Kaliforniyada meşə yanğınında ölənlərin cəsədlərinin axtarışı başlayacaq

22/11/2018 - 20:11 3 103 0   0  

Kaliforniyanın şimal rayonlarında meşə yanğınları nəticəsində həlak olan insanların cəsədlərinin axtarışları gələn həftə başlayacaq və ehtimallara görə təxminən bir neçə ay davam edəcək.

TASS xəbər verir ki, bunu ştatın fövqəladə hallar idarəsinin nümayəndəsi Erik Lemaureks bildirib. Onun sözlərinə görə, yanğından sonra hələ soyumayan külün buxarı insan həyatına təhlükə törətdiyi üçün axtarışlara bundan tez başlamaq mümkün deyil.

Ştatın bəzi rayonlarında başlayan yağışlar yanğının dəhşətli nəticələrinin aradan qaldırılması ilə bağlı vəziyyəti daha da ağırlaşdırır. Sinoptiklər yaxın vaxtlarda yağışların daha da güclənəcəyini bildirirlər. Xilasedicilər və onlara yardım edən könüllülər deyirlər ki, yağış nəticəsində yaranan su axınları cəsədlərin qalıqlarını apara və ya külə elə qarışdıra bilər ki, onları tapmaq çox çətinləşər.

Son məlumata əsasən, Kaliforniyada tüğyan edən “Kemp” meşə yanğınları nəticəsində həlak olanların sayı 86 nəfərə çatıb, 563 nəfər isə itkin düşüb. Həmçinin təbii fəlakət 18 min tikilini, o cümlədən 13,5 min evi məhv edib.

Qeyd edək ki, noyabrın 8-də Kaliforniyanın şimalında başlayan “Kemp” ştatın tarixinə ən dağıdıcı yanğın kimi düşüb. Buna qədər Kaliforniya tarixində ən dağıdıcı təbiət yanğını ştatın şimalında, sahilə yaxın rayonlarda baş vermiş “Tubbs” sayılırdı.

2017-ci ilin oktyabr ayında 15 min hektar əraziyə yayılan bu yanğın 5,5 min tikilini məhv etmişdi.