdiklərini xaricə daşıyır”.
Ekspertin sözlərinə görə, Azərbaycanda bizneslə bir çox məmurlar “birləşib”: “Korrupsiya biznesin tərkib hissəsinə, vəsaitlərin əldə edilməsinin çox böyük elementinə çevrilib deyə Azərbaycanda əldə edilən pulları həmən ölkədən çıxarmağa çalışırlar. Çünki vəzifədən gedən kimi onun əldən çıxmaq qorxusu var”.
Azərbaycanda vəzifədə olaraq dəbdəbəli həyat sürən, bahalı avtomobillərdən, digər əşyalardan kolleksiya düzəldən məmurlar da az deyil. N.Cəfərli bildirir ki, bütün bunlara sərf olunan pullar həmin məmurların topladığı sərvətin onda biri qədər deyil: “Dəbdəbəli həyat həmin məmurun daha çox sərvət əldə etməsinin göstəricisidir. Onlar bir neçə on milyonu burada rahatlıqla xərcləyə bilirlər, xaricə isə bundan yüzqat artıq vəsait çıxarırlar. Eyni zamanda vəzifədə olanlarda bir arxayınçılıq da yaranır - toxunulmaz olmasına dair. Lakin vəzifədən alınan kimi topladıqlarını əlindən alırlar. Bu, əslində Azərbaycanda sağlam cəmiyyət münasibətlərinin formalaşmadığını göstərir. Bu münasibətləri aradan qaldırmaq üçün gec-tez Azərbaycanda maliyyə amnistiyası həyata keçirilməlidir. Xaricə daşınan pulların geri qaytarılması təmin olunduqdan sonra elə sistem qurulmalıdır ki, heç kim dövlət malına haram gözlə baxa bilməsin”.
“Yeni Müsavat”