Əliağa Hüseynov düzmü buyurdu?.. - Replika

28/01/2019 - 11:24 2 578 0   0  

Ötən həftənin geniş müzakirələrə yol açmış açıqlaması şübhəsiz ki, ehtiyyatda olan general-leytenant, Milli Məclisin deputatı Əliağa Hüseynovun fikirləridir. Rubrika.az xatırladır ki, milət vəkili kimi təmsil etdiyi Salyan rayonunda heç bir müxalifətçinin olmadığını və bundan sonra da olmayacağını bəyan edib.

“Mən hər gün Salyanla əlaqə saxlayıram. Həyatı boyu Salyanda müxalifət olmayıb və bundan sonra da olmayacaq. Salyanın o qədər ziyalıları var ki, onlar heç zaman rayonda savadsız insanların müxalifətçi olmasına imkan verməzlər. Ümumiyyətlə, Salyanda həyatı boyu müxalifət olmayıb”
Hesab edirik ki, olduqca zərərli açıqlama olmaqla yanaşı həm də demokratik inkişaf yolunda irəliləyən Azərbaycan Respublikasının imicinə zərbə vura biləcək fikirlərdir. Parlamentdəki gərgin müzakirələrdə susqunluğu ilə yadda qalan millət vəkili görünür bu açıqlaması ilə özünü xatırlatmağa cəhd göstərib. Amma bəzi nüansları unudub. Məsələn onu ki, demokratik sistemin bərqərar olmasının şərtlərindən biri də siyasi plüralizmin, söz və ifadə azadlığının eləcə də mövcud hakimiyyətə qarşı əks fikirliliyin var olmasıdır. Hörmətli millət vəkilinin diqqətinə çatdırırıq ki, ulu öndər Heydər Əliyev də, onun siyasətinin layiqli davamçısı, prezident İlham Əliyev də dəfələrlə ölkəmizin demokratik prinsip və ənənələrə sadiqliyini ifadə ediblər.
Bu baxımdan Azərbaycanda ictimai dəstəyi az və ya çox olmasından asılı olmayaraq müxalif qurumlar və partiyalar olub, onların fəaliyyətinə heç zaman hansısa müdaxilə müşahidə edilməyib. Hörmətli Əliağa Hüseynovun diqqətinə bir vacib məqamı da çatdıraq ki, elə onun da təmsil olunduğu Milli Məclisdə müxalifəti təmsil edən kifayət qədər alternativ fikirli deputatlar var.
O ayrı mövzudur ki, ölkədəki müxalifət partiyalarının heç biri hakim Yeni Azərbaycan Partiyası qədər ictimai dayaqlara, dəstəyə və nüfuza malik deyil. Amma bu ölkədə, eləcə də millət vəkili Əliağa Hüseynovun parlamentdə təmsil etdiyi Salyan rayonunda müxalifətin, alternativ düşüncənin olmaması anlamına gəlmir.
Rubrika.az