Metroda təzə qiymət, köhnə vəziyyət...

16/01/2019 - 10:38 8 221 0   0  

Bahalaşma xidmətin keyfiyyətinə niyə təsir etmədi?

Ötən ilin iyulunda marşrut avtobusları ilə yanaşı, metroda da gediş haqları artırıldı. Sərnişinlər bu artımdan sonra Bakı Metropoliteninin fəaliyyətində keyfiyyət dəyişiklikləri gözləsələr də, ciddi bir xidmət dəyişikliyi baş vermədi.  Bununla yanaşı, tez-tez köhnə qatarlarda nasazlıqların yaranması metroda həyəcanlı anların yaşanmasına da səbəb olur. Ən son yanvar ayının 14-də Bakı Metropoliteninin qatarı reysdə olarkən yararsız hala düşüb.  Qatar “Sahil” metro stansiyasından “İçərişəhərə”ə doğru hərəkət edərkən, tüstülənməyə başlayıb. Sürücü tunelin girişində qatarın əyləcini bassa da, vaqonların bir hissəsi tunelə daxil olub. Sözügedən qurum məlumatı təsdiqləyib və  bildirilib ki,  qatarın maşinist heyəti qatarda nasazlıq yarandığından sərnişinləri evakuasiya etmək qərarına gəliblər. Metropoliten bütün qatarların istismara yararlı olduğunu bildirsə də, ictimaiyyət köhnə qatarların artıq tez-tez problem yaşatdığını hesab edir.

Sərnişinlər Bakı Metropolitenində köhnə qatarların yenisi ilə əvəz ediləcəyi günü gözləyirlər.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov  bildirdi ki, bu il istismar müddətini başa vuran qatarların yerinə yeni nəsil qatarların xəttə salınması nəzərdə tutulur:“Qayda belədir ki, qatarlar istismar müddətini başa vurduqca dəyişdirilməlidir. Bu ilin planında da yeni qatarların alınması var. İstismar müddəti başa vurulduqca yeni qatarlar alınır və onlar da tam yeni nəsil qatarlardır. 2018-ci ildə  gətirilmiş qatarlar 3 il öncə gətirilən qatarlardan da  müəyyən cəhətləri  ilə fərqlənir. Bu, mütləq həyata keçiriləcək, vaqon təsərrüfatı yenilənəcək”.

Bəxtiyar Məmmədov ile ilgili görsel sonucu

Hazırda Bakı Metropolitenində bir neçə istiqamətdə yenilənmə işlərinin aparıldığını deyən B.Məmmədov bəzi stansiyalarda təmir işlərinin gedişatı ilə bağlı da məlumat verdi: ““Şah İsmayıl Xətai” metro stansiyasında eskalatoru yeniləyirik. 50 illik istismar müddətindən sonra eskalatorlar ömrünü başa vurur, o  baxımdan dəyişdirilir. Stansiyanın bütün infrastrukturunun yenilənməsi də nəzərdə tutulur. Hazırda “Bakmil” stansiyasında son tamamlanma işləri gedir. Bundan əlavə, ən vacib məqam Bakı Metropoliteni xətlərində hərəkətin tənzimlənməsində  dünyada aparıcı olan yeni texnologiyalar sinfinə aid yeni sistemlərin tətbiqinə, xüsusən də qatarların idarəedilməsinin  CBTC-yə, yəni radiokanal idarəetməsinə keçid nəzərdə tutulur. Bu isə birdəfəlik alınmır, mərhələli prosesdir. Bunun ilk nümunəsi kimi hazırda bizim Nərimanov Elektrik Deposunda bu işlərin həlledici mərhələsinə doğru addımlar atılır. Orada idarəetmə sistemləri və depo yollarında müvafiq işarə vermə sistemlərinin qurulması istiqamətində işlər tam sürətilə davam edir. Ən  vacib olan hərəkətin təşkilidir".

Metropoliten sözçüsü metrodakı ventilyasiya sistemlərində də bəzi yeniliklər edildiyini bildirdi: “Təbii ki, digər infrastruktur yenilikləri də var. Ötən il havalandırma sistemi ilə bağlı bir yenilik elədik və artıq əvvəllər olduğu kimi ildə iki dəfə deyil, hər mövsümə uyğun olaraq ventilyasiya sistemi tətbiq edirik. Onun nəticələri monitorinq olunur, təhlil  və, analizlər aparılır. O sistemin davamlı inkişafı bu il olacaq. Bundan əlavə ventilyatorların dəyişdirilməsi də bu il üçün nəzərdə tutulub. Vaxtaşırı olaraq bu işlər həyata keçirildikcə, informasiyalar ictimaiyyətə açıqlanacaq. Tək bu da deyil, infrastrukturun yenilənməsi, yeni texnologiyaların tətbiqi, buna  uyğun olaraq kadrların hazırlanması prosesində yeniliklərin tətbiqi - hamısı gündəmdə olan mövzulardır. Bunların böyük bir qismini sərnişin görmür. Ancaq bu işlər hərəkətin təşkilinə öz müsbət təsirlərini göstərir, gələcəkdə daha çox hiss olunacaq”.

B.Məmmədov pik saatlarda metroda sıxlığın aradan qaldırılması üçün çox ciddi infrastruktur dəyişikliklərinə ehtiyac olduğunu bildirdi: “Bakı Metropoliteninin sərnişin kütləsinin ən çox olduğu yaşıl və qırmızı xətlər  Həzi Aslanov stansiyasından ”28 May" stansiyasına qədər eyni xətdə kəsişir. Bunun həlli üçün mütləq bu xətlər bir-birindən ayrılmalıdır. Bu iş də mərhələli şəkildə  addımların atılmasını tələb edir. Bütün bunlar  metropolitenin perspektiv inkişaf sxemində nəzərə alınır. Gələcəkdə bu istiqamətdə işlər aparılacaq. Yeganə həlli yolu budur. Dünyada  heç bir metroda  iki xətt bir müstəvidə kəsişmir. Bizdə isə “Həzi Aslanov”dan həm “İçərişəhər”ə, həm də “Dərnəgülə”  gedən istiqamət bir xətdə birləşir, “28 May”da kəsişirlər. Əsas problem yaradan məqam budur".

Bakı Metropoliteninin hansı vəsaitlər hesabına bu işləri həyata keçirməsinə gəlincə, qurum sözçüsü bildirdi ki, sərnişinlərdən gələn vəsait yalnız kommunal xərclərə və vergi və sığorta  ödənişlərinə sərf olunur: “O məlumat hələ ki, məndə yoxdur. Ancaq dövlət büdcəsində bu nəzərə alınıb. Bu, şəffaf məlumatdır və biz onu hər il göstəririk. Metropolitendə hazırda ”Bakı kart" sistemi tətbiq olunur. Həmin sistemlə sərnişinlərdən yığılan vəsait və dövlətdən ayrılan vəsaitlə işləyirik. Ancaq  bildiyiniz kimi, sərnişinlərdən  gələn vəsait Bakı Metropoliteninin bütün xərclərini ödəməsi üçün yetmir. Biz sərnişinin gediş haqqını elan edəndə də , orada nəzərə alınmayan cəhətləri xüsusi qeyd edirik. Qatarların alınması , yenilənməsi, stansiyaların tikilməsi, əsaslı təmiri, yenidən qurulması kimi işlərin heç biri sərnişinlərin gediş haqlarından gələn vəsaitlə həyata keçirilmir. Sadəcə, kommunal xərclər, vergilər, sığorta və digər xərclər nəzərə alınmaqla  biz  o rəqəmi elan edirik. Qalan məsələləri isə dövlət öz  üzərinə götürüb. Onlar dövlətin vəsaiti ilə icra olunur".

Məmmədov onu da vurğuladı ki, sərnişinlərin metrodan istifadəsinin maya dəyəri qanunvericilikdəki dəyişikliklərdən sonra yenidən hesablanır: “Hazırda bir sərnişinin metrodan istifadəsinin maya dəyəri ilə bağlı rəqəm son 6 ayın yekunlarına uyğun olaraq hesablanır, hələ ki o rəqəm müəyyən edilməyib. Maya dəyəri ilə bağlı sonuncu rəqəm isə qiymət artımından əvvəl 47 qəpik idi. Növbəti dövrdə bir gedişin maya dəyərinin nə qədər olacağı ilə bağlı dəqiq fikir demək çətindir. Çünki əvvəlki dövrdə qanunvericilik də fərqli idi, indi vergi və sair məsələlərlə bağlı bəzi dəyişikliklər aparılıb. Bununla bağlı maliyyəçilər hesablama aparırlar. Biz tam şəffaf şəkildə maliyyə hesabatını da dərc etdiririk”.

Bakı Metropoliteninin özəlləşdirilməsi  ilə bağlı təkliflərə  münasibət bildirən Bəxtiyar Məmmədov yeni modelə keçidin özünü doğrultmaması ehtimalını da istisna etmədi: “Bu barədə fikir yürütmək üçün dünya təcrübəsini öyrənmək lazımdır. Dünyada tamamilə fərqli yanaşmalar var. Ən azı texnoloji baxımdan biz Avropada və dünyada tətbiq olunan ən mütərəqqi texnologiyalara doğru gedirik. Ancaq müqayisə aparmaq mənim üçün çətindir. Bu keçid necə olmalıdır, hansı model  olmalıdır? Dünyada da çox fərqli modellər var. Onu da vurğulayım ki, dünyada da özünü doğruldan metropolitenlər çox azdır. Hər şey o modeldən asılıdır”.