İranı qətllərə görə cəzalandıracaqlar - “Siz başqa ölkələrin vətəndaşlarını qətlə yetirirsiniz…”

09/01/2019 - 18:14 1 525 0   0  

vropa İttifaqı ölkələri İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşırlar. “AzPolitika” xəbər verir ki, “Euronews” telekanalı Hollandiya, Belçika və Danimarka hökumətlərinin İran xüsusi xidmət orqanlarını bu ölkələrin ərazilərində siyasi qətllər törətməkdə ittiham etdiyinə dair xəbər yayıb. Telekanal bildirir ki, sözügedən ölkələr İran rejimini “öz rəqiblərini qətlə yetirdiyinə görə” cəzalandırmaq fikrindədir.

Hollandiya təhlükəsizlik xidmətinin sözçüsü Dik Sxuf deyib ki, onlarda İran xüsusi xidmət orqanlarının bu ölkə ərazisində iki rejim əleyhdarını qətlə yetirməsi barədə dəlillər var: “İran hökumətinin Niderland ərazisində 2015-ci və 2017-ci ildə törədilmiş 2 qətl hadisəsində iştirakını güman etmək üçün dəlillərimiz var. Öldürülənlər İran rejiminin opponentləri olublar. Sizin öz rəqiblərinizi öldürməniz qəbuledilməzdir. Daha da pisi odur ki, siz başqa ölkələrin vətəndaşlarını qətlə yetirirsiniz, həm də başqa ölkənin ərazisində. Biz İran rejiminə qarşı sərt mövqeyimizi davam etdirəcəyik.”

Sanksiya təhdidilə bağlı danışan İranın xarici işlər naziri Cavad Zərif isə ittihamları qəbul etmədiklərini bildirib. Əksinə, qeyd edib ki, bəzi Avropa ölkələri terrorçuları müdafiə etməklə məşğuldur. Nazir deyib ki, Danimarka, Hollandiya və Fransa kimi ölkələr İranda minlərlə insanın qətlinə səbəb olan terrorçu təşkilatların nümayəndələrinə sığınacaq verərək, onları qoruyur.