İnternetdə tanış olduğu qadının külli miqdarda pulunu mənimsəyən insana HÖKM OXUNDU

15/11/2018 - 20:11 3 235 0   0  

İnternetdə tanış olduğu qadından xəstə olduğunu deyərək 57 min dollardan çox pul alan şəxs hakim qarşısına çıxarılıb.

Suveren.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Ramil Muradovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən R.Muradov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə bu il yanvarın 30-da Binəqədi rayon Polis İdarəsinə müraciət edən şəxs, mənzilindən 57 min 700 dolların oğurlanması barədə məlumat verib. Məlum olub ki, pul elə həmin şəxsin arvadı tərəfindən götürülüb.

Əməliyyatçılar qadını saxlayıblar. İlkin ifadəsində o, hadisədən xəbərsiz olduğunu deyib. Daha sonra etraf edib ki, pulu hissə-hissə Ramil adlı bir nəfərə kömək etmək məqsədi ilə verib.

Daha sonra 30 yaşlı paytaxt sakini Ramil Muradov saxlanılıb. O, ifadəsində bildirib ki, həmin qadınla onlayın alış-veriş saytlarından birində əşya alarkən tanış olub. Ramil Muradov dələduzluq etmək niyyəti ilə qadına özünü ''hepatit'' xəstəsi kimi təqdim edib və ondan maddi kömək istəyib. Ramil Muradov bu yolla 2017-ci ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər 57 min 700 dollar pul alıb. Onun sözlərinə görə, qadından pulu iki dəfə özü alıb. Bir dəfə qadın pulu eyvandan atıb, digər vaxtlarda isə yaxınlıqdakı aptekə qoyurmuş.