İŞDƏN ÇIXARILAN BAŞ NAZİR MÜAVİNİ İNTİHAR ETDİ! – Naxçıvanda şok

12/12/2018 - 09:43 787 0   0  

Bu ilin  iyun ayının 21-də vəzifəsindən uzaqlaşdırıan Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov intihar edib. Bu şokedici məlumat “AzPolitika.info”ya Muxtar Respublikadakı mötəbər mənbələrdən daxil olub.

Məlumata görə, Asəf Məmmədov dekabrın 7 -də öz evində özünü asaraq həyatına son qoyub. Ancaq  baş nazirin sabiq birinci müavininin intiharı haqda xəbər mümkün qədər geniş ictimaiyyətdən gizlədilməyə çalışılıb. Odur ki, Asəf Məmmədovun nəyə görə intihar etdiyilə bağlı konkret fikir söyləmək çətindir.

Ancaq xatırladaq ki, vaxtilə Naxçıvan hakim elitasının ən güclü fiqurlarından biri kimi tanınan, Vasif Talıbovun inanılmış adamlarından hesab olunan Asəf Məmmədovun işdən qadın məsələsinə görə çıxarıldığına dair məlumatlar yayılmışdı.  Daha dəqiqi, yaşı 60-dan artıq olan baş nazirin sabiq birinci müavininin Bakıda tanış olduğu gənc bir xanımla münasibətlərinin qalmaqalla yekunlaşdığı, bundan xəbər tutan MR rəhbərinin onu  vəzifəsindən azad etdiyi bildirilirdi.

Bir çox yüksək vəzifəli məmur kimi Asəf Məmmədovun da “qara günləri” işdən  azad olunmasından sonra başlamışdı.  “AzPolitika.info” ya verilən məlumatda bildrilirdi ki, A.Məmmədovun vəzifəsindən azad olunmasından dərhal sonra onun fəaliyyəti təftiş olunmağa başlayıb və təbii ki, “xəyanət və cinayət” motivlərini aşkarlamaq o qədər də vaxt aparmayıb.  Vaxtilə əhali arasında “tikinti naziri” kimi tanınan A.Məmmədova qarşı fakt tapmaq isə elə də çətin olmamışdı.

naxc02

Hər halda qısa müddət sonra A.Məmmədovun barəsində bir sıra digər vəzifəlilərlə əlbir olaraq, tikinti və təhcizat məsələlərində “dəhşətli şişirtmələrə yol verdiyinə” və beləliklə də külli miqdarda dövlət vəsaitini mənimsədiyinə dair cinayət işinin  açıldığı xəbəri yayılmışdı. Məsələn, məlum olmuşdu ki, real qiyməti 20-30 manatdan baha olmayan 1 küknar ağacını A.Məmmədov dövlətin “belinə” 250 manata rəsmiləşdirib.

Hüquq-mühafizə orqanları tərəfindən bu səpkili faktların toplanmasından sonra Asəf Məmmədovla yanaşı Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Səfərov, Yaşıllaşdırma İdarəsinin, Nəbatət Bağının rəhbərləri və digərləri vəzifələrindən uzaqlaşdırılaraq həbs olunmuşdu . Onlar, təxminən 1 həftə istintaq altında saxlanıldıqdan sonra MR-i tərk etməmək şərtilə sərbəst buraxılmışdı. İstintaq davam edirdi.

A.Məmmədovun vaxtaşırı istintaqa çağrılaraq, ondan Muxtar Respublikada həyata keçirilən tikinti işləri zamanı yol verilmiş korrupsiya faktlarına görə “etirafların” alındığına dair idialar var. A.Məmmədovun intiharı bu iddiaların əsassız olmadığını düşünməyə əsas verir.

Hər halda Asəf Məmmədov kimi təcrübəli birinin məhz vəzifəsindən azad edildiyi üçün intihar etdiyini söyləmək qeyri-ciddi olardı.

Allah rəhmət eləsin!