Küveyt əmiri: "Yəməndə aparılan müharibə İran körfəzinin bütün ərəb ölkələri üçün təhdid törədir"

10/12/2018 - 13:55 508 0   0  

“Yəmənlə aparılan müharibə İran körfəzinin ərəb dövlətləri üçün birbaşa təhdid törədir”.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Küveyt əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabah Ər-Riyadda keçirilən İran körfəzi ərəb dövlətləri əməkdaşlıq Şurasının sammitində söyləyib.

Onun sözlərinə görə, Yəməndə savaşan tərəflər arasında İsveçdə keçirilən danışıqlar prosesinin müvəffəqiyyətlə bitməsi hər kəs üçün vacibdir.

Küveyt əmiri Yəməndəki sülh prosesinin beynəlxalq dialoq, İran körfəzindəki ərəb ölkələrinin təşəbbüsləri və BMT-nin qətnamələri əsasında getməsinin vacib olduğunu qeyd edib.

Küveyt əmirinin dəfələrlə “ərəb ölkələri” sözünü işlətməsi burada İranı prosesdən kənar qoymaq  cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, BMT-nin himayəsi altında keçən həftənin 4-cü günü Yəməndəki münaqişə tərəfləri sayılan üsyançı husilər və hökumət arasında danışıqlar başlayıb. Yəməndə prezident Əbdrabbu Mansur Hadi hökuməti ilə şiə “Ənsar Ala” təşkilatı arasında savaş 2014-cü ildən bəri davam edir.

Ər-Riyadın rəhbərliyi altında bir çox ərəb ölkəsi hökumətin tərəfini tutur və Yəmənə açıq hərbi müdaxilə həyata keçirib. Bütün bunlar Yəməndə humanitar fəlakətə gətirib çıxarıb.