Kreml Qarabağ klanını üsyana hazırlayır - TƏHLİL

04/02/2019 - 10:17 1 621 0   0  

Son vaxtlar rusiyalı politoloqlar Ermənistan- Azərbaycan münaqişəsinin həllinə dair nikbin proqnozlar səsləndirir. Həmin açıqlamalarda Dağlıq Qarabağ münaqişəsinin yaxın aylarda nizamlanmasına dair razılaşmanın əldə olunacağı bildirlir. Bu yaxınlarda Stanislav Tarasov Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş beş rayonun Azərbaycana qaytarılacağına dair Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağını bildirmişdi. 

Rusiyanın Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov isə Dağlıq Qarabağ münaqişəsinin həllində tezliklə müsbət köklü dəyişikliklər ola biləcəyini söyləyib. “Bu məsələ ilə bağlı müsbət yeniliklər var və yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ciddi dönüş gözlənilir. Bu istiqamətdə Azərbaycanın Rusiya və Türkiyə ilə qarşılıqlı fəaliyyəti münaqişənin nizama salınması prosesində daha rəvan, dinc irəliləyişə nail olunmasını təmin edə bilər. Ermənistanın yeni rəhbərliyi də bu istiqamətdə ciddi addımlar atmağa hazırdır”,-deyə Markov bildirib. 
Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında aparılan danışıqlarda problemin həlli istiqamətində ciddi irəliləyişin müşahidə olunmadığı bir vaxtda rusiyalı ekspertlərin bu proqnozları hansı mənbəyə əsaslanaraq verdiyi məlum deyil. 
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə istər Tarasovun, istərsə də Markovun fikirlərini reallıqdan uzaq hesab edir. Onun sözlərinə görə, ekspertlər Rusiyanın rəsmi dairələrinin siyasi sifarişi ilə danışır: 
“İctimai sektoru təmsil edən şəxslər belə fikirlər yayır. Amma Rusiyanın rəsmi dövlət nümayəndələri, məsələn, xarici işlər nazirinin müavini Qriqori Karasin bu barədə bir kəlmə söz deməyib. Belə nəticəyə gəlmək olar ki, həmin açıqlamalar ictimaiyyətə təsir mexanizmi kimi istifadə olunur. Bu baxımdan, əsas məqsəd Ermənistan ictimiyyətinə və orada gedən daxili siyasi proseslərə təsir etməkdir. Çünki hazırda Ermənistanda Qarabağ klanı İrəvan klanını Azərbaycanla hansısa razılaşmaya getməkdə ittiham edərək bildirir ki, guya Paşinyan hökuməti işğal altındakı əraziləri qaytarmaq istəyir. Lakin Paşinyanın bəyanatları göstərir ki, danışıqlar üçün heç bir əsas qalmayıb. Bu baxımdan, Paşinyanın sərt bəyanatları qarşılığında Azərbaycan ictimaiyyəti ərazilərin işğaldan azad olunması üçün hərbi əməliyyatlardan başqa yol qalmadığını düşünür. Bu fikri dəyişməklə belə rəy yaratmaq istəyirlər ki, narahat olmayın, yay aylarında torpaqlar qaytarılacaq”.
Qeyd edək ki, Nikol Paşinyan sülh müqabilində ərazilərin qaytarılması təklifini müzakirə etməyəcəyini bildirib. Azərbaycanın xarici işlər naziri isə bu məsələyə kəskin etirazını bildirib. Elmar Məmmədyarov bu açıqlamanı Paşinyanın danışıqlardan imtina etməsi kimi dəyərləndirib: 
“Cənab Paşinyanın məntiqini başa düşmək çətindir. Məlum olduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun himayəsi altında keçirilən danışıqların əsasında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması dayanır. Bu tələb BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində, habelə münaqişələrin həlli çərçivəsində beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bütün sənədlərdə əksini tapır. Belə olan təqdirdə sual yaranır: Paşinyanın bu mövqeyi danışıqlardan imtina deməkdirmi?”,-deyə Məmmədyarov bəyan edib. 
Tofiq Zülfüqarovun sözlərinə görə, Paşinyanın bəyanatı danışıqlar üçün heç bir əsas qalmadığını göstərir: 
“Çünki ermənilər əvvəllər Dağlıq Qarabağa iddia edirdilər. İndi isə yalnız Dağlıq Qarabağa deyil, işğal olunmuş bütün ərazilərə iddia edirlər. Yəni, onlar heç bir torpaqları azad etmək niyyətində deyirlər. Paşinyanın mövqeyi daha da sərtləşib. Ona görə də rusiyalı politoloqların açıqlamaları ictimai rəyi yayındırmaq məqsədi daşıyır”. 
Bu səbəbdən T.Zülfüqarov hesab edir ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Münhendə keçiriləcək görüşündən ciddi nəticə gözləməyə dəyməz: 
“Paşinyanın bu bəyanatından sonra nə müzakirə olunacaq? Əgər dövlət başçısı torpaqları qaytarmayacağını deyirsə, o zaman biz danışıqlara niyə gedirik? Həmin görüşdə nə müzakirə ediləcək? Azərbaycanın məqsədi işğal olunmuş əraziləri azad etmək və məcburi köçkünləri öz evlərinə qaytarmaqdan ibarətdir. Paşinyan isə deyir ki, biz sülh müqabilində ərazləri qaytarmayacağıq. Ona görə də Azərbaycan tərəfi öz mövqeyini ciddi şəkildə bildirməlidir. Xarici İşlər Nazirliyinin mövqeyi də qəribədir. Onlar deyirlər ki, biz başa düşmürük bu nədir. Əgər başa düşmürsünüzsə, orada niyə oturmusunuz? Necə yəni, Paşinyanı başa düşmürəm? Paşinyanın bəyanatında hər şey açıq ifadə olunub. Azərbaycan XİN danışıqlar aparırsa, “başa düşmürəm” nə deməkdir?”