Lənkəranda sel fərdi təsərrüfatlara və yol infrastrukturuna xeyli maddi ziyan vurub

14/11/2018 - 14:46 1 825 0   0  

“Lənkəran rayonunda sel fərdi təsərrüfatlara və yol infrastrukturuna xeyli maddi ziyan vurub”

Bunu “Report”un Cənub bürosuna Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Möhübbət Babayev subasmalar zamanı yaranan problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə məlumat verərəkən bildirib.
M.Babayev qeyd edib ki, sel sularının həyətlərə dolması zamanı dağıntı ilə bağlı hələlik məlumat daxil olmayıb: “İcra nümayəndəliklərinə bu barədə göstəriş verilib ki, hər hansı bir müraciət daxil olarsa məlumat verilsin. Həyətlərdə olan su quyuları çirkab sularla dolduğundan müraciət edənlərin quyularının suyu çəkilərək boşaldılır. Hazırda sular çəkilib. Hansı ərazilərdə sel suları qalıbsa, o istiqamətlərdə texnikalar işləyir. İki-üç günə su tam çəkildikdən sonra dəyən ziyan məlum olacaq”.
O əlavə edib ki, ümumilikdə, subasma zamanı 63 nəfər evlərindən təxliyyə edilib: “Təbii fəlakət rayonun Bürcəli, Şağlaküçə, Şovu, Narbağı, Girdəni və digər ərazilərində ciddi fəsadlar yaradaraq vətəndaşlara, fərdi təsərrüfatlara xeyli maddi ziyan vurub. Sel yol infrastrukturuna da təsirsiz ötüşməyib”.