MilliKart CİBimizə necə girir? – Diqqətli olun!

12/03/2019 - 16:47 2 818 0   0  

“Missiyamız hər zaman bacardığımız hər şeyin ən yaxşısını təqdim edəcəyimizə dair vəddir və bizim kim olduğumuzu vurğulayır” – sözləri 18 bankla birgə çalışan MilliKart özəl şirkətinin “Haqqında” bölməsində qeyd edilib. Bu hissə oxşar mənalı cümlələrlə bəzədilib. Amma bu gün göstərdikləri müştəri xidməti iddialarının əsassız olduğuna dəlalət edir.

Minval.info xəbər verir ki, şirkətin nəznində olan “CİB” mobil tətbiqetməsində texniki nasazlıq yaranıb. Bu barədə heç bir müştəriyə məlumat verilməyib. Nəticədə pul köçürməyə çalışın müştəri jurnalist Məhəmməd Türkmənin bank hesabından pul çəkilib. Amma həmin vəsait yönləndirilən ünvana çatmayıb, lakin pul hesabdan çıxarılıb. Üstəlik, xidmət haqqı da “göstərdiyi xidmət”ə görə “MilliKart”ın büdcəsinə köçürülüb.
Jurnalist Məhəmməd Türkmən bununla əlaqədar şirkətlə əlaqə saxlasa da problem aradan qalxmayıb: “Biabırçı xidmət göstərirlər. Öz texniki problemlərinə görə mən əziyyət çəkirəm. Göndərməyə çalışdığım 121 manat məbləğində pul xidmət haqqı ilə birlikdə balansımdan çıxarıldı, amma əməliyyat uğursuz alındı. Yəni pul göndərilmədi. Xarici banklara məxsus plastik kartlara bizim banklardan pul göndərmək mümkün deyilmiş. Bunu da şirkətə zəng vurduqdan sonra anladım. Çünki CİB mobil tətbiqetməsində bu barədə heç bir məlumat yazılmayıb. Üstəlik baş tutmayan əməliyyata görə balansımdan pul silinib və geri qaytarılmır. MilliKart şirkətinə zəng vurdum və operator xanım bildirdi ki, texniki şöbə bu işə baxacaq və 2 gündən sonra bir də əlaqə saxlamalıyam. Belə biabırçılıq olarmı? Baş tutmayan əməliyyata görə balansımdan pul silinir, mənə məxsus olan pulu geri almaq üçün isə minimum 2 gün gözləməliyəm. Problem onlara görə yaşanır, əziyyəti isə müştəri çəkir. Oxşar problem yəqin ki, daha əvvəl də yaşanıb və bundan sonra da yaşanacaq.
Məsələ ilə bağlı müştərisi olduğum “Express” banka da zəng vurdum. Onlar da harasa yönləndirib, araşdıracaqlarını bildirdilər. “Texniki səhv” dedikləri hadisə onların ucbatından baş verib və buna görə istifadəçi, müştəri əziyyət çəkməli deyil. Əgər belə hal baş verirsə bu, “Express” bankın və “MilliKart” şirkətinin qeyri-peşəkar çalışması anlamına gəlir. Özlərinə sərf edən qaydalar qurub, ona uyğun da işləyirlər. Ən qısa zamanda hər iki xidmətdən imtina edib, fərqli bankla çalışacağam. Bu məsələni ictimailəşdirməyimin əsas səbəbi də budur ki, digər vətəndaşlar da xəbərdar olsunlar. Bu bank və şirkətin xidmətindən istifadə etmək istəyən zaman bir neçə dəfə düşünsünlər”.