Məktəbə velosipedlə gedən və 75 dəqiqə tənəffüsdə olan şagirdlər - Finland təhsilinin uğur sirri

10/03/2019 - 00:30 6 502 0   0  

Güclü təhsil sisteminə malik ölkələrdən biri də Finlandiyadır.

XXI əsrin ilk onilliyində Finlandiya dünyanın təhsil sahəsində əsas monitorinq - PISA-nın sıralamasında ən öndə yerləri tutmağa müvəffəq olub.

Finlandiyada özəl məktəb yoxdur və təhsil xərclərinin hamısı dövlət tərəfindən qarşılanır. Büdcənin 12 %-i təhsilə ayrılır.   Ölkədə məktəbəqədər təhsil uşaqların 6 yaşı tamamladıqdan sonra  başlayır. Məktəbəqədər təhsil sistemi 1 il davam edir. Finlandiyada məktəbəqədər təhsil  həftədə 5 dəfə  olaraq 4 saat keçirilir.

Finlandiyada orta təhsil iki mərhələyə aşağı və yuxarı siniflərə ayrılır. Finlandiyada ibtidai təhsil uşaqların 7 yaşı tamam olduqda başlayır. İbtidai sinifdə şagirdlərin dərsdən kənar, tənəffüs üçün keçirdikləri zaman ümumilikdə 75 dəqiqədir. Amerikada bu 27, Türkiyədə 45, Azərbaycanda 20-25 dəqiqədir. Finlandiyada tətil də uzun müddətlidir.

Orada uşaqlar məktəbə piyada, ya da velosipedlə gedirlər. Əgər şagird məktəbdən 2 km uzaqda yaşayırsa, xüsusi avtobusla dərsə ödənişsiz aparılıb-gətirilir. Finlandlar uşaqların müstəqil yetişməsini vacib sayır.   

Fin məktəblərində VIII sinfə qədər tədris bütün şagirdlərə eyni proqram əsasında tətbiq olunur. Finlandiyada məktəblilər VIII sinifdən etibarən  öz maraq və ehtiyaclarına uyğun tədris proqramlarını formalaşdırma haqlarına sahibdirlər.

Fin məktəblərində idman və musiqiyə mühim yer verilir. Eyni zamanda məktəblərdə şagirdlərə  az ev tapşırığı da verilir. 

Çoxçeşidli menyu seçmək imkanına sahib olan məktəblər…

Finland məktəblərində şagirdlər üçün günorta yeməyi dövlət tərəfindən təmin edilir. Şagirdlər üçün günorta yeməyi  hər məktəbdə eyni şəkildə və yüksək keyfiyyətlə təqdim edilir. Finlandiyada hər şagirdə  səhər yeməyi ilə yanaşı,  xüsusi qəlyanaltılar da verilir. Şagirdlər məktəbdə çoxçeşidli  menyu seçmək imkanına malikdirlər. Finlandiya məktəblərində sağlamlıq problemləri olan  uşaqlara isə fərqli ayrı-ayrı menyularla yeməklər  təqdim olunur.  Məsələn, nahar üçün souslu kartof, salat, kartof və kotletlər…  Hətta allergiyası olan uşaqlara, ayrı yemək hazırlanır.

Finlandiyada orta məktəblərdə dərs deyən   müəllimlərin  demək olar ki, hamısının magistr dərəcəsində təhsili var.

Orta məktəblərdə peşə təhsili verən Finland möcüzəsi…

Ölkədə orta məktəblərdə şagirdlərə həm də peşə təhsili  verilir. Hər şagird məktəbi bitirdiyi zaman marağında olduğu peşəyə yiyələnəcək qabiliyyətə sahib olur.

 Finlandiyada ali məktəblər universitet və politexnik təhsil ocaqlarına bölünür.

Universitetlərdə əsas diqqət elmi tədqiqatlara ayrılır və tələbələrə hərtərəfli nəzəri biliklər verilir. Politexnik profilli təhsil müəssisələrində isə, əsasən, praktiki bacarıqlar xüsusi əhəmiyyət kəsb edir.

Politexnik profilli təhsil müəssisələri, əsasən bələdiyyələr, bəzi hallarda isə özəl qurumlar tərəfindən idarə olunur.

Finlandiyanın bütün universitetlərində bakalavr dərəcəsi üzrə təhsil müddəti təxminən 3-4 ildir. Proqramdan asılı olaraq, bu pillədə ali təhsil tamamlana bilər.  

Tələbələrə  təhsili sevdirən uğur formulu…

Universitet və politexnik profilli ali təhsil müəssisələrində tələbələrin dərsə davamiyyəti könüllüdür. Finlandiya ali məktəblərində tələbələrdən heç bir təhsil haqqı tələb olunmur.  Amma Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn tələbələr üçün təhsil ödənişlidir.

Universitetlərdə təhsil alan hər kəsin tələbə ittifaqına üzvlüyü məcburidir. Politexnik ali təhsil müəssisələrində isə tələbə ittifaqına üzvlük könüllüdür.

Finlandiyada tələbələrə bir sıra maliyyə yardımları da verilir. Amma təhsilində geriləmə və müvəffəqiyyətsizlik olan tələbələrdə yardım ləğv edilir. Yardımın miqdarı, adətən, o qədər də çox olmur. Məhz buna görə də tələbələrin əksəriyyəti özlərini maliyyələşdirmək üçün işləyirlər. Finlandiyada təhsil alanlar həmçinin dövlət təminatlı tələbə borclarından da yararlana bilirlər.

Günel Yaşarqızı