“Mehman dövlətin malını oğurlayanları ifşa edənləri göstərib. Allahdan başqasından qorxmuram”- MÜBARİZ MƏNSİMOV

09/01/2019 - 23:03 2 671 0   0  

"Palmali" şirkətlər qrupunun rəhbəri tanınmış iş adamı Mübariz Məsimov rəsmi facebook səhifəsində hal-hazırda həbsdə olan, gündəm mövzüsuna çevrilən Mehman Hüseynov haqqında status yazıb. Suveren.azazerbaycanrealligi.com-a istinadən sözügedən statusu oxucularına təqdim edir:

"Son günlərdə olduqca çox insan yazır ki, sən niyə bu gənci müdafiə etmirsən, niyə susursan? Mən alnıaçıq, üzüağ bir iş adamıyam. Bu zamana qədər Allahdan başqasından qorxmadım, qorxaraq da bir addım atmadım. O hadisələrdən isə xəbərim belə yox idi. Siz deyəndən sonra izlədim və o gəncin hazırladıqlarında dövlətə ziyan verəcək heç nə görmədim. Tam əksinə, dövlətin malını oğurlayanları, haqsız qazanc ilə villa yüksəldənləri ifşa edib. Aqressivliyini gördüm ki, bu qüsurdur, ancaq suç deyil. Sonucda gəncdir, dəliqanlıdır. Sonucda Azərbaycan Prezidenti daim medianın azad olduğunu və onların dostu olduğunu bildirir. Ancaq bəzi məmurlar bunun tam əksini edirlər. Bu hadisənin böyüməsi cəmiyyətimizə, ölkəmizin imicinə böyük zərbədir. Bu məmurlar niyə öz eyiblərini düzəltmək yerinə güzgünü sındırırlar?! Yox etməyə çalışmaqdansa, bu gəncləri qazanmaq daha yaxşı olmazmı? Cənab prezident özü mətbuatı “köməkçilərim” adlandırıb, məmurların gizlətdiklərini onlardan öyrəndiyini söyləməmişmiydi? Qoy yazılsın, çəkilsin ki, Prezident də xəbərdar olsun etdiklərinizdən. Halbuki o villaların yerinə iş yerləri açıb, insanların rifah halının yüksəldilməsinə çalışılsaydı daha yaxşı olmazdımı? Danışanda hamısı prezidentə, dövlətə sədaqətdən dəm vuranlar, niyə ancaq özlərini düşünürlər? 

Mən siyasətçi deyiləm, iş adamıyam. Bir iş adamı olaraq, minlərlə insanı kontrol etməyin nə qədər çətin olduğunu bilirəm, bir ölkəni idarə etmək isə bundan dəfələrlə çətindir. O baxımdan bu məsələlərdə prezidentin görən gözü, duyan qulağı olan mediaya belə münasibət əslində prezidentə qarşı atılmış addımdır. O gənci müdafiə edənlərin də səbrli olmasında fayda var. Çünki sonucda A məmurdan, B məmurdan şikayətçi olsaq da, zərbə dövlətimizin imicinə dəyir. Qorumalı olduğumuz da dövlətimizdir. Minlərlə şəhidin qanı ilə müstəqilliyini əldə etdiyimiz dövlət! Pis məmuruna görə, dövlətinə küsülməz, düşmənlik edilməz! İnanıram ki, haqq nazilsə də, üzülməyəcək, o gəncimiz də dövlətinə, millətinə bundan sonra da faydalı xidmətini aqressiyasız olaraq, davam etdirəcəkdir. Bir-birimizə qarşı sayğılı olaq. Ata-analarımızı söyməklə, təhqir etməklə, əsla irəliyə doğru addım ata bilmərik. Hamınıza saygılarımla".