Məmur və millət vəkillərinin görüş formatı dəyişməlidir – Açıq mikrafon işləyəcəkmi?

22/04/2019 - 22:15 1 939 0   0  

Prezident İlham Əliyev xalqla görüşlərində birbaşa təmaslarda olmağa daha çox üstünlük verir.

Ölkə başçısı xüsusilə bölgələrə səfərləri zamanı xalqın arasında olmağa, onların problemlərini birbaşa öyrənməyə çalışır. Hətta belə təmaslar zamanı prezident yerli sakinlərin şikayət dolu məktublarını da şəxsən qəbul edərək, yerindəcə həll olunması üçün müvafiq tapşırıqlarını verir.

Ancaq ölkə başçısından fərqli olaraq, əksər məmurlar, hətta millətin seçilmiş vəkillərinin xalqla görüşlərində bu mənzərənin şahidi olmuruq. 

Millət vəkili Fazil Mustafa məsələ ilə bağlı saytımıza danışıb. F. Mustafa bildirib ki, yalnız prezidentin diqqətində olan məsələnin həlli üçün bütün qurumlar hərəkətə keçir:

“Bu məsələdə əslində, real məzmun olmalıdır. Prezidentin xalqla görüşləri müsbət tendensiyadır. Bir məqam var ki, prezidentin vətəndaşların problemləri ilə bağlı istənilən məmura verdiyi tapşırığın icrası ciddi şəkildə gerçəkləşdirilir. Amma millət vəkilinin, yaxud hər hansı məmurun xalqla bu şəkildə görüşləri keçiriləndə, problemləri həll etmək imkanları məhdud olar. Bu məhdudiyyətlərə görə də, millət vəkilləri müəyyən məsələlərdə vəd verməkdən o tərəfə gedə bilmir”.

F.Mustafa vurğulayıb ki, bütün strukturlar normal işləsə, görüşlərin formatının dəyişilməsi fikrini dəstəkləyir:

“Yəni məmur vətəndaşın problemi ilə bağlı konkret struktura müraciət edəndə, onun həllinə nail olmalıdır. Problem buradadır. Prezidenti eşidən məmurlar millət vəkilini və başqalarını eşitmirlər. Məsələn, elə problemlər var ki, prezident ondan gec xəbərdar olur. Amma daha çox insanlarla təmasda olan məmurlar, millət vəkilləri həmin problemlərlə bağlı daha tez məlumat ala bilir. Millət vəkilinin həmin problemi həll edə bilməməsinin səbəbi, bəzi strukturların düzgün işləməməsi, şikayətə baxmamasıdır. Bəzi strukturlarda olan məmurlar ancaq yuxarıdan gələn zənglər əsasında iş ortaya qoyurlar. Əslində, biz də istəyərik ki, vətəndaşla açıq təmaslarımız olsun”.

Fazil Mustafa da qeyd edib ki, məmurların xalqla açıq təmaslarının olması prezidentin də işini yüngülləşdirər:

“Amma bu yüngülləşdirmə məsələsi üçün ilk olaraq, strukturlar işləməli, sistem çalışmalıdır. Bu, hələ ki görünmür. Ona görə də, biz bu görüşlərin formatını dəyişsək belə, vətəndaşların problemlərinin həllinə nail olmağımız sual altındadır. Bizim gücümüz çatır ki, vətəndaşın məktublarını müvafiq qurumlara təqdim edək. Qurum da bu şikayətlərə standart cavabını verir və nəticədə vətəndaşlar məmurlara inanmır. Ona görə də, narazı vətəndaşlar problemlərinin həll edilməsi üçün şikayətlərini birbaşa prerzidentə çatdırmağa üstünlük verirlər”.

Millət vəkili Aydın Mirzəzadə hesab edir ki, məmurlar prezidentdən nümunə götürməlidir:

“Ümumiyyətlə, həm məmurlara, həm də millət vəkillərinə çoxsaylı vətəndaş müraciətləri daxil olur. Həmin müraciətlərin hamısı araşdırılır. Millət vəkillərinin kabinetdə görüş keçirməsinin səbəbi, bəzi vətəndaşların problemini təklikdə demək istəməsi ilə də bağlıdır. Yəni yerindəcə harasa zəng edib məsələni həll etmək daha səmərəli sayılır. Eyni zamanda vətəndaşlarla açıq formatda görüşlərin keçirilməsinin də tərəfdarıyam. Kütləvi görüşlərə də ehtiyac var. Şübhəsiz ki, biz hamımız cənab prezidentdən nümunə götürməliyik. Ölkə başçısının xalqla təması, ünsiyyət forması hamımız üçün nümunədir. Bu, bir daha göstərir ki, cənab prezidentin simasında xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır”.

Firuzə Vahid