Əli Həsənovun “sonuncu mogikan”ları sıradan çıxır - VÜQAR SƏFƏRLİ “GETDİ”, NÖVBƏ KİMİNDİR…

06/04/2020 - 13:56 830 0   0  

 

Aprelin 4-də prezident İlham Əliyevin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) İcraçı direktoru Vüqar Səfərlini vəzifəsindən azad etməsi ölkə mediası üçün gözlənilən olsa da, bəzi sullar da doğurub. Xüsusən də illərdir KİVDF-dən “qidalanan” qəzet redaksiyaları bu qurumun rəhbərliyində baş verən dəyişikliyin nə ilə nəticələnəciyini həyacanla gözləməkdədir. Məsələn, KİVDF-nin yeni İcraçı direktoru Əhməd İsmayılovun media sahəsində həyata keçirəcəyi islahatlar, qəzet redaksiyaları ilə ənənəvi əməkdaşlıq prinsipilərinin dəyişib-dəyişməyəcəyi və bu yeniliklərin onlara təsirsiz ötüşüb-ötüşməyəcəyi haqda narahatçılıqlar artmaqdadır. Lakin yeni İcraçı direktora ölkə başçısı tərəfindən hansı təlimatların verildiyi hazırda çox məhdud çevrəyə bəll olduğundan, bizim indidən bu haqda fikir söyləməyimiz doğru olmaz.

Heç şübhəsiz, doğru olan 2009-cu ildən KİVDF-yə rəhbərlik edən Vüqar Səfərlinin istefaya göndərilməsi oldu. Bu fikrimiz “yıxılana balta vurmaq” kimi anlaşılmasın deyə, oxucularımıza xatırladaq ki, biz bu qurumun medianın inikişafına dəstək vermək əvəzinə, sipər olduğu, ölkə başçısının mətbuata ayırdığı pulların bir qrup şəxs arasında talan edildiyi haqda illərdir yazmaqdayıq. Sonuncu dəfə “Əli Həsənov “getdi”, media siyasəti dəyişməz qalıb”, “Azərbaycanın “vüqarlı” mətbuatı” sərlövhəli yazılarımızda da bu məsələyə toxunmuş, KİVDF-nin bir qrup baş redaktoru oliqarxa çevirməkdən başqa heç bir media nümayəndəsinə fayda vermədiyini vurğulamışdıq. Onu da qeyd etmişdik ki, prezidentin keçmiş köməkçisi, vəzirovçu Əli Həsənov 28 noyabr 2019-cu ildə vəzifəsindən çıxarılsa da, onun mətbuat sahəsində “at oynadan” adamları hələ də öz vəzifəsinin başındadır…

Ölkə başçısının 4 aprel sərəncamı onu göstərdi ki, bizim düşündüyümzdən fərqli olaraq, dövlət heç də medianı nəzarətsiz buraxmayıb, bu sahədə daha ciddi islahatlar hələ qarşıdadır. Belə görünür ki, “Əli Həsənov məktəbi”nin yetirmələri media sahəsində KİVDF rəhbərinin istefaya göndərilməsi ilə başlayan islahat çərçivəsində bir-bir öz postlarını təhvil verməli olacaqlar. Çünki, əks halda bu sahədə köklü islahat aparmaq mümkün deyil. Yəni nə qədər ki, Ə.Həsənovun mediadakı “əsgərləri” öz vəzifələrini icra edirlər, hətta KİVDF-nin yeni rəhbərinin də fəaliyyətinə əngəl olmağa çalışacaqlar.

Nuşirəvan Məhərrəmli

Zənnimizcə, KİVDF-dən sonra Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbərliyində də analoji dəyişikliyə ehtiyac var. Əli Həsənovun tələbə yoldaşı, onun ən sadiq kadrlarından biri olan Nuşirəvan Məhərrəmlinin bu quruma rəhbərliyi dönəmində ölkə televiziyalarının, eləcə də radioların hansı səviyyədə olduğu hər bir vətəndaşımıza bəllidir. Əksər ekspertlərin və ziyalıların da dəfələrlə bəyan etdiyi kimi, bu gün Azərbaycan televiziyaları əxlaqsızlığı təbliğ etməkdən başqa heç bir iş görmür. Bu isə, şübhəsiz, prezidentin keçmiş köməkçisi Əli Həsənovun və MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin yarıtmaz, şəxsi ambisiyları, qrup maraqları üzərində qurulan fəaliyyətlərinin nəticəsidir.

Ən maraqlısı isə odur ki, Ə.Həsənov 4 aydan çoxdur vəzifəsindən uzaqlaşdırılsa da, N.Məhərrəmli onun qurduğu sistemdən bir addım da kənara çıxa bilmir. Bu isə ona gətirib çıxarıb ki, artıq vətəndaşlarımızın böyük əksəriyyəti ölkə telekanallarından üz çevirərək, Türkiyə və Rusiya telekanllarına baxmaqdadır. Halbuki, televiziyalar Azərbaycanın informasiya siyasətinin ən əsas sahəsi kimi vətəndaşlarımızın milli ruhda köklənməsi, sağlam şəkildə maarifləndirilməsi üçün başlıca rol oynamalıdır. Bizdə isə, tamamilə əksini görürük…

Əflatun Amaşov

MTRŞ ilə yanaşı, Mətbuat Şurasının da yenilənməsinə ehtiyac olduğunu düşünürük. Doğruduru, bu təşkilat dövlət qurumu deyil, seçkili orqandır və rəhbər şəxsləri səsvermə ilə seçilir. Amma nəzərə alsaq ki, bu qurumun üzvlərinin böyük əksəriyyəti Əli Həsənovun nəzarətində olan qəzetlər olub, deməli, indiyədək keçirilən seçkilərin məhz Prezident Administrasiyasından gələn təlimatla baş tutduğu şübhə doğurmur. Üstəlik, Mətbuat Şurasının medianın fəaliyyətində heç bir ciddi rol oynamadığını, əsas işi hansısa məmurlarla müxtəlif qəzetlər, saytlar arasında vasitəçilik etmək, ya da ipə-sapa yatmayan media orqanlarını “qara siyashı”ya salmaq və onlar barəsində dövlət qurumlarına şikayət etməklə məhdudlaşdığından, bu qurumun da ciddi yenilənməyə ehtiyac olduğu qaçılmazdır. Bir halda ki, dövlət səviyyəsində Mətbuat Şurasına hər bir sahədə və yüksək səviyyədə dəstək göstərilir, demək, bu qurum medianın inkişafı istiqamətində çox iş görə bilər. Lakin bu günə qədər Mətbuat Şurasının jurnalistlərin peşəkarlığını artırmaq üçün hansısa treninqlər, seminarlar təşkil etdiyini kimsə görməyib. Görə də bilməz, çünki bu qurumun fəaliyyət prinsipləri tamamilə fərqlidir. Belə bir Mətbuat Şurası isə heç bir peşəkar jurnalistə gərək deyil. Axı medianın başı üzərində “uçastkovı” fəaliyyəti göstərmək kimə lazımdır və bu halda hansı inkişafdan danışmaq olar?!

Muxalifet.az

P.S. Bəs, Mətbuat Şurasının sədri Əflatun Amaşov Əli Həsənovun “sonuncu mogikanı”dırmı? Əlbəttə, yox!