“Kömək etmirsinizsə, mane olmayın!” Qafar Çaxmaqlı ilə müsahibə

22/05/2020 - 23:36 181 1   0  

Arx.az xəbər verir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Ziyalılar. az saytının baş redaktoru Tural İrfan Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikasının Təşəbbüs Qrupunun rəhbəri, Türkiyə Cümhuriyətinin Ərciyəz Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlıdan müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

– Salam, hörmətli Qafar bəy.

Öncə xalqımızın, ələlxüsus da Qərbi Azərbaycan əsilli soydaşlarımızın uzun illərdir arzusunda olduqları bir işi real olaraq həyata keçirdiyiniz üçün – Qərbi Azərbaycan (İrəvan) Mühacir Respublikasının yaradılması və bu yöndəki göstərdiyiniz fədakar fəaliyyətinizi təqdir edərək, mövzu ətrafında növbəti görüləcək işlər və planlarınız haqda məlumat vermənizi istərdim.

– Salam, Tural bəy, öncə sizi təbrik edirəm, yeni yaratdığınız Ziyalılar. az saytının adını da bəyənirəm. Sizə uğurlar arzulayıram və bizim Qərbi Azərbaycan (İrəvan) Respublikasının yaranması, elan olunması ilə bağlı verilən dəstəyi də çox yüksək qiymətləndirirəm, bilirəm ki, bizim bu hərəkətimiz, Təşəbbüs Qrupunun bu Respublikanı elan etməsi Azərbaycanda və başqa yerlərdə də böyük reaksiya doğurub, hər yerdən dəstək gəlməkdə davam edir.

Şadam ki, bizim xalq həyati və milli məsələlərə, Azərbaycan xalqının belə taleyüklü məsələlərinə çox həssaslıq nümayiş etdirir və bu onu göstərir ki, biz itirilən torpaqlarımızı geri qaytarmaq uğrunda mübarizənin önündə olacayıq və heç vaxt da bundan imtina etməyəcəyik. Yəni bizim bu Respublikanı elan etməyimizin səbəblərindən biri də bundan ibarətdir ki, biz tərk etdiyimiz o əraziləri unutmayaq, o ərazilər uğrunda həmişə, hər mənada mübarizəyə hazır olaq.

Soruşursunuz ki, bu hansı ehtiyacdan doğdu ki, məhz indiki zamanda bu addımı atdınız. Biləsiniz ki, bu ideya – Qərbi Azərbaycan ideyası, Qərbi Azərbaycandakı torpaqların geri qaytarılması və bizim xalqın bu torpaqlara geri dönməsi ideyası hər zaman mövcud olub və bizim cəmiyyət həmişə bunu ayaqda tutub. Bir çoxları da bu haqda dəfələrlə qeyd ediblər. Belə bir Respublikanı elan etmək cəhdləri zaman – zaman olmuşdur.

Ancaq hansısa səbəblərdən (o səbəbləri indi biz araşdırmayacağıq və o haqda danışmayacağıq) bu reallaşa bilməmişdi. Biz xeyli zaman idi ki, bu məsələni müzakirə edirdik və heç bir ciddi səbəbi də yoxdur ki, nədən indi elan olundu. Bu yəqin onunla bağlıdır ki, koronavirusla əlaqədar insanlar evlərindədirlər, daha çox başqa işlərlə məşğul olmurdular və belə bir məsələni indiki zamanda elan etməyimiz bəlkə də hardasa bununla bağlı idi.

Amma biz bir münasib məqam gözləyirdik ki, bunu edək. Siz həm də o tərəfinə diqqət edin ki, biz bunu nə vaxt elan etdik… 9 mayda. Çünki erməni həyasızlığı o dərəcəyə gəlib çatıb ki, onlar gəlib Şuşada bayram edirlər, biz kənardan baxırıq. Biz 9 mayda ona görə elan etdik ki, gələcəkdə 9 mayı biz İrəvana, Zəngəzura və digər ərazilərimizə qayıdış günü kimi qeyd edərək bu əlamətdar günü bayram edəcəyik. Onların Şuşadakı bu bayramını qana boyamaq lazımdı, (bu gün onu etmək lazım idi).

– Bu ərəfədə Şuşada ermənilər qondarma “Dağlıq Qarabağ respublikası” nın “prezidentinə” andiçmə mərasimi keçirirlər. Sizin yaratdığınız hökumətin fəaliyyəti ermənilərin bu mənfur addımına adekvat cavab sayıla bilərmi, yoxsa daha real və kəskin cavab olacaqmı?

– Mən hələ bilmirəm, məlumatım yoxdur ki, onların qondarma qurumunun “seçdikləri prezidentin” “inauqurasiya” mərasimi necə keçdi və buna bizim Azərbaycan hökumətinin təpkisi necə oldu. Biz şəxs olaraq da, təşkilat olaraq da bəyanat verdik və fikrimizi bildirdik ki, Şuşa bu gün vurulmalı idi. Çünki Azərbaycan xalqının, Azərbaycanın əlində hüquqi əsaslar da var ki, o öz ərazisində, (Dağlıq Qarabağ Azərbaycan ərazisidir, dünya da bunu belə qəbul edir) anti-terror əməliyyatları keçirmək haqqı var.

Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün hətta ordunun gücündən istifadə etmək haqqını həmişə öz əlində saxlamaqdadır. İndi şübhəsiz ki, Qarabağla bağlı ATƏT-in Minsk Qrupunun bizə diqdə etdiyi bəzi şeylər var. Hazırda danışıqlar gedir. Biz də dəfələrlə bunu bəyan etmişik, demişik ki, bu danışıqlar prosesi iflasa uğrayıb və bu danışıqlarla heç zaman erməniləri o ərazilərdən çıxarmaq mümkün olmayacaq. Mən bir ermənişünas kimi deyirəm ki, Dağlıq Qarabağ məsələsinin həll yolu ancaq və ancaq Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün anti-terror əməliyyatlarına getməsindən keçir.

Bunu etməsək gələcəkdə ermənilər o ərazilərdə daha da güclənəcəklər. İndi bizim başladığımız İrəvan, Zəngəzur məsələsi nə qədər çətinliklər törədirsə gələcəkdə Dağlıq Qarabağı da işğaldan azad eləmək o qədər çətinlik törədəcək. Ona görə də biz bunu zamanında həll etməliyik. Onsuz da gecikmişik. 30 ildən artıqdır ki, bu məsələ gündəmdədir, Azərbaycan xalqı həssaslıqla öz hakimiyyətinə inanaraq gözləməkdədir ki, bu torpaqları azad edəcəkdir.

– Sizin təşəbbüsünüzlə yaradılmış Mühacir Hökumətinə dəstək verənlərin kifayət qədər çox olmasına rəğmən əleyhdarları da var. Sizcə bu qısqanclıqdan yaranır, yoxsa onların irad və narazılıqlarında da bir əsas varmı?

– Bizə, bizim elan etdiyimiz Respublika ilə bağlı çox böyük dəstək var, bəli. Mən sizə deyim ki, artıq bu sadəcə olaraq ideya deyil, bu artıq reallıqdır və geri dönüş də yoxdur. Bu əslində böyük bir hərəkata çevrilib. Bu hərəkatı irəliyə aparmaq, daha da genişləndirmək üçün tədbirlər görürük və bu tədbirlər görülərkən ola bilsin ki, müəyyən qüsurlar da olsun gələcəkdə. Biz tənqidə də açığıq və bizə qarşı olan bəzi fikirlərin də olmasını çox normal qəbul edirik. Qərbi Azərbaycan (İrəvan) Respublikasının elan olunması ilə bağlı, torpaqlarımıza geri dönüş lə bağlı alternativ fikirlər də ola bilər.

O fikirlərə də sayğı ilə yanaşırıq, amma bu məsələ qərəzə dönüşürsə və kompaniya xarakteri alırsa biz ona qarşı ən sərt fikirlərimizi söyləmək haqqını da özümüzdə saxlayırıq. Bəli, belə bir fikir var ki, niyə bunu elan etdilər, biz bunu edəcəkdik. Mənim həmişə cavabım bu olub ki, 30 il içərisində bu məsələ ilə manipulyasiya olunub və edilməyib. İndi biz buna başlamışıqsa çəkilin kənara, görün biz bir şey etməsək yenə siz bu işi başlayarsınız. Bunun hansı yolla olmasına gəlincə isə, fərqli yol deyənlərə də biz sayğı duyuruq. Bəziləri deyir ki, bu məsələ icmaların yaradılması ilə mümkün ola bilər.

Amma bizim gözləməyə halımız yoxdur, çünki icmaların yaradılması uzun bir vaxt alacaq, uzun illər alacaq. O icmalar yaradılandan sonra guya biz Ermənistandan tələb edəcəyik ki, bizim bu icmanın nümayəndələri, bu icmada olan insanlar o ərazilərə getsinlər, sonra onlardan- Ermənistan hökumətindən biz orada onlara müəyyən bir status alacağıq… Bu nağıldır! Bu nağıla heç kəs inanmaz. Və bu nağılı ortaya atanlar bu məsələ ilə alver etməsinlər. Mən bunu dəfələrlə demişəm. Lakin fikirlər, fərqli yanaşmalar ola bilər, amma bu fərqli yanaşmalar kanfrantasiya və qarşıdurmaya gətirməməlidir. Mən yenə də onlara deyirəm ki, otursunlar gözləsinlər, görsünlər əgər biz bir şey edə bilmiriksə onda ortaya çıxsınlar və desinlər…

Bəziləri də hətta bizim Qərbi Azərbaycan (İrəvan) Respublikasının Təşkilat Komitəsinin üzvləri ilə bağlı fikirlər söyləyirlər və onların siyasi baxışlarını tənqid etməyə başlayırlar. Bilsinlər ki, biz nə siyasi təşkilat, nə müxalifət partiyası, nə də iqtidar partiyası yaradırıq, bizim məqsədimiz erməniyə qarşı mübarizədir, Ermənistandan öz torpaqlarımızı geri qaytarmaq üçün bu mübarizənin önündə getməyə çalışmaqdır. Və müəyyən işlər görmək istəyirik. Həm hüquqi yöndən, həm beynəlxalq hüquq normalarına uyğun şəkildə sənədlər hazırlayacağıq. İnanın ki, gecəmiz-gündüzümüz yoxdur bu Respublika elan ediləndən sonra… Yəni bu işləri görməyə çalışırıq. Bir daha xəbərdarıq edirik ki, bizə mane olmasınlar, çəkilsinlər qarşımızdan.

– Ermənilərin buna münasibəti… və onların dünyada necə çirkin işlər, terror aktları həyata keçirdiklərini bilirik. Həmçinin Azərbaycanda və qardaş Türkiyədə də onlar terror aktları ediblər. Hazırda sizin onların diqqət mərkəzində olmanıza rəğmən yaşadığınız ölkədə təhlükəsizliyiniz necə qorunur, bu haqda hər hansı ehtiyyat tədbirləri görülürmü?

– Bizə ən çox təpki göstərən erməni siyasi təşkilatlarının içərisində Paşinyana (Ermənistanın baş naziri. Red.) bağlı təşkilatlardır. Bilirsiniz ki, o baş nazir olana qədər deputat idi və onun “Haikakan jamanak” (Erməni zamanı) adlı qəzeti vardı. Bu qəzet bizim haqqımızda artıq 3 məqalə yazıb. Bunları da biz öyrənirik. Həmin məqalələrdə yer alan məsələləri və düşmənin bizə qarşı hansı tərəfdən hücuma keçməyini aydınlaşdırandan sonra ona da cavab verəcəyik.

– Ermənilər şər-böhtan edirlər ki, guya yaradılan bu hökumət gələcəkdə partizan fəaliyyətinə keçə bilər və. s. Bu haqda nə deyə bilərsiniz?

– Onların arqumentlərindən biri ondan ibarətdir ki, Azərbaycan Türkiyə ilə birləşib müəyyən bir partizan müharibəsi hazırlamağa çalışır. Bunun da heç bir əsası yoxdur. Biz heç yerdə deməmişik ki, biz zor gücünə Ermənistandan o ərazilərin geri verilməsini tələb edəcəyik. Bizim müəyyən mübarizə üsullarımız var, bu mübarizə üsulları dünyanın qəbul etdiyi demokratik dəyərlərə əsaslanan mübarizə üsullarıdır. Ermənilərin narahatlıqlarını da anlayırıq. İndiyəcən ermənilərdən nə Zəngəzuru istəyən vardı, nə İrəvanı istəyən vardı, nə də digər əraziləri.

Biz belə hesab edirik ki, bu ərazilər Ermənistana qeyri-qanuni verilib. Biz 1918-ci il, 29 may tarixində Azərbaycan Milli Şurasının verdiyi qərarı qanunsuz sayırıq və onun ləğv olunmasını tələb edəcəyik. 1947-ci il 23 dekabrda verilmiş SSR Nazirlər Sovetinin qərarının ləğv olunmasına da çalışacağıq və hüquqi cəhətdən dünyanın qəbul etdiyi normalar çərçivəsində məqsədimizə nail olmağa çalışacağıq. Şübhəsiz ki, gələcəkdə bu Respublika bir hökumət olacaq, onun öz təhlükəsizliyini təmin etmək üçün tədbirləri olacaq və buna da biz gələcəkdə konseptual qaydada addım-addım nail olacağıq.

– Yaradılmaqda olan, elan etdiyiniz Mühacir Respublikanın tərkibində əsasən elm adamları və tarixçilər nəzərə çarpır. Götünür bu, sizin elm adamı olmanızdan irəli gəlir. Siyasət meydanında çarpışmaq üçün siyasət adamlarının öndə olması gərək deyildimi bu işdə?

– Bu çox normaldır. Biz onu nəzərdə tutmamışıq ki, burada elm adamlar çox olsun, yaxud siyasət adamları çox olsun. Elm adamlarının çox olması çox normaldır və biz elə bir qadağa da qoymamışıq ki, kimsə bura müraciət etməsin, gəlməsin. Bizim prosedurumuz əvvəldən də belə olub: Bir Təşəbbüs Qrupu yaradılıb, həmin Təşəbbüs Qrupu bu Respublikanı elan edib və bu Qrup açıq saxlanılıb. Bu Təşəbbüs Qrupuna hər gün üzvlər daxil olur. Təşəbbüs Qrupu özünün Təşkilat Komitəsini seçib və bu Komitədə yer alan adamların bir hissəsi elm adamlarıdır.

Siyasətlə məşğul olanı da var, sadə insanlar da var, gənclər də var, Türkiyə və digər yerlərdə yaşayan Qərbi Azərbaycan əsilli insanlar var. O tərkibə baxsanız, həm Rusiyadan, həm İngiltərədən, həm Almaniyadan, Qırğızıstandan və başqa ölkələrdən insanların təmsil olunduğunu görəcəksiniz. Onları biz normalara bölmürük ki, bu ziyalıdır ya ziyalı deyil. Biz buradakı hər kəsə Qərbi azərbaycanlı, ziyalı və bu torpaqlar üçün fədakarlıq göstərən insanlar kimi baxırıq. Elm adamlarının burada çox olması da məni sevindirən cəhətlərdən biridir. Çünki bizim mübarizəmizdə, bizim ortaya atdığımız bu məsələnin reallaşmasında ziyalı – aydın sözü, alim sözü, tarixçi sözü, araşdırmaçı sözü əsas olacaqdır.

– Azərbaycanda, habelə digər rayonlarımızda şöbə və təmsilçiliklərinizin yaranmasını arzu edən soydaşlarımız var. Bu haqda planlarınız varsa bir qədər məlumat verərdiniz.

– Bizim gələcək addımlarımız bu gün təməlini qoyduğumuz, atdığımız addımların davamı olacaqdır. Hər həftə bizim konfransımız keçirilir. İdarə Heyətinin üzvləri və Təşkilat Komitəsinin fəallarından ibarət konfrans keçirilir və bu konfransa da heç zaman qadağa qoymamışıq ki, kimlər iştirak etsin, kimlər etməsin. Təşəbbüs Qrupunun rəhbəri kimi və İdarə Heyətinin (biz onun adını Millət Şurası qoymuşuq) sədri kimi 5 müavinim var, bundan başqa Qərbi Azərbaycanla bağlı təşkilatlar var, həmin təşkilat rəhbərləri avtomatik şəkildə müşavir statusundadırlar və digər fəallar da burada iştirak edirlər.

Gələcəkdə bu Təşkilat Komitəsində müəyyən strukturlaşma aparılaraq, katiblik və başqa lazımi strukturar seçiləcək. Hər həftə biz yeni oluşumlar, yeni struktur dəyişiklikləri apararaq müəyyən mənada məqsədimizə nail olmaq naminə gələcəkdə bu dövlətin təməl prinsiplərini oluşdurmaq üçün çalışırıq.

Son günlər bu məsələnin dah da gündəmi zəbt etməsi ilə bağlı da bir-iki fikir bildirim. Bəziləri sosial şəbəkələrdə müxtəlif fikirlər yayırlar. Şübhəsiz ki, bizim tərəfdarlarımız, bizim işi qəbul edən insanlar böyük əksəriyyəti təşkil edir. Çox az bir hissə isə “troll şəbəkəsi”ndən ibarətdir, dərhal bilinir ki, bunlar məqsədli şəkildə edirlər və bu qısqanclıq zəminində olan məsələlərdir. Mən onlara yenə də söyləmək istəyirəm ki, ola bilsin sizin fərqli fikirləriniz olsun, ola bilsin yanaşmada müəyyən fərqlər mümkündür, amma biz bunu elan etmişik, bu artıq alınıb, bu məsələ irəliləyir və qarşımıza çıxmayın, bizə mane olmayın. Kömək edin, əgər kömək etmirsinizsə mane olmayın.

Bu, gələcəkdə ermənilərə qarşı, Ermənistan dövlətinin Azərbaycan xalqına, dövlətinə qarşı apardığı təxribatların, apardığı siyasətin qarşısını almaq üçün atılmış cəsarətli bir addımdır, mən belə hesab edirəm. Gələcəkdə ola bilsin ki, onun başında olan adamlar fərqli adamlar olsun. Heç kəsin nəzarətində deyil bu. Heç kəs də bunu manapoliyasına ala bilməz. Bu, hamımızın, bütün millətin, Azərbaycan xalqının işidir. Buna kim yardım edəcəksə ona minnətdar olacağıq. Kim qarşımıza çıxacaqsa ən sərt şəkildə ona cavabımızı verəcəyik.

Söhbətləşdi:

Tural İrfan

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü