London məhkəməsi Cahangir Hacıyevin 20 milyonluq kreditinə dair qərar verdi

22/12/2018 - 10:32 895 0   0  

Beynəlxalq Bank isə qərardan Böyük Britaniya Ali Məhkəməsinə şikayət vermək hüququndan istifadə edəcək

London məhkəməsi Cahangir Hacıyev Azərbaycan Beynəlxalq Bankına (ABB) rəhbərlik edərkən alınmış 20 milyon dollarlıq kreditlə bağlı qərar verib. Azərbaycananın ən böyük bankına qarşı iddiaçı isə Rusiyanın “Sberbank”ıdır. Məhkəmə iddianı təmin edib. Bu haqda “Reuters” məlumat yayıb. Məhkəmənin hökmünə əsasən Azərbaycan Beynəlxalq Bankı “Sberbank”a və “Franklin Templeton” şirkətinə olan 20 milyon dollar borcunu bankla kreditorlar arasında əldə edilmiş borcların restrukturizasiyası sövdələşməsinə baxmayaraq ödəməlidir.

Hökmə əsasən əsas borcla birlikdə faizlər də ödəniləcək. “Sberbank”la Azərbaycan Beynəlxalq Bankı arasında mübahisə 2017-ci ildə bankın 3 milyard 300 milyon dollarlıq xarici borclarının restrukturizasiyasını elan etməsindən sonra başlayıb. Rusiya bankı restrukturizasiya ilə razılaşmayıb və Gibbs qaydası əsasında bu qərarı məhkəmədə mübahisələndirib. Bundan əlavə Azərbaycan bankının restrukturizasiyası Rusiya məhkəmələrində də dəstəklənməyib. Məsələn, Moskva Arbitraj məhkəməsi hələ ötən ilin mayında Azərbaycan Beynəlxalq Bankının törəmə bankı “MBA-Moskva”nın səhmlərinin 41.6 faizinə və bankın Roçdelskoy küçəsində yerləşən mənzil-qərargahına həbs qoyub. “Sberbank”ın mətbuat xidmətindən bildiriblər ki, Rusiya qanunvericiliyinə əsasən hazırda bankın həmin səhmlərinin və binasının hərracda satılması, bununla da borcun ödənilməsi mümkün olacaq.

Habelə borcu Beynəlxalq Bankın Böyük Britaniyadakı müxbir hesablarındakı vəsaitlər hesabına da geri almaq mümkündür.

“Sberbank”ın vitse-prezidenti Maksim Deqtyarov RBK-ya bildirib ki, London məhkəməsinin qərarından məmnundur:“Bu hökm ümumiyyətlə bazarda müqavilə münasibətlərinin stabilliyinə mühüm töhfə verir”.

Qeyd edək ki, “Sberbank” Cahangir Hacıyevin dövründə bankın Rusiyadakı törəməsinin şübhəli layihələri üçün 20 milyon dollar kredit ayırıb. Bu layihələri Cahangir Hacıyevin benefisiarları idarə edirdi. Sonradan həmin pullar praktiki olaraq batıb. Bankın iri kreditorlarından fərqli olaraq “Sberbank” həmin borcun Azərbaycan dövlətinin istiqrazları ilə əvəzlənməsi və daha sonra ödənilməsi variantı ilə razılaşmayıb.

“Sberbank” ile ilgili görsel sonucu

Beynəlxalq Bank London Apelyasiya Məhkəməsinin “Sberbank”ın “Franklin Templeton” şirkətinin iddiası əsasında dekabrın 18-də çıxardığı hökmə münasibət bildirib. Açıqlamada deyilir ki, bankın öhdəliklərinin könüllü restrukturizasiyası prosesi Böyük Britaniya ərazisində 6 iyun 2017-ci il tarixindən qüvvəyə minmiş məhkəmə qətmaməsi ilə tanınıb. Bu qərar hələ də öz qüvvəsindədir. “London Apelyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı isə gözlənilən idi. Birinci instansiya məhkəməsinin 2018-ci ilin əvvəlində qəbul olunmuş qətnaməsində qeyd edilmişdi ki, transsərhəd müflisləşməsi və iflas proseslərinə münasibətdə Gibbs qanununun tətbiq edilib-edilməməsi Ali Məhkəmənin səlahiyyətinə aiddir. Apelyasiya məhkəməsinin son qərarında da hakim təsdiq edib ki, Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə dair hər hansı hərəkətlərin kreditorlar tərəfindən aparılmasına müddətsiz moratorium elan etmək səlahiyyətində deyil. Çünki Böyük Britaniya ərazisində Gibbs qanunu həm birinci instansiya məhkəmələri, həm də apelyasiya məhkəmələri üçün məcburi xarakter daşıyır. London Apellyasiya Məhkəməsinin bu son qərarı isə transsərhəd effektinə malik deyil və yalnız Böyük Britaniya ərazisində qüvvədədir. Bank bu qərarla bağlı Böyük Britaniya Ali Məhkəməsinə şikayət vermək hüququndan istifadə edəcək”.

“Sberbank” Cahangir ile ilgili görsel sonucu

Bankdan bildirilib ki, “Sberbank” və “Franklin Tempelton”a Azərbaycan Beynəlxalq Bankına qarşı iddia qaldırmaq hüququ verilsə də, onlar banka qarşı irəli sürülmüş iddia ilə bağlı başlamış məhkəmə prosesi çərçivəsində məhkəmə qətnaməsini ala və icraya yönəldə bilməzlər: “Apelyasiya məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsində qeyd edilib ki, bu məhdudiyyət Ali Məhkəmə tərəfindən məsələ üzrə qərar verilənədək qüvvədə olacaq”. Açıqlamada o da bildirilib ki, bir sıra media orqanlarında bu barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. London Apellyasiya Məhkəməsinin qərarı ilə “Sberbank” və “Franklin Tempelton”a Azərbaycan Beynəlxalq Bankının aktivlərinə tutma yönəltmək hüququ verilməyib: “Bu hüququ əldə etmək üçün həmin kreditorlar Ali Məhkəmənin qərarını gözləməli və qalib gəlsələr, ayrıca iddia qaldırmalıdılar.

Böyük Britaniyada Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planına qarşı çıxan iki kreditorun tələb hüquqları Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən buraxılan qiymətli kağızlar qismində təmin edilib. Bu isə bankı həmin iddialar üzrə gələcək risklərdən qoruyur".

C.Hacıyev 2016-cı ildə sədri olduğu Beynəlxalq Bankda külli miqdarda mənimsəmədə ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bir neçə ay əvvəl Cahangir Hacıyevə qarşı yeni cinayət işi başlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. Həbsdəki bankir ABB-nin Moskva filialındakı yeyintilərlə bağlı yeni istintaqa cəlb olunub.