Minskdə KTMT sammiti başlayır... – BU DƏFƏ ERMƏNİSTANSIZ

23/11/2023 - 12:46 2 718 3   1  

Bu gün, noyabrın 23-də Minskdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası keçiriləcək.

BELTA xəbər verir ki, təşkilat üzvləri beynəlxalq və regional təhlükəsizliyin aktual problemlərini müzakirə edəcək, qarşıda duran vəzifələri müəyyənləşdirəcək, kollektiv təhlükəsizliyin maraqlarının təmin edilməsinə yönəlmiş bir sıra sənədlər qəbul edəcəklər.

Qazaxıstan, Tacikistan və Qırğızıstan prezidentləri Kasım-Jomart Tokayev, Emoməli Rəhmon və Sadır Japarov artıq Belarusun paytaxtına gəliblər. Rusiya prezidenti Vladimir Putin də şəxsən iştirak edəcək.

Sammitdən əvvəl Minskdə XİN, Müdafiə nazirlikləri rəhbərləri və KTMT ölkələrinin təhlükəsizlik şuraları katiblərinin görüşləri keçirilib. İclasda 20-yə yaxın sənəd, o cümlədən XİN rəhbərlərinin “Avrasiya məkanının təhlükəsizliyinin təmin edilməsinə ümumi yanaşmalar haqqında” bəyanatı və KTMT-nin informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında qərar qəbul edilib.

Xatırladaq ki, KTMT-yə keçmiş SSRİ-nin altı ölkəsi - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir. Təşkilat 1992-ci ildə Daşkənddə imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsinə əsaslanır. KTMT-nin əsas məqsədi üzv ölkələri xarici silahlı hücumdan qorumaqdır.

Bu il KTMT tədbirləri erməni nümayəndələri olmadan keçirilir. Belə ki, sammitdən bir həftə əvvəl, noyabrın 14-də baş nazir Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığında Minskdəki görüşdə iştirak edə bilməyəcəyini bildirib. Bir neçə gün sonra parlamentdə Paşinyan müxalifətin “respublikanın KTMT-dən çıxması üçün zəmin hazırlayırmı” sualına cavab verərək deyib ki, o, heç nəyə zəmin hazırlamır - “ya var, ya da yoxdur”.