İrəvan Azadlıq Təşkilatı BƏYANAT verdi: "14 İYUL BİRLİK GÜNÜ ELAN OLUNSUN"

23/07/2020 - 18:36 868 13   0  

Xəbər verdiyimiz kimi, AMİP, ALDP və BAP sədrləri 14 iyul tarixinin Birlik Günü elan olunması üçün Prezidentə və Azərbaycan Respublikası Milli Məclisinə müraciət edilməsi məqsədilə siyasi partiyalara, Qeyri Hökümət Təşkilatlarına, KİV nümayəndələrinə, o cümlədən də ziyalılara çağırış ediblər.

İrəvan Azadlıq Təşkilatı ALDP, BAP və AMİP-in birgə çağırışına qoşulmaq barədə qərar verdi. Qeyd edək ki, artıq siyasilərin bu çağırışına qoşulanlar var.

Məlum olduğu kimi iyulun 12-də Ermənistanın təxribatı nəticəsində Tovuz rayonu istiqamətində növbəti qanlı toqquşmalar baş verib. Bu çirkin və məkrli təxribatının qarşısı ordumuzun qüdrəti və şücaəti, qəhrəman oğullarımızın qanı bahasına qətiyyətlə alınıb.

Ermənistanın bu hərbi təxribatı qarşısında Azərbaycan xalqı öz birliyini, qəti iradəsini və düşmənə qarşı barışmaz mövqeyini bir daha göstərmiş, qəhrəman şəhidlərimiz böyük izdihamla dəfn olunmuş, ölkəmizin müxtəlif şəhər və rayonlarında Azərbaycan Silahlı Qüvvələrinə dəstək yürüşləri keçirilmişdir.

İyul ayının 14-də Bakı şəhərində keçirilmiş yürüş millətimizin öz dövlətinə, ordusuna, əsgərinə bir daha tam dəstəyini nümayiş etdirmişdir. Həmin gün müqəddəs məkanımız olan Şəhidlər Xiyabanının qarşısında hakimiyyəti və ya müxalifəti müdafiə etməsindən, bitərəf olmasından asılı olmayaraq hər kəsin, polisin də, sahibkarln da, dövlət qulluçusunun və ya işsizin də, sosial statusundan və ideoloji baxışlarından asılı olmayaraq hər kəsin ürəyi bir amal uğrunda döyünürdü. Bu amal ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizə idi. Həmin gün millət olaraq yenidən bütünləşə bildiyimiz gün oldu. 14 iyulda Vətən deyib Şəhidlik arzulayan millətimizin əsl birlik günü idi.

Həmin gün şəhidlərimiz ölümləri ilə ölümsüzləşməkdən savayı həm də millətimizi bir yumruq kimi birləşdirməyə müvəffəq oldular. Bu birliyin nəticəsidir ki, təkcə ölkəmizdə deyil, eləcə də ölkəmizin hüdudlarından kənarda, dünyanın dörd bir yanında insanımız öz ordusuna və əsgərinə ümumxalq dəstəyi nümayiş etdirir.

Deyilənləri nəzərə alaraq, biz aşağıda imza edən siyasi partiya və ictimaiyyət nümayəndələri Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan Respublikası Milli Məclisinə müraciət edərək 14 iyul tarixini Birlik günü elan etməyə çağırırıq.

İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev