Məmurlar cindar Məmmədsəfanın yanına niyə gedirlər? - Qiymət/Video

29/11/2018 - 19:51 1 132 0   0  

Astaranın Şüvi kəndində yaşayan məşhur baxıcı və cindar Məmmədsəfanın yanına tanınmış sənətçilərin, məmurların getməsi müzakirələrə səbəb olub.

Cahan.info xəbər verir ki, bəzi məmurların cindar Məmmədsəfanın yanına gedərək fala baxdırması, cadu etdirməsi, bir-biri ilə yola getməyən vəzifəli şəxslərin baxıcının əli ilə yol bağlatması, işindən azad olunması üçün əməl etdirməsi haqda söhbətlər dolaşır.

BakuPress.Az həmin mollanın evindən reportaj hazırlayıb, gizli çəkiliş aparıb. Hətta polislə əlaqə saxlayaraq onun fırıldaqçı olduğunu bildiriblər.

Ancaq onu qoruyan sehirli əllər olduğu deyilib. Müğənnilərdən Elnarə, Namiq Qaraçuxurlu, Əlikram Bayramov, aparıcı Ülviranın onun yanına getdiyi xəbərləri var.

Astarada “ikinci allah” adlandırılan Məmmədsəfanın yazdığı dualar guya ki, bağlı qapılar açır, çətinlikləri aradan qaldırır, düyünlü işi asan edir.

Video reportajda danışan şəxslərdən biri deyir ki, cindarın şəxsi təsərrüfatı var, fermaları fəaliyyət göstərir, mağazaları var, böyük imkanlara malikdir.

Lakin baxıcılıqla qazandığı pullar hesabına biznes qurmuş falçıya hələ də inananlar var. Onlar təkcə bisavad, cahil adamlar deyil, aralarında müğənnisi, məmur var. Bu da XXI əsrdə hansı vəziyyətdə olduğumuzu ifadə edir.

Məmurların falçı yanına getməsi əslində, çoxdankı söhbətdir. Onlar həmişə cadu-piti ilə məşğul olublar, bir-birinin yolunu bağladıblar. Həmin falçılar məmurların kimliyini yaxşı bilirlər. Hətta məmur-nazir arvadları da baxıcılara, cindarlara üz tuturlar.

Bakupress.az yazıb ki, Məmmədsafa hər kəsi öz qapısında növbədə saxlamağa məcbur edir. Mollanın insanlarla davranışı isə başqa bir mövzudur, əsil +18...

Videodakı növbəyə duran insanların davasını görsəniz dəhşətə gələrsiniz, heç aclıq vaxtı çörək növbəsində elə davalar olmayıb. Deməli, hələ də Şeyx Nəsrullahlar,molla İbrahimxəlililər,Dərviş Məstəlişahlar var.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən falçılıqla məşğul olunmasına qadağa qoyulub, hüquq-mühafizə orqanları onlara qarşı mübarizə aparır.

Məmmədsəfa 20-25 il bundan öncə Lerikin Kaqo kəndindən hansısa səbəblərdən köçüb bu kəndə. Hamı da qapısında nökərdir. İki qadın isə deyib ki, onun yanına gedəndə ayaqlarını öpün, yalayın,yalvarın, onda o sizə kömək edəcək.

Məmmədsəfada duaların qiyməti də müxtəlifdir: ruzi duası 100 manat, bəxt açmaq 2000 manat, işə düzəlmək duası 5000-10000 arasıdır. Ərə getmək üçün dua 1000-3000 arasıdır.