"Korrupsiyaya qarşı mübarizə gücləndirilib" - Kamran Əliyev

15/01/2019 - 19:56 5 992 0   0  

Bu gün keçirilən hesabat konfransında çıxış edən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev prokurorluğun gördüyü işlərdən də danışıb.

K.Əliyev bildirib ki, prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar həyata keçirilib.

O bildirib ki, beynəlxalq əməkdaşlıq sahəsində görülmüş işlərin məntiqi nəticəsi olaraq, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ölkəmizin IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilməklə, Azərbaycan Respublikasında bu sahə beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib, MONEYVAL-ın tövsiyələrinin ölkəmiz tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qənaətinə gəlinib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının ötən ilin sentyabrında Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində keçirilmiş 23-cü illik konfransı və ümumi yığıncağında Azərbaycan Respublikasının Prokurorluğu xüsusi mükafatla - Assosiasiyanın Fəxri Sertifikatı ilə təltif edilmişdir. Sertifikat ölkəmizdə prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı həyata keçirilmiş mütərəqqi islahatlar, Azərbaycan Prokurorluğu ilə Assosiasiya arasında əməkdaşlıq, o cümlədən Assosiasiyanın İcraiyyə Komitəsinin Bakıda keçirilmiş 45-ci iclasının yüksək səviyyədə təşkil olunduğu nəzərə alınmaqla verilib.Eyni zamanda, həmin konfrans çərçivəsində Azərbaycan Prokurorluğunun nümayəndəsi Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti vəzifəsinə seçilib.(qafqazinfo)