Kibercinayətkarlığa qarşı mərkəz yaradılmalıdır - panika yayanlar ya hansısa xarici qüvvənin əlaltılarıdır

18/01/2019 - 09:59 1 363 0   0  

Hökumət ötənlərdə sosial şəbəkələrdə zəif görünürdü. Əvvəllər hansısa kritik məqamlarda sosial şəbəkələr üzərindən təxribatçı xəbərlər yaymaq istəyən qruplar ayaqlana, cəmiyyətdə müəyyən qədər çaşqınlıq yarada bilirdilər. Amma indi vəziyyət dəyişib. Son proseslərdə bəlkə də ilk dəfə idi ki, hökumət sosial şəbəkələrdə - facebookda, votsapda panik kampaniyanı aparanlar üzərində zəfər çaldı. Dövlət strukturları elə bir qüvvə və enerji ilə səfərbər oldular ki, panika yaratmaq məqsədli hər hansı dezinformasiya keçərli olmadı. Söhbət Bakıda gözlənilən güclü külək ajiotajından gedir.

Hətta anonim şəxslər tərəfindən votsap vasitəsilə göndərilən təşviş xarakterli məlumatlar da işləmədi. Misal üçün, insanları Bakıda baş verəcək zəlzələ, terror aktları və “donuz qripi” epidemiyası ilə qorxudurdular.
Öz sözlərinin sübutu kimi araqarışdıranlar KİV-də dövlət xidmətlərinin gücləndirilmiş iş rejiminə keçmələri barədə yayılan xəbərləri göstərirdilər. Amma bu məlumatların təpədən-dırnağa qədər blef olduğu göründü.
Ən əsası dövlət qurumlarının mətbuat xidmətləri operativ işlədilər, media ilə sıx əməkdaşlıq elədilər, sosial şəbəkələrdə aktivlik göstərdilər. Anbaan mətbuatı, sosial şəbəkələri səhih informasiya ilə təmin etdilər, sosial şəbəkələrdə yayılan şayiələrin yalan olduğunu dərhal açıqladılar, gecikmədilər.
Bu operativlik, sosial medianın gücü ilə ayaqlaşmaq nəticəsində hökumət strukturlarının sosial şəbəkələrdə peyda olan təxribatçılar üzərində qələbə qazandığını söyləmək olar.
Virtualaz.org-a Azərbaycan hökumətindəki mənbələrdən verilən məlumata əsasən, hüquq-mühafizə orqanları və təhlükəsizlik xidmətləri əhali arasında şayiə, təşviş yayanların müəyyənləşdirilməsi üzrə təhqiqata başlayıblar.
Həmin təxribata görə məsuliyyət daşıyanların hamısı cəzalandırılacaq. Amma hələlik məsuliyyətə cəlb edilən olduğu haqda rəsmi məlumat verilməyib.
Xatırladaq ki, 2016-cı ildə fırtına nəticəsində Xəzərdə neftçilər faciəvi şəkildə həlak olmuşdular. Bu dəfə hökumət fırtınaöncəsi bütün qabaqlayıcı, profilaktik tədbirlər gördü və heç bir xoşagəlməz hadisə baş vermədi.
Hava şəraitinin kəskin pisləşməsi ilə bağlı ciddi xəbərdarlıqların nəticəsidir ki, həm müvafiq strukturlar, həm də əhali önləyici tədbirlər gördü.
Bəs sosial şəbəkələrdə peyda olan təxribatçı qruplarla necə davranılmalıdır? Sabiq MTN I müavini, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a dünya üçün bu məsələnin problem olduğunu vurğuladı: “Hətta texnoloji baxımdan qabaqcıl ölkələrdə də belə problemlər yaşanır. Amma o ölkələrdə kiber təhlükəsizlik qüvvələrinin mərkəzləri yaradılıb. Bəzilərində buna ordu rəhbərləri, bəzilərində xüsusi xidmət orqanlarının rəhbərləri nəzarət edir”.
Ekspertin sözlərinə görə, dəfələrlə Azərbaycanda kibercinayətkarlığa qarşı mübarizə üçün mərkəz yaradılması təklifi irəli sürülüb:
“Biz bir neçə dəfə demişik ki, bu ayrıca müstəqil qurum da ola bilər, bir mərkəzdən idarə edilə də bilər. Bu hallarla bağlı profilaktik tədbirlər görülməlidir. Həmin mərkəzlər hücumların haradan gəldiyini müəyyənləşdirməlidir.
Bu istiqamətdə müttəfiq dövlətlərlə, əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla sıx əlaqə qurula bilər, təcrübəsindən istifadə oluna bilər". 
S.Əkbər bildirdi ki, sosial şəbəkələrdə şayiə yayıb təşviş yaradanlar iki qrupa bölünür: “Bir faktor bundan ibarətdir ki, məqsədyönlü həyata keçirilir, hansısa dövlətin xüsusi xidmət orqanlarının işidir. İkincisi isə psixoloji problemləri olanlardır. Əgər sistem qurulub müvafiq tədbirlər görülsə, belə hallar tam aradan qalxmasa da, kəskin şəkildə azalar”.