İRAN YENİ PREZİDENTİNİ SEÇİR – Pezeşkianın qalib olmaq ehtimalı yüksəkdir, amma...

05/07/2024 - 13:03 802 1   0  

Bu gün səhər saatlarından qonşu İran İslam Respublikasında prezident seçkilərinin ikinci turuna start verilib.

Seçicilər 28 iyunda keçirilmiş I turda 44 faiz səslə irəli çıxmış milliyətcə türk Məsud Pezeşkianla 39 faizlə ikinci yeri tutan Səid Cəlili arasında seçim etməli olacaqlar.

Qeyd edək ki, keçmiş səhiyyə naziri, şərti olaraq islahatçıların namizədi olan Pezeşkian əsasən türklərin, bəlucların və digər azsaylı xalqların böyük dəstəyini alıb, Ali Milli Təhlükəszilik Şurasının nümayəndəsi Cəlili isə mühafizəkar hakim dini rejim tərəfdarlarının təmsilçisi hesab olunur. I turda 19 faizlə üçünü və 8 faizlə dördüncü yerləri tutmuş mühafizəkar Məhəmməd Qalibaf və Mustafa Purməhəmməd də tərəfdarlarını Səid Cəliliyə səs verməyə çağırıblar.

Namizədlər iki həftə müddətində qızğın seçki kampaniyası aparıb, teledebatlarda üz-üzə gəlibllər. Marafonda milli mənsubiyyət məsələsi ön planda olub, xüsusi ilə Pezeşkianın uğurlu performansı onun milli məsələləri qaldırması, türk kimliyini qabartması ilə əlaqələndirilir.

Seçkiqabağı keçirilən rəy sorğularına görə, Pezeşkian seçicilərin 52 faizindən çoxunun səsini alaraq İranın növbəti prezidenti seçilə bilər. Amma mühafizəkarların da, hakim rejimin dəstəyi ilə sıx konsolidasiya olunub, nəticələrini xeyli yüksəldərək qalib gəlmək ehtimalı istisna edilmir.

I turun əsas nəticələrindən biri İslam inqilabından keçən 45 il ərzində seçkilərə ictimai marağın ən aşağı səviyyədə olmasıdır. Belə ki, seçki məntəqələrinə seçicilərin cəmi 39 faizi gəlib. İranın dini-siyasi rəhbərliyi bundan narahatlığını gizlətmir və II turda ölkədə seçici fəallığının artırılmasını təşviq edir.

Ekspertlərə görə, seçkilərə marağın azalması ötən il ölkədə baş vermiş iğtişaşların zorakılıqla yatırılması, nəticədə yüzlərlə insanın öldürülməsi və həbs edilməsi, illərdir davam edən sosial-iqtisadi böhranın hakim rejimə ictimai etimadı sarsıtması ilə bağlıdır.

İranın Ali dini lideri Ayətullah Xameneyi bəyan edib ki, seçkilərin nəticələrindən asılı olmayaraq İranın xarici siyasəti dəyişməyəcək.

Qeyd edək ki, İran dövlətin fundamental siyasi kursu Ali dini lider və onun Məsləhət Şurası tərəfindən müəyyən olunur. Prezident institutu daha çox icraedici funksiyalara malikdir./azpolitika