Məhkəmə baş redaktoru 40 min manat məbləğində cərimələyib: - O, həbs edilə bilər

13/11/2018 - 16:10 2 077 0   0  

Bloklanmış criminal.az saytının baş redaktoru Anar Məmmədov həbs təhlükəsi ilə üz-üzədir. Baş redaktor Beyləqan rayonunun Təzəkənd kənd məktəbində müəllimə işləyən Gülnar Novruz qızı Yusifovanın şikayəti əsasında cərimələnib.

Gülnar Yusifova bir neçə saytla yanaşı, Anar Məmmədovu da məhkəməyə verib. Gülnar Yusifova iddia edib ki, "ajan.tv” saytında yer alan məlumatlar onun şərəf və ləyaqətini alçaldıb. İddiaya səbəb olmuş məlumat 2016-cı ilin sentyabrında "ajan.tv”də yayımlanıb. Həmin məlumat criminal.az saytında "ajan.tv”yə istinadla yayılıb.
İddiaya ilkin olaraq Beyləqan rayon Məhkəməsində baxılıb.
A.Məmmədov bildirib ki, iştirakı olmadan əsassız qətnamə çıxarılıb. Sonradan verilən şikayət əsasında baxış yenilənib: "Məhkəmədə hakim Nəsrullah Əliyevin KİV haqda qanundan ümumiyyətlə xəbərsiz olduğu üzə çıxdı. Həmin xəbərin "ajan.tv”-yə əsasən yayılmasını və bütün məsuliyyətin xəbəri yaymış ilk mənbənin üzərinə düşməsini hakim heç cür anlayıb, müvafiq hüquqi qiymət verə bilmədi. Ona görə də nəticə etibarı ilə Azərbaycanın KİV haqqında qanununa, beynəlxalq media hüququna zidd bir qətnamə çıxarıldı. İlkin mənbə, yəni "ajan.tv”-nin təmsilçilərinin, nümayəndələrinin iştirakı olmadan çıxarılan qətnamə ilə barəmizdə 40 min manat cərimə cəzası kəsildi. Həmin qətnamədən Şirvan Apellyasiya Məhkəməsinə şikayət verdik. Apellyasiya instansiyasında hakim Tofiq Heydərov da ilkin mənbənin "ajan.tv” olmasına əhəmiyyət vermədi. Qətnamə qüvvədə saxlanıldı. Ümidimiz Ali Məhkəməyə idi. Düşünürdük ki, bu məhkəmə instansiyası adına uyğun – ali bir qərar verəcək, dürüst, doğru araşdırma sonucu olaraq müvafiq qiymətləndirmə aparacaq. Olmadı. Sanki iş üzrə bütün instansiyaların hakimləri KİV haqqında qanundan xəbərsizdirlər”.
Baş redaktor deyib ki, artıq iddia üzrə icra işi başlanıb. Məhkəmə icraçıları 40 min manatı könüllü şəkildə ödəməsi üçün baş redaktora vaxt verib: "Həmin məbləği ödəmək imkanım yoxdur. Qərarı icra etməsəm, həbs ediləcəyimlə bağlı xəbərdarlıq almışam. Vəkillərlə məsləhətləşmə aparıb, işi Avropa Məhkəməsinə göndərmişik. Eyni zamanda Azərbaycanın Ali Məhkəməsinin çıxardığı qərar üzrə icra işi başlayıb. Sayt bloklanmış durumdadır, heç bir gəlir gətirmir. Saytın baş redaktoruyam, üzərimə böyük bir cərimə qoyulub. Həmin cərimə 10 dəfə az olsaydı belə, ödəmək maddi imkanlarım xaricindədir”.
Xatırladaq ki, criminal.az saytı Gəncə hadisələrindən sonra bloklanıb.