Məktəbdə cinsi əlaqəyə girən şagirdlər, döyülən direktor, zorlanan məktəblilər... - TƏHSİLİMİZİN BİR İLİ

27/12/2018 - 20:49 12 322 0   0  

Ötən il müəllimlərin şagirdlərini döyməsi, direktorun müəllimin yaxınları tərəfindən xəstəxanalıq edilməsi, şagirdləri Bakıya ekskursiyaya gətirən müəllimin direktor tərəfindən şikayət edilməsi, yeni orfoqrafiya qaydalarının təsdiqi, içərisində 5 min manat olan pulu sahibinə qaytaran şagirdə təhsil nazirinin təşəkkür etməsi və .s maraqlı məqamlarla yadda qaldı.

İl qalmaqalla başladı. Elm sahəsində hələ 2017-ci ildən qalan orfoqrafiya qaydaları ilə bağlı dəyişikliklər ilin əvvəlində alimlər arasında fikir ayrılığı yaratdı. Müzakirələr demək olar ki, ilin sonuna qədər davam etdi. Nəticədə, təklif olunan dəyişiklilərin bəziləri bu il qəbul edildi. Baxmayaraq ki, dəyişikliyin bir qismi əksəriyyət tərəfindən razılıqla qarşılanmamışdı.

Qalmaqallar...

İlin əvvəlində başlayan daha bir qalmaqal tərəflərdən birinin xəstəxanalıq olması ilə yekunlaşdı.

Belə ki, yanvar ayında Bakıda fəaliyyət göstərən 220 saylı məktəb-liseydə insident baş verdi. Məktəb-liseyin direktor müavini Zeynəb Rzayevanın qardaşı Rza Rzayev direktor Tural Mirzəliyevin otağına daxil olaraq, heç bir səlahiyyəti olmadığı halda, məktəbin işinə kobud şəkildə müdaxilə edərək direktoru təhqir və təhdid etdi.

Bu mübahisə ilin sonuna qədər davam etdi. T.Mirzəliyev 175 saylı məktəbin direktoru təyin edildi. Tərəflər arasındakı

mübahisə R.Rzayevin T.Mirzəliyevi xəstəxanalıq etməsi ilə nəticələndi.

İl boyu məktəblərlə bağlı qalmaqallar bitmədi. Səbail rayonunda yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2017-ci ildə baş verdiyi iddia edilən hadisə bu il gün üzünə çıxdı. İddiaya görə, 11-ci sinfində oxuyan R.C. 2017-ci il dekabr ayının 10-da onunla eyni məktəbin 7-ci sinfində oxuyan qızla idman zalının soyunub-geyinmə otağında intim əlaqədə olub və bunu telefona çəkərək sosial şəbəkələrdə yayıb. Onun barəsində cinayət işi açılıb.

Məktəblərlə bağlı daha bir kriminal xəbər Xətai rayonunda yerləşən 263 nömrəli orta məktəbdən gəldi. Bu dəfə iddia daha dəhşətli idi. Belə ki, 1-ci sinif şagirdinin 10-cu sinif şagirdlərinin cinsi təcavüzünə məruz qalması ilə bağlı məlumat yayıldı. Övladları həmin məktəbdə təhsil alan valideynlər əvvəl mediaya müraciət etdi, sonra məktəbin qarşısında aksiya keçirdi.

Məktəbin direktoru Nurqələm Bayramova isə yayılan məlumatın tamamilə yanlış olduğunu dedi.

Bu ilin ən yaddaqalan təhsil hadisələrindən biri Lənkəranda baş verdi. Lənkəranın Gərgiran kənd orta məktəbinin tarix müəllimi Həbib Əlizadə polisə çağrıldı. Müəllimin polis bölməsində çağrılmasında səbəb onun şagirdləri Bakıya ekskursiyaya gətirmək istəyi idi. Buna səbəb məktəbin direktoru Ziyafəddin Cavadovun onun barəsində polisə şikayət etməsi idi. Medianın məsələyə müdaxiləsindən sonra tərəflər razılığa gələrək aralarındakı münasibəti yoluna qoydu.

Cəzalanan müəllimlər…

Təbii ki, yol verdikləri nöqsanlara görə cəzalanan təhsil işçiləri də oldu. Məsələn, paytaxtdakı 281 nömrəli tam orta məktəblə bağlı aparılan araşdırma nəticəsində təhsil müəssisəsinin 2 nəfər pedaqoji işçisi "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini pozduğuna, məktəbin direktoru pedaqoji kollektivə rəhbərlik və nəzarət işində yol verdiyi nöqsanlara və ümumilikdə, vəzifə funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə mövcud qanunvericiliyə uyğun olaraq tutduqları vəzifədən azad olundu.

Bundan başqa, məktəbdaxili intizam qaydalarına, "Müəllimlərin Etik Davranış Qaydaları”nın tələblərinə uyğun olmayan davranışa yol verdiyinə görə 189-190 nömrəli məktəbin ibtidai sinif müəllimi Səyyarə Əliyeva ilə bağlanmış əmək müqaviləsinə son qoyuldu.

2018-2019 tədris ili başlayanda Bakı şəhər Təhsil İdarəsi hesabat verdi. Hesabatda 2017-18-ci tədris ilində aparılan monitorinqlər nəticəsində işindən azad edilən cəzalandırılan təhsil işçilərinin sayı açıqlandı.

Hesabatda bildirildi ki, işində yol verdiyi nöqsanlara görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin bir əməkdaşı, on təhsil müəssisəsinin rəhbəri, iyirmi direktor müavini, doqquz müəllim, bir kitabxana müdiri işindən azad edilib.

Bakı Şəhəri üzrə Təhsil idarəsinin 2 əməkdaşı, 18 təhsil müəssisəsi rəhbəri, 32 direktor müavini, 54 müəllim, Bakı şəhər bölmələrinin 6 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin struktur bölmələrinin 30 əməkdaşı, 27 təhsil müəssisəsinin rəhbəri, 11 direktor müavini və 40 müəllimə xəbərdarlıq edilib. Görülmüş tədbirlər nəticəsində 58474 manat məbləğində vəsiaitin dövlət büdcəsinə qaytarılması təmin edilib.

Başqasının əvəzinə imtahan verən tələbə…

Şagirdlərin yol verdikləri nöqsanlar məktəb divarları ilə məhdudlaşmadı. Belə ki, bu il ali məktəbə qəbul olmaq istəyərkən qeyri-qanuni yollara əl atanlar da oldu. Onlar bəzi ali məktəblərin tələbələrinin "köməyindən” istifadə etməklə istəklərini gerçəkləşdirməyə çalışsalar da, planları baş tutmadı.

Dövlət İmtahan Mərkəzi onların niyyətlərini qısa zamanda aşkarladı. Aparılmış ilkin araşdırmalar zamanı məlum oldu ki, Gəncə və Mingəçevir şəhərləri üzrə müxtəlif ali və orta təhsil müəssisələrinin əməkdaşları müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində artıq Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Gəncə Dövlət Universitetinin tələbələri adlarına yiyələnmiş gənclərin qəbul imtahanlarında abituriyent kimi iştirak etməsini təşkil ediblər.

Bəlkə də, imtahanların test üsulu ilə keçirildiyi 26 il ərzində ilk dəfə belə bir hadisə baş verdi. İbrahim Əsgərli adlı abituriyent və ailəsi imtahan nəticələrinin Dövlət İmtahan Mərkəzi tərəfindən dəyişdirilməsi iddiası ilə gündəmə çevrildi. Onlar iddia etdilər ki, abituriyent 596 bal toplasa da, ali məktəbə qəbul olmayıb. Çox keçmədi ki, DİM-in Direktorlar şurasının

sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirdi. İddianın yalan olduğunu, nəticənin "fotoşop” proqramı vasitəsilə dəyişdirildiyini bildirdi. Qalmaqallı mətbuat konfransında tərəflər razılığa gəlmədi, İ.Əsgərlinin valideynləri məsələni məhkəmə yolu ilə həll edəcəklərini bildirdilər.

Bəzi məktəblilər isə örnək davranışları ilə yadda qaldı. Məsələn, Tovuz rayon Əyyublu kənd sakini, məktəbli İdris Abbasov küçədə içərisində 5 min manat olan pulqabı tapdı. Həmin pulqabını sahibinə qaytaran İ.Abbasova təhsil naziri Ceyhun Bayramov təşəkkür məktubu göndərdi.

Şad xəbərlər var...

Bu il həm də rekord sayda abituriyentin ali məktəbə qəbul olması ilə yadda qaldı. 41 minə yaxın gənc tələbə adını qazandı. Onlardan 3127 nəfəri 600 baldan yüksək nəticə göstərib, 29 abituriyent 700 bal toplayıb, 2090 nəfər 500-dən yüksək bal toplayaraq müəllim ixtisasını seçib. Ali məktəbə qəbul ola bilməyənlər üçün isə Nazirlər Kabinetinin qərarı ilə yeni imkan yaradıldı. "Ali təhsil müəssisələrinin hazırlıq qruplarında tədrisin təşkili Qaydası”na əsasən, nazirliyin müəyyən etdiyi ali təhsil müəssisələri və ixtisaslar üzrə bakalavriat səviyyəsində birillik ödənişli hazırlıq qrupları təşkil olunacaq. Bu qruplar üçün tədris ili 2 semestrdən ibarətdir və oktyabr ayının 1-də başlayıblar. Hər semestrdə 15 həftə nəzəri tədris üçün, birinci semestrin sonunda imtahan keçiriləcək.

Ali təhsil almaq istəyənlər üçün daha bir şad xəbər beynəlxalq olimpiadalarda qalib olanlara dövlət ali məktəblərində istədikləri ixtisasda təhsil almaq imkanı yaradılmasıdır. Bu məqam Milli Məclisdə "Təhsil haqqında" qanuna edilən dəyişiklikdə əksini tapdı.

Bu dəyişikliklərin məqsədi beynəlxalq olimpiadalarda ali məktəbə qəbul olanların əksəriyyətinin yerli ali məktəblərə deyil, xarici universitetlərə üz tutması hallarını aradan qaldırmaqdır.

Gələn il tələbələri sevindirəcək daha bir yenilik Heydər Əliyev Fondunun dəstəyi ilə tikintisi başa çatan 800 yerlik yataqxana kompleksi olacaq. Yataqxana binası həmçinin müəllimlər üçün nəzərdə tutulub.

Bununla yanaşı, millət vəkilləri təhsilini qızıl medalla başa vuran məzunların imtahandan azad olunmasını da təklif etdilər. Bu məsələ "Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb. Bu il həm də köhnə məktəb binalarında təhsil alan, ya da yaşadığı kənddə belə bir imkan olmadığına görə təhsildən uzaqda qalanlar üçün də ciddi addımlar atıldı. Belə ki, 43 regionda 8120 şagird yerlik 137 modul tipli məktəb quraşdırılır.

Bu il "Təhsil haqqında” qanunda edilən ən mühüm dəyişiklik rektorların 5 ildən bir təyin edilməsi oldu. Yəni bundan sonra təyin olunan rektorların fəaliyyəti 5 il sonra dəyərləndiriləcək. Fəaliyyəti tələblərə cavab verməyən rektor yenidən vəzifəyə təyin edilməyəcək. Təbii ki, bu da universitetlərin beynəlxalq reytinqini yüksəldəcək.

Yeni müəllimlər…

Əlbəttə, bu il yalnız nöqsanlar və işdən azad edilmələrlə yadda qalmadı. Təhsildə müəyyən uğurlar da əldə etdik.

Belə ki, müddətli müqavilə ilə işləyən müəllimlərin müddətsiz müqavilə ilə işə götürülməsi müsabiqəsi bu il ilk dəfə İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşdirilmiş qaydada həyata keçirildi. Müddətli müqavilə ilə işləyən 477 müəllimlə müddətsiz müqavilə bağlandı. Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində 1294 müəllimin iş yeri dəyişdirdi. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra İnsan Resursları Mərkəzi tərəfindən ümumi təhsil müəssisələrində boş qalan yerlərə ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada və proqram təminatı tətbiq olunmaqla müəllimlərin müddətli müqavilə ilə işə qəbulu üzrə 4 yur həyata keçirildi. Birinci turda 1178 nəfər, ikinci turda 489 nəfər, üçüncü turda 1583 nəfər, dördüncü turda isə 564 nəfər işə qəbul edildi. Turlar başa çatdıqdan sonra İnsan Resursları Mərkəzi tərəfindən boş qalan vakant yerlərə yaşayış yeri, imtahan fənni, bölmə və imtahan nəticəsi nəzərə alınaraq 608 namizəd işə qəbul edildi. 142 mindən artıq müəllim diaqnostik qiymətləndirmədən keçib, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artdı. Onların orta aylıq əmək haqqı 500 manata çatdı ki, bu da ölkə üzrə orta aylıq əmək haqqına yaxındır.

Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşdı. Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-ü yerə, bu kateqoriyanın tərkib hissəsi olan rəqəmsal bacarıqlar üzrə 15-ci, tədrisdə tənqidi düşüncə üzrə 27-ci, bacarıqlı işçiləri tapmaq asanlığı üzrə 31-ci, məzunların bacarıqları üzrə 32-ci, ibtidai təhsildə müəllim-şagird nisbəti üzrə 48-ci yerə yüksəldi.

Müəllimlərin XV, tələbələrin II qurultayı keçirildi. Qurultayda təhsildə əldə edilən uğurlardan danışıldı. Bununla yanaşı gələn illərdə qarşıda duran vəzifələr də bəyan edildi.

Yeni tədris ilində…

Şagirdlərin qiymətləndirilməsində yeniliklər olacaq. Şagirdlərin dərs yükü bir neçə ildir valideynlər tərəfindən etirazla qarşılanır. Hər dəfə Təhsil Nazirliyi məsələnin onları da narahat etdiyini bəyan edir. Lakin gələn ildən summativ qiymətləndirmələrdə dəyişiklik olacaq. Humanist, demokratikləşmə ruhunda olan yeni qiymətləndirmə hər bir təhsil müəssisəsinə geniş imkanlar yaradacaq, sərbəstlik verəcək. Eyni zamanda, müəllimin və şagirdin yükünün azalmasına xidmət edəcək, tədrisə rahatlıq gətirəcək.

Təbii ki, bu il təhsillə bağlı qəbul edilən ən mühüm qərarın nəticəsini gələn il görəcəyik. Bu dəyişiklik ali məktəblərə qəbul qaydalarının tam yenilənməsi deməkdir. Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”na əsasən, imtahanın birinci mərhələsində abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici

dil və riyaziyyat fənlərindən qəbul imtahanı verəcəklər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə biləcəklər. İmtahanda abituriyentlərə Azərbaycan (rus) dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq təqdim ediləcək.

Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olacaq.

Qəbul imtahanlarının birinci mərhələsinin (buraxılış imtahanlarının) nəticələri 2 il qüvvədə olacaq, cari və növbəti tədris illərində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verəcək. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçiriləcək, 1 il qüvvədə olacaq və yalnız cari tədris ilində abituriyentə ali təhsil müəssisələrinə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak etmək hüququ verəcək. Qəbul imtahanları hər tədris ilində iki dəfə – yaz və yay sessiyaları şəklində keçiriləcək.

Ötən il təhsildə müəyyən problemlər yaşasaq da, gələn il üçün ümidverici nüanslar var. Bu ümidlərin gerçəkləşməsi diləyi ilə.../publika.az/