Kadırov “Galendewagen”lə ana və qızını öldürən çeçendən tələb edir

29/03/2019 - 13:04 1 210 1   0  

Çeçenistan rəhbəri Ramzan Kadırov Moskvada “Galendewagen”lə “Niva”nı xurd-xəşil edib ana və qızının ölümünə, atanın ağır yaralanmasına səbəb olan çeçendən dərhal üzə çıxmağı və onun yanına gəlməyi tələb edib.

“Əgər sən doğrudan da çeçensənsə və kişisənsə, müsəlmansansa xalqını biabrı etməli deyilsən, törətdiyin əmələrə görə cavab verməlisən. Əgər sükan arxasında başqa adam olubsa və sən onu məsuliyyətdən yayındırmağa çalışırsansa bundan heç nə alınmayacaq!!! Bütün məsuliyyətimlə tələb edirəm ki, harada gizlənirsənsə dərhal üzə çıx, polisə təslim ol. Əks halda xalq səni bağışlamayacaq, sən cəmiyyətdə üzdəniraq birinə çevriləcəksən”-Kadırov həmin çeçenə müraciətlə yazıb.

Həmin qəza  həftənin əvvəlində Moskvanın Mojaysk şossesində baş verib. Çeçen nömrə nişanlı “Gelandewagen” yüksək sürətlə hərəkətdə olarkən “Niva” avtomobilini vurub. Avtomobilin içərisində ata, ana və onların azyaşlı qızı olub. Qəzada ana və qızı ölüb. Cipin əlbəyaxa döyüş üzrə Çeçenistandan olan dünya çempionu Raxman Dudayevə məxsus olduğu müəyyən edilib. Sükan arxasında isə onun dostu-quldurluğa görə məhkum edilmiş Müslim Cambekov olub. KİV-lər xəbər verir ki, Cambekov qəzadan sonra Moskvanı tərk edib, onun barəsində axtarış elan edilib.

Ramzan Kadırov həmin çeçenə müraciətlə yazıb ki, onu harada gizlənsə də tapacaqlar. “Səni xəbərdar etməyi lazım bilirəm ki, əgər hüquq-mühafizə orqanları axtarmasalar belə biz səni axtarıb tapacağıq. Gizlənə bilməyəcəksən. Martın 25-dən bu yana bir neçə gün keçib! Heç olmasa indi ayıl və dərhal polisə get, yaxud yerini de!”-Kadırov sosial şəbəkələrdə yazıb.