“Maşını sürməyə hazırlaşırdım ki, polislər gəlib içkili olduğumu dedilər” - Vəkil

23/10/2018 - 11:59 1 378 0   0  

Vəkil Bəhruz Bayramov dünən içkili vəziyyətdə avtomobil idarə etməsi haqda Daxili İşlər Nazirliyinin yaydığı məlumata sosial şəbəkədə münasibət bildirib.

Suveren.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, B.Bayramov qeyd edib ki, oktyabrın 21-də ailə üzvünün ad günü üçün təşkil olunan məclisdə az miqdarda spirtli içki qəbul edib: “Mən qanuna riayət edən şəxsəm, vəkillik fəaliyyətimlə əlaqədar öz məsuliyyətimi dərindən dərk edirəm. Dünən üzləşdiyim hadisə məni çox məyus etdi. Doğrusu, qarşılaşdığım kobudluğu, bəlkə də təşkil olunmuş belə bir hərəkəti heç ağlıma gətirə bilməzdim. İstəyəndə hər şey edə bilərlər.

Məclis bitdikdən sonra "Ulduz-3000" ayıq sürücü xidmətinə müraciət etdim, sürücü göndərdilər. Maşına oturarkən onun haqqını ödədim. Məhəlləmizə çatanda marketdən ərzaq almaq üçün düşdük, qayıdanda gördüm ayıq sürücü yerində yoxdu. Bizi oradaca qoyub çıxıb getmişdi. Evimizə az qalmışdı, məcburən maşını sürməyə hazırlaşırdım ki, yol polisi əməkdaşları başımın üstünü kəsdirib içkili olduğumu iddia etdilər. Mən dedim siz bunu hardan müəyyən etdiniz? Bundan sonra qalmaqal başladı, polislər ailə üzvlərimin yanında mənə qarşı alçaldıcı hərəkətlər etdilər. Nazir Ramil Usubova göndərdiyim məktubda da bu fikirləri qeyd etmişəm”.

Vəkil onu da bildirib ki, DİN-in mətbuat xidməti onun təqsirsizlik prezumpsiyasını kobud şəkildə pozub: “Bununla da bağlı şikayət etmişəm. Məni aparandan sonra ailə üzvlərimin fotolarını çəkib onları da idarəyə aparacaqları ilə qorxudublar. Həmin ərazidə kamera var, görüntülərin mənə təqdim olunması üçün müraciət etmişəm. Ordan müəyyən olunacaq ki, maşını kim idarə edib”.

B. Bayramov onu da qeyd edib ki, “Ulduz 3000” şirkəti onun ayıq sürücü sifariş etdiyini təsdiqləyib: “Bununla bağlı səs yazıları və həmin sürücünün kimliyi və sifarişin yerinə yetirilməsinə dair xüsusi məktub da mənə veriləcək”.