Kreml Ermənistan hökumətinə sürpriz hazırlayır? - GƏLİŞMƏ

07/02/2019 - 10:38 1 918 0   0  

Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin müəyyən ölçüdə azaldılmasına nail olunub. Bu barədə KTMT-nin Birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov bildirib.
Onun sözlərinə görə, beynəlxalq vasitəçilərin və region dövlətlərinin birgə səyləri ilə son aylar təmas xəttində gərginliyi azaltmaq mümkün olub. Bu vasitəçilər və region dövlətləri Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair sonrakı işlər üçün zəruri olan dialoqu fəallaşdıra biliblər.
“Azərbaycan və Ermənistan rəhbərlərinin müntəzəm xarakter almış görüşləri etimadın möhkəmləndirilməsinə və sülh prosesi üçün şəraitin yaradılmasına yönəlmiş tədbirlərin görülməsinə dair müəyyən razılaşmaların əldə edilməsinə imkan yaradıb” - general qeyd edib. Virtualaz.org-un məlumatına görə, bununla belə, Sidorov qeyd edib ki, Qafqaz kollektiv təhlükəsizlik regionunda mürəkkəb vəziyyət qalmaqdadır. Bu situasiya ilk növbədə region sərhədləri boyu yüksək münaqişə potensialının olması, habelə ABŞ və Qərbin regionda mövqelərini möhkəmləndirmək səyləri ilə bağlıdır.
Rus generalın dediklərini ilk baxışda təsdiqləmək olar. Əslində bir sıra müşahidəçilər də təsdiqləyir ki, son aylar ərzində Qarabağ ətrafında mövcud olan sakitlik problemin başlanmasından üzü bəri müşahidə olunmayıb. Atəşkəsin statistikası da bunu təsdiqləyir. Lakin ABŞ Milli Kəşfiyyatının açıqlamasını da unutmaq olmaz. Həmin açıqlamada müharibə xəbərdarlığı edilirdi. Deməli, Qarabağ bölgəsindəki nisbi sakitliyi “tufanqabağı sakitlik” də adlandırmaq olar.
Xüsusilə də Ermənistanın baş naziri Nikol Paşinyanın Paris və Davos görüşlərində müşahidə olunan pozitiv atmosferə tam zidd mövqelər sərgiləməsi vəziyyəti gərginləşdirməyə xidmət edir. Xatırlayırsınızsa, Serj Sərkisyan da daxildə özünə qarşı sərt etirazlar baş qaldıran zaman diqqəti xarici düşmənə yönəldir və ya təmas xətti, hətta cəbhə boyunca təxribatlara əl atırdı. Sərkisyan özünü xilas etməkdən ötrü hətta Ermənistan helikopterinin mövqelərimizə yaxınlaşmasına əmr verməkdən və Azərbaycan hərbçiləri tərəfindən onun məhvinə faktiki olaraq şərait yaratmaqdan da çəkinməmişdi. Ermənistan rəhbərliyində olan şəxslərin hakimiyyətini qorumaq üçün hər şeyə getdiklərini elə 2008-ci ilin 1 mart hadisələri də təsdiqləyir.
Bu mənada N.Paşinyanın daxildəki etirazları və erməni diasporunun təhdidlərini nəzərə alaraq Qarabağ məsələsində sərt ritorikaya üstünlük verdiyi şübhə doğurmur. Artıq erməni ekspertlər özləri də hökumət başçısının oyun oynamasının fərqindədir. 
“Paşinyan Düşənbə danışıqlarından bu yana Qarabağın həlliylə bağlı zamanı uzatmağa çalışıb”. Axar.az xəbər verir ki, bu iddia ilə “Daşnaksütyun” Partiyasının rəsmi yayım orqanlarından biri olan “Yekramas” portalı çıxış edib. Sayt Paşinyanın “sülh qarşılığında torpaq” formulunu özündə əks etdirən “Bolton planı”nı reallaşdırmağa, yəni real güzəştlərə hazır olmadığını bildirib: “Aydındır ki, proses dönəmində Paşinyan ”Bolton planı"nın reallaşdırılması zamanı hakimiyyətini birinci prezident Levon Ter-Petrosyan kimi itirmək təhlükəsi hiss edib. Ona görə də Paşinyan geriyə çəkilərək, danışıqları dalana dirəyib. Baş nazirin problemlə bağlı dəqiq görüntüyə sahib olmaması sayəsində Ermənistan tükdən asılı vəziyyətə düşüb. Bizim Rusiya ilə münasibətlərimiz gərgindir, açıq şəkildə konfliktin hərbi həlli olduğunu bəyan edən məyus olmuş Azərbaycan və özünü aldadılmış hiss edən, planı sona qədər icra edilməyən ABŞ var. Paşinyanın son zamanlar apardığı siyasət böyük optimizm yaratmır. Belə ki, artıq Paşinyanın incə oyun aparıb hakimiyyətdə qalmaqla bərabər, dövləti hərbi konfliktə cəlb etməyəcəyi inandırcı görünmür".
Paşinyanın qısa hakimiyyəti dövründə artıq zəifləməyə başlayan mövqeləri fonunda Qarabağ klanının revanşa hazırlaşdığı hər an hiss olunur. Qondarma “dqr”in keçmiş “müdafiə naziri” Samvel Babayan isə 2020-ci ildə Azərbaycanın işğal altındakı ərazilərində keçiriləcək “prezident seçkilərində” iştirak etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki, Babayan bu haqda AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində bildirib. O deyib ki, namizədliyini irəli sürmək üçün azı 10 il Qarabağda yaşamalı olduğunu nəzərə alır və artıq mart ayında Qarabağ sakinləri arasında bu məsələ ilə bağlı imza toplamağa hazırlaşır. “Qarabağın ”prezidenti" Bako Saakyanla bundan əvvəlki görüşümdə dedim ki, gəlin xətt çəkək, hər şeyi-münaqişələri, problemləri unudaq. Mənə elə gəlir ki, onlar Qarabağın və Ermənistanın vəziyyətinin ciddi olduğunu başa düşməlidir. Vəziyyət o qədər ciddidir ki, bir-biri ilə münaqişə düzgün yanaşma deyil, biz dövləti itirə bilərik, əraziləri itirə bilərik. Bunu etmək lazım deyil" - Samvel Babayan deyib.
Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Davos görüşündə Qarabağ konfliktini müzakirə etməsi ətrafında erməni ekspertlərin baş sındırması isə ondan xəbər verir ki, Paşinyan nə qədər radikallaşmağa çalışsa da, öz xalqı belə ona etibar etmir və torpaqları qaytaracağından ehtiyatlanır. Ermənistanın eks-deputatı Ruben Akopyan deyib ki, xarici siyasət sferası kölgədə və kulisdə olur: “Hesab etmirəm ki, Davosda müzakirə edilənlər dərhal açıqlanmalıdır. Azərbaycan tərəfinin görüşdən öncə söhbətin nədən gedəcəyi ilə bağlı tam məlumatlı olması artıq başqa məsələdir. Bizim baş nazir görüşün 1,5 saat davam etdiyini və təsadüfi olduğunu deyəndə bir növ kəndçi hiyləgərliyi etməyə çalışdı. Aydın olan odur ki, tərəflər Qarabağdan danışıblar və növbəti gün məhz Davosda Paşinyana Bolton zəng etdi və söhbət Qarabağdan getdi”, - deyə o bildirib. (Axar.az) Onun sözlərinə görə, Paşinyan məsləhətlərə qulaq asmayacağı halda bütün Ermənistan ağır məsuliyyət altında qalacaq: “Xalqları sülhə hazırlayın” deyəndə nəyinsə baş verdiyini, prosesin getdiyi nəzərdə tutulur. Biz gərək səhvlərimizdən nəticə çıxaraq. Bütün bu dövr ərzində Azərbaycan tərəfi udub. Paşinyanın icra edilməyəcək razılaşma barədə hesabat vermək vaxtı çatıb. Xalqı həyəcanlandırmaq istəməzdim, amma müharibə heç də uzaqda deyil. Allah eləsin ki, mən yanılım". Azərbaycanı savaşa hazırlaşmaqda ittiham edən Akopyan son günlər atəşkəs xəttindəki sakitliyin guya Azərbaycanın maraqlarına cavab vermədiyini deyib.
Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Paşinyan faktiki olaraq hazırlıqsız siyasətçi təəssüratı yaradır: “Çünki onun təmtəraqlı, səs-küylü hakimiyyətə gəlməsi, özlərinin dediyi kimi, demokratiyanın ”fontan" vurmasının əsasında ciddi bir proqram, tutarlı bir antiböhran yanaşması yoxdur. Söhbət iflic vəziyyətdə olan ölkədən gedir. Bir xəstəlik varsa, təbii ki, gərək onun simptomları bəlli olsun. Ermənistanın xəstəliyi çox ağır və sistemli xəstəlikdir. Onlar ilk növbədə bilməlidirlər ki, iqtisadiyyatın geriləməsi, ölkədə sosial-psixoloji böhranın səbəbi Qarabağ problemidir. Yəni əgər onlar həqiqətən də bütün bəlaların, çatışmazlıqların səbəbini tapmaq və mübarizə aparmaq istəyirlərsə, gərək bilsinlər ki, işğalçı siyasətin, Azərbaycanla bağlı yalan, iftira münasibətin axırı belə olmalı idi".
Ekspert Paşinyanın hazırkı vəziyyətini naqolay, zəif tərzdə gördüyünü bildirdi və dedi ki, bunun axırı yoxdur: “Əgər belə davam edəcəksə, birincisi, bu adam hərəkət əsnasında vəziyyəti azca da olsa, düzəltməyə, özü üçün əlverişli vəziyyət yaratmağa çalışır. Bu şəkildə dövləti idarə etmək, hökumətə rəhbərlik etmək, bütün çağırışlara cavab tapmaq asan məsələ deyil. Digər tərəfdən, o, ancaq sözçülüklə məşğuldur”. T.Abbasovun fikrincə, Paşinyan bəlkə də Qarabağla bağlı ciddi addım atmaq istərdi: “Ancaq buna onun təpəri, gücü və bazası çatışmır. Birincisi, gərək adamın ilk növbədə qətiyyəti olsun. Paşinyan bilir ki, Ermənistanın vəziyyətinin düzəlməsi Qarabağ probleminin həllindən keçir. Yəni ilk növbədə gərək İrəvan qoşunlarını işğal altındakı Azərbaycan ərazilərindən çıxartsın, bununla da kompromislərə hazır olduğunu bildirsin. İndi dəbə düşmüş, dillər əzbəri olmuş ”biz əraziləri qaytarıb əvəzində sülh əldə etmək niyyətində deyilik və bunu müzakirə etməyəcəyik", deməsi onu göstərir ki, sadəcə, bu adamın vəziyyəti çox acınacaqlıdır. Bu, çəkiclə zindan arasında qalmış adam təsiri bağışlayır". 
Ancaq politoloq əmindir ki, hazırki pat vəziyyəti uzun müddət davam edə bilməz: “Artıq 9 aydır ki, bu adam hakimiyyət gəlib, bu da simvolik müddətdir. Yəni 9 aya insan dünyaya gəlir. Bu qədər ki, Paşinyan hakimiyyətdədir, ancaq onun dilindən tutarlı fikir, arqument, ideya, müəyyən olunmuş yanaşma eşidilməyib. Azərbaycan bunlara möhlət verib ki, hökumətini formalaşdırandan sonra ortaya tutarlı mövqe qoysun. Lakin bunlar yoxdur. Paşinyan bir tərəfdən Qarabağ məsələsində geri çəkilməyə qorxur ki, Respublikaçılar Partiyasının başkəsənləri onun özü ilə haqq-hesab çürüdə bilərlər. Digər tərəfdən də ümid edir ki, hansısa təsadüf nəticəsində çıxış yolu əldə edə bilər”.

****

“Ermənistanın baş naziri Nikol Paşinyanın davranışı onu göstərir ki, o, eyni vaxtda iki stulda oturmaq siyasəti həyata keçirir”. Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq cəhdini teleqraf.com-a şərh edən deputat Elman Nəsirli belə deyib. Onun sözlərinə görə, biz yaxın gələcəkdə Rusiya-Ermənistan münasibətlərində yeni sürprizlərin şahidi ola bilərik. Qeyd edək ki, Ermənistan parlamentində bu ölkənin KTMT üzvlüyündən çıxmaq məsələsi müzakirəyə çıxarılıb.
N.Paşinyanın Qərbə meyllənməsi və anti-Rusiya siyasəti yürütməsi fonunda Rusiyanın İrəvandakı səfirinin Paşinyan əleyhdarlarını qəbul etməsi də maraqlı nüansdır.
Rusiya Federasiyasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin tarixən Azərbaycanın torpaqlarının işğalında aparıcı rol oynamış terrorçu “Daşnaksütyun” Partiyasının rəhbər nümayəndələrini qəbul edib. (Moderator.az) Fevralın 5-də keçirilmiş görüşə “Daşnaksütyun”un büro sədri Armen Rustamyan, büro üzvləri Spartak Seyranyan, Arsen Ambartsumyan və partiya ali məclisinin təmsilçisi İşxan Saqatelyan qatılıb. Daşnaklar Rusiya səfirinə irqçi partiyanın Xankəndində keçirilmiş 33-cü ümumi yığıncağı, həmin tədbirdə qəbul edilmiş əsas qərarlar barədə ətraflı məlumat verib. Görüşün əsas mövzusu isə daşnakların Qarabağ probleminin həllinə və Ermənistanın xarici siyasətinə münasibəti ilə bağlı olub. Tərəflər həmçinin Ermənistan-Rusiya ittifaqı tərəfdaşlığının daha da inkişaf etdirilməsindən bəhs ediblər. Daşnaklar və Rusiya səfiri qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək üçün müntəzəm görüşlərin vacibliyini xüsusi vurğulayıblar.
Qeyd edək ki, “Daşnaksütyun” rəhbərliyi öncəki illərdə ATƏT-in Minsk Qrupunun digər həmsədr ölkələrinin ABŞ və Fransanın səfirləri ilə də görüşlər keçirib. Ötən ay Qarabağda 8 günlük tədbir keçirən daşnaklar Paşinyanı açıq şəkildə hədələyib onu güzəştli sülhdən imtinaya çağırmışdılar. Bu, erməni baş nazir üçün sürpriz görüşdür.
Ekspertimizin dediyi kimi, Paşinyanın vəziyyəti doğrudan da ağırdır. Amma bizi onun vəziyyəti yox, Qarabağın taleyi maraqlandırır...