Jurnalistin atasını öldürən sürücünün qohumu məhkəmədə yalan danışdı

11/12/2018 - 15:20 481 0   0  

Bakı Apellyasiya Məhkəməsində jurnalist İmdad Əlizadənin atası, Qarabağ müharibəsi veteranı Əli Əliyevi avtomobillə vuraraq öldürən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib.

Trend-in məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən iclasda işin mülki iddia hissəsi araşdırılır.

Prosesdə əlavə şahidlər dindirilib.

Mülki iddiaçı İmdad Əlizadənin nümayəndəsi Abil Bayramov bildirib ki, təqsirləndirilən şəxsin vəkilinin verdiyi vəsatət əsasında çağırılan şahidlərin ifadələri bu işin mahiyyəti üçün heç bir əhəmiyyət kəsb etmədiyindən nümayəndə kimi sual vermək hüququndan imtina edir.

Daha sonra prosesdə şahid qismində ifadə verən Əli Şahmərdanov deyib ki, hadisəni törədən Seymur Qarayev onun qardaşının kürəkənidir: “Hadisə baş verəndə qardaşım mənə xəbər edib. Rəhmətlik Əli müəllimi “Semaşko”ya (1 saylı Kliniki Tibbi Mərkəz) apardılar. 7-8 gün orda qaldı. Həmin vaxt biz onun müalicə xərclərini çəkdik, köməklik etdik”.

Zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə şahidə suallar verib. Suallara cavab olaraq Əli Şahmərdanov bildirib ki, bir dəfə ona pul verib: “Bir dəfə qardaşımın yanında pul vermişəm”.

İmdad Əlizadə şahidin yalan danışdığını söyləyib. O vurğulayıb ki, Əli Şahmərdanov heç vaxt atasının müalicə olunduğu xəstəxanalara gəlməyib: “Bu adamı ilk dəfədir görürəm”.

Prosesdə daha sonra təqsirləndirilən Seymur Qarayevin qayınatası Səlim Şahmərdanov dindirilib.

O qeyd edib ki, hadisə olandan dərhal sonra xəstəxanaya gedib: “Seymuru ora qoymurdum getsin. Əli müəllim ziyalı adam idi. Allah ona rəhmət etsin. 9 gün “Semaşko”da qaldı. Həmin 9 gün mən orda olmuşam. Xəstəxanada nə xərc olubsa, ödəmişəm. Oğlu atasını özəl xəstəxanaya köçürmək istəyirdi. Özü atasına görə ora 4-5 həkim gətirmişdi. Hamısı xəstənin vəziyyətinə baxmışdı. Mən orda da dedim ki, bizim gücümüz nəyə çatırsa, onu edəcəyik”.

İmdad Əlizadə şahidə sual verərək ora gələn həkimlərin rəyini soruşub. Səlim Şahmərdanov isə bildirib ki, həkimlərin rəyini İmdaddan eşidib: “Həkimlər gələndə mən qırağa çəkilirdim. Sonra səndən soruşurdum. Bir dəfə səninlə birlikdə “alman soku” almağa getmişəm. Orda xəstəxanada yox idi”.

Zərərçəkmişin hüquqi varisi İmdad Əlizadə deyib ki, şahidin “alman soku” adlandırdığı dərman komada olan xəstələr üçün nəzərdə tutulub: “Xəstəxanada ondan yox idi. Özəl xəstəxanaya köçürüləndən sonra demək olar ki, atama hər gün o dərmandan verilirdi”.

İmdad Əlizadə həmçinin Səlim Şahmərdanov və onun qardaşı Əli Şahmərdanova çarpaz suallar verib. Suallara cavab olaraq Səlim Şahmərdanov bildirib ki, heç zaman İmdad Əlizadəyə pul verməyib: “Biz həkimlərə, dərmanlara pul vermişik. İmdada heç zaman əlbəəl pul verməmişəm”.

Bu zaman Əli Şahmərdanov bir qədər əvvəl verdiyi ifadəni dəyişib. O qeyd edib ki, komada olan Əli Əliyevin müalicəsinə kömək üçün pulu qardaşı Səlimə verib: “Rəhmətlik “Semaşko”da reanimasiya şöbəsində müalicə olunurdu. Onun yanına bizi buraxmırdılar. Pulu biz aşağıda yığırdıq, Səlim yuxarı aparırdı”.

İmdad Əlizadə isə əlavə olaraq deyib ki, atası Əli Əliyevin komada olduğu 504 gün ərzində müalicəyə 137 min manatdan artıq pul xərclənib: “Atamı avtomobillə vuraraq komaya salan Seymur Qarayev isə müalicəyə ümumilikdə 4 min manat pul verib. Mən bunu inkar etmirəm. Yerdə qalan 133 min manatdan artıq vəsaiti isə biz borc-xərc edib xəstəxanalara ödəmişik”.

Daha sonra prosesdə şahid qismində dindirilən Azər Qaraçənli bildirib ki, hadisə baş verən gündən sonunadək bu proseslərin içində olub: “Zərərçəkənin oğlu İmdadla birinci gündən xəstəxanada olmuşam. Seymurun qayınatası “Semaşko”da olan vaxt hər gün gəlirdi. Bizlə orda olurdu. Həmin müddət ərzində biz başqa həkimlərlə də danışıqlar aparırdıq. Məqsədimiz xəstəmizi ayağa qaldırmaq idi. Həkimlərin hamısı rəy verdilər ki, Əli müəllim reanimasiya şəraiti daha yaxşı olan xəstəxanaya köçürülsün. Həmin vaxtı Səlim müəllim də orda nə lazımdırsa, onu edək, – deyirdi. Ümumiyyətlə hamıya məlumdur ki, “Semaşko” ilkin tibbi yardım xəstəxanasıdır. Bizim xəstənin durumu isə ağır idi, lazım olan dərmanların əksəriyyəti orada tapılmırdı. Biz Əli müəllimi özəl xəstəxanaya köçürdük. Bunun sayəsində 1 il 4 ay yaşadı. “Semaşko”da qalsaydı, 1 ay yaşamazdı. Bütün çəkilən xərclər göz qabağındadır. Yenə vurğulamaq istəyirəm ki, həkimlərin hamısının rəyi ondan ibarət idi ki, Əli Əliyev reanimasiya şəraiti daha yaxşı olan xəstəxanaya köçürülməlidir”.

Məhkəmədə şahid qismində dindirilən Hüseyn Talıbov isə qeyd edib ki, mərhum Əli Əliyev bacısının həyat yoldaşı olub: “2016-cı il fevralın 14-də yaşadığım Tərtər rayonunda idim. Əli müəllimin avtomobillə vurulduğunu eşidən kimi Bakıya gəldim. Əli müəllimin “Semaşko”da müalicə aldığı doqquz gün ərzində hər gün xəstəxanada olmuşuq. Həmin vaxt Seymurun qayınatası da bizim yanımızda durmuşdu. Bir neçə dəfə danışığımız olub. Bizə orda dedi ki, nə lazımdırsa, edəcəyik. Orda həkimlər baxıb dedilər ki, burda yaxşı şərait yoxdur. Səlim də bunu eşidib. Orda dedi ki, necə istəyirsiniz, elə edək. Biz Əli müəllimi Mərkəzi Klinik Xəstəxanaya köçürdük. Üstündən xeyli vaxt keçdi, Səlim gəlib çıxmadı. Mən götürüb Seymura zəng elədim, onu çağırdım. Gəldi dedi ki, müalicəyə kömək edəcəyəm. Üstündən xeyli vaxt keçdi, amma bunlardan bir xəbər çıxmadı. Bizim isə vəziyyətimiz çətin idi, hər keçən gün də çətinləşirdi. Mərkəzi Klinika özəl xəstəxanadır və orada qiymətlər çox bahadır. Baxmayaraq ki, xəstəxana bizə bəzi güzəştlər etmişdi, amma gücümüz çatmırdı, hər gün xəstəxanaya borcumuz artırdı. Sonra Seymura bir neçə dəfə zəng elədim. İki dəfə 500-600 manat gətirib verdi. Ondan sonrakı zənglərimizdə bizə min bir bəhanə eləməyə başladı. Götürüb onun qayınatasının qardaşı Şükürə zəng elədim. O da telefonda mənimlə elə danışdı ki, dedim, bundan yaxşı insan yoxdur. Dedi ki, hadisəni biz törətmişiksə, nə lazımdırsa edəcəyik. Lakin ondan sonra səs çıxmadı. Biz min bir əziyyət çəkdik, çox çətinliyə düşdük. Amma bu adamlar məsələ isti-isti olanda özlərini yaxşı göstərib, sonradan aradan çıxdılar”.

Şahid deyib ki, mərhum Əli Əliyevin “Semaşko”dan özəl xəstəxanaya köçürülməsi məcburiyyətdən olub: “Biz köçürülməni həkimlərin rəyi əsasında etmişik. Seymur Qarayevin qayınatası və onun qardaşı da buna razılıq verib. Amma sonradan xəstənin müalicəsinə heç bir köməklik göstərmədilər”.

Məhkəmə prosesi dekabrın 20-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2016-cı ilin fevral ayının 14-də baş verib. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Qarayev Seymur Vidadi oğlu idarə etdiyi GAC markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobillə Bakının Ziya Bünyadov prospektində yolu keçmək istəyən Laçın rayonunun Oğuldərə kənd sakini, Qarabağ müharibəsi veteranı Əli Əliyevi və Neftçala rayon sakini Əliəsgər Talıbovu vurub.

Ağır kəllə-beyin travması almış Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya Hospital”ında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Ə.Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.

Mərhum Ə.Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67 881, “Avrasiya” Hospitalda 59 050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11 270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5 900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda, dəfn və yas mərasimlərinə 14 000 manat civarında pul sərf olunub. Bundan başqa, zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15 000 manat kompensasiya tələb edir (ümumilikdə, 166 min 531 manat).

Ə.Talıbov isə bir müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.

Cinayət işinə Nərimanov Rayon Məhkəməsinin hakimi Samir Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə S.Qarayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib.

Hökmə əsasən, zərərçəkmişin hüquqi varisi İ.Əlizadənin mülki iddiası qismən təmin edilib. Belə ki, məhkəmə onun 166 min 531 manatlıq mülki iddiasından yalnız 23 min manatını (20 min maddi ziyana, 3 min mənəvi ziyana) təmin edib.

Hökmdən narazı qalan İ.Əlizadə apellyasiya şikayəti verib. O, Nərimanov Rayon Məhkəməsinin çıxardığı hökmün dəyişdirilməsini, S.Qarayevin cəzasının ağırlaşdırılmasını istəyib. İ.Əlizadə həmçinin mülki iddiasının tam olaraq təmin edilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsin 4 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası 4 il 6 aya endirilib.

Zərərərçəkmişin hüquqi varisininin nümayəndəsi İ.Əlizadənin isə apellyasiya şikayəti qismən təmin edilib. Belə ki, məhkəmə 166 min manat maddi və mənəvi zərər hissəsindən 120 min 931 manat ziyanın ödənilməsi barədə qərar çıxarıb. Bu, Mərkəzi Klinika və “Avrasiya” hospitalda mərhum Əli Əliyevin müalicəsinə sərf olunan hissəyə şamil edilib. 120 min 931 manatın 3 min manatı isə mənəvi təzminat kimi zərərçəkmişin hüquqi varisinə ödənilməlidir.

İ.Əlizadə Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı olduğu üçün Ali Məhkəməyə kassasiya şikayəti verib. İşə Ali Məhkəmənin hakimi İmran Hacıqayıbovun sədrliyi ilə baxılıb. Qərara əsasən, təqsirləndirilən şəxsin cəzası qüvvədə saxlanılıb, mülki hissə isə ləğv edilib, yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.