“Korrupsiya ilə mübarizə nəticəsində 800 milyon manat əlavə pul toplanıb” – DGK

26/11/2018 - 20:32 8 677 0   0  

Dövlət Gömrük Komitəsi (DGK) gömrük sistemində aparılan dəyişikliklər nəticəsində əlavə toplanan vəsaitlərin həcmini açıqlayıb.

Bu barədə Fed.az-a Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib.

Xatırladaq ki, gömrük sahəsində aparılan yeniliklər, nəzaətin gücləndirilməsi, o cümlədən Vergilər Nazirliyi ilə fəaliyyətin əlaqələndirilməsi nəticəsində AGK-nin xətti ilə gömrük ödənişlərinin həcmi kəskin artıb. Nazirlər Kabinetinin iclasında prezident İlham Əliyev bildirmişdi ki, həmin tədbirlər nəticəsində gömrük orqanları bu il 800 milyon manatdan çox əlavə vəsait toplayıblar: «O cümlədən struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olubdur»-deyə dövlət başçısı bildirmişdi.

İsmayıl Hüseynov isə bildirib ki, artıq ilin sonunadək əlavə toplanan məbləğlər 1 milyard manatı keçəcək. Onun sözlərinə görə, aparılan tədbirlər, o cümlədən vergi orqanları ilə fəaliyyətin koordinasiya edilməsi nəticələrini verib. Komitə sədrinin müavini gələn il DGK-nin büdcə qarşısında öhdəliyinə də toxunub. Xatırladaq ki, büdcə layihəsinə əsasən, 2019-cu ildə komitənin xətti ilə büdcəyə 3 milyard 451,6 milyon manat vəsait ödənilməlidir. Bu 2018-ci ilin proqnozu ilə müqayisədə 261,6 milyon manat və ya 8,2% artıqdır.

İ.Hüseynov bildirib ki, gömrük sismində aparılacaq işlərlə bu proqnozu yerinə yetirmək mümkün olacaq.