Əli Həsənovun qəzetlərinə maliyyə yardımı ayrıldı – KİVDF PREZİDENTİN YARDIMINI NİYƏ GİZLİ SAXLAYIR…

04/01/2020 - 12:51 13 469 0   0  

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) hər il olduğu kimi, bu il də - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə qəzetlərə birdəfəlik maliyyə yardımı ayırdı. Söhbət Fonddan maliyyəşələn 25 qəzetdən gedir. Qeyd edək ki, əvvəlki illərdə KİVDF-dən maliyyələşən qəzetlərin sayı 30-dan çox idi. Lakin sonuncu müsabiqədə şərtlər bir qədər ağırlaşdırıldığından, bəzi qəzetlər Fonda layihə təqdim etməkdən imtina etmişdi. Bir neçə qəzetin isə layihəsi qəbul edilməmiş, daha doğrusu, onlara maliyyə yardımı ayrılması məqbul hesab olunmamışdı.

Maraqlıdır ki, Azərbaycan prezidenti adından qəzet redaksiyalarına ayrılan birdəfəlik yardımla bağlı, ötən illərdən fərqli olaraq, mətbuatda heç bir informasiya verilmədi. Hətta Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun saytında belə, bu haqda hansısa məlumat yerləşdirilməsi məqsədəuyğun hesab olunmayıb. Bunun səbəbələri haqda müxətlif versiyalar səslənsə də, dəyərli oxucularımıza xatırladaq ki, ötən dönəmdə prezidentin bu xeyirxah əməli günlərlə mətbuatda və televiziyalarda müzakirə olunar, ölkə başçısının ünvanına çoxsaylı təşəkkürlər çatdırılardı. Bəs, bu dəfə media rəhbərləri prezidentə “sağ ol” deməyi nə üçün “unudublar”? Bu haqda apardığımız araşdırma bir sıra gizli mətləbləri ortaya çıxardı.

Mötəbər qaynaqlardan əldə etdiyimiz məlumata görə, bayram ərəfəsində qəzet redaksiyalarına birdəfəlik yardım ayrılmasının, bir növ, gizli saxlanılması həmin 25 mətbuat orqanı arasında prezidentin keçmiş köməkçisi Əli Həsənova məxsus bir neçə qəzetin də adının yer alması ilə bağlıdır. Mənbənin sözlərinə əsasən, KİVDF rəhbərliyi uzun müzakirələr nəticəsində belə qənaətə gəlib ki, Ə.Həsənova məxsus qəzetləri bu yardımdan məhrum etmək doğru olmaz, çünki həmin mətbu orqanlarda da kifayət qədər peşəkar jurnalistlər çalışır. Bununla yanaşı, KİVDF rəhbərliyi onu da məsləhət bilib ki, bu yardım haqda hər hansı kampaniya aparılmasın. Bildirilib ki, müstəqil saytlarda “Əli Həsənovun qəzetlərinə maliyyə yardımı ayrıldı” başlıqlı məqalələr dərc olunarsa, bu, Fondun rəybərliyinə əlavə başağrısı gətirə bilər. Bu səbəbdən, KİVDF-dən ayrılan yardımla bağlı hər bir qəzetin baş redaktoruna ayrıca zəng vurularaq bildirilib ki, hesabınıza 24 min AZN (bəzi qəzetlərə 12 min AZN) pul köçürüldü, “gedin səssiz yeyin”.

Suveren.az

P.S:  Əlbəttə, prezident İlham Əliyevin mətbuata yardımı təqdir olunmalıdır. Amma nəzərə alsaq ki, xüsusən də birdəfəlik yardım adı altında redaksiyalara verilən pullar sadəcə qəzet rəhbərlərinin büdcəsini artırmağa xidmət edir və demək olar ki, kollektin sıravi üzvlərinə bu yardımdan heç bir vəsait düşmür, o halda bu haqda bir daha düşünməyə dəyər.

O ki qaldı konkret prezidentin keçmiş köməkşisinin qəzetlərinə ayrılan yardıma, çoxlarına bəllidir ki, hələ Əli Həsənovun mətbuata “patronajlıq” etdiyi dönəmdə belə, bu pulların böyük əksəriyyəti rəhbərlik tərəfindən müxstəlif adlar altında mənimsənilirdi. Odur ki, indi də həmin vəsaitdən kollektivin sıravi üzvlərinin fayda görəcəyi şübhə altındadır...

P.P.S: Mövzu ilə bağlı KİVDF ilə əlaqə yaratmağa çalışsaq da, iş günü olmadığından idarədən telefon zənglərinə cavab verən olmadı.